BMT Zika virusu ilə mübarizə üçün yeni fond yaradıb
BMT-nin Baş katibi Pan Gi Mun Zika virusunun yayılmasının qarşısını almaq məqsədilə yeni fondun yaradıldığını bəyan edib. Bu fond Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə həmin virus əleyhinə sürətli və çevik cavab tədbirləri hazırlayacaq. Fondun vəsaitlərinin bölüşdürülməsi xüsusi məşvərət şurasına tapşırılıb.
ÜST-nin məlumatına görə, Zika virusu 61 ölkədə aşkarlanıb, əsasən Latın Amerikası və Karib hövzəsi ölkələrində sürətlə yayılır. Xəstəlik cinsi yolla, yaxud ağcaqanad vasitəsilə keçir və dölü məhv etməyə qadirdir.
Bu yaxınlaradək Zika insan üçün təhlükəli hesab edilmirdi. Lakin ötən ilin noyabrında Braziliya Səhiyyə Nazirliyi təsdiq etdi ki, hamilə qadınların virusa yoluxması onların uşaqlarında mikrosefaliya deyilən xəstəlik doğura bilər. Mikrosefaliya uşağın başının normadan kiçik olması və beynin də eyni formada inkişaf etməsinə səbəb olan xəstəlikdir və ölümlə nəticələnir.
Bu ilin fevralında isə ÜST Zika virusunun dünya üçün təhlükəli olduğunu elan edib.