Antonio Quterreş: "COVID-19 son epidemiya deyil"

COVID-19 heç də bəşəriyyətin üzləşməli olacağı son epidemiya və ya pandemiya deyil. Dünya birliyi olaraq biz COVID-19-un ağır təsirindən nəticə çıxarmalı, pandemiyaların aradan qaldırılmasına və onlara qarşı mübarizəyə hazırlığı təmin etmək üçün tədbirlərə böyük həcmdə investisiya etməliyik.
Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Epidemiyalara Hazırlıq Günü münasibətilə müraciətində deyib.
Antonio Quterreş COVID-19-un faciəli nəticələrə səbəb olduğunu vurğulayıb. O, hazırkı pandemiyadan dərs götürməyə və gələcəkdə bu cür fövqəladə hallara hazır olmaq üçün tədbirlər görməyə çağırıb. Baş katib xatırladıb ki, virus bir neçə milyon insanın həyatına son qoyub, xəstəliyə yoluxanların sayı isə yüz milyonlarladır. Bəzi ölkələrin iqtisadiyyatı məhv olub, səhiyyə sistemləri bütün imkanlarını səfərbər edib, maliyyə itkiləri isə trilyonlarla ABŞ dolları təşkil edir.
BMT Baş katibi qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün planlaşdırılmış templərlə müqayisədə geriləmə müşahidə olunur. İnkişaf etməkdə olan ölkələr isə tamamilə taleyin ümidinə buraxılıblar, çünki pandemiya zamanı onlara vaksinlərin, diaqnostika və müalicə vasitələrinin verilməsindən imtina edilirdi.
Antonio Quterreşin sözlərinə görə, bu gün epidemioloji nəzarətin yüksək epidemik potensialı olan virusları aşkar etməyə və onların yayılmasını izləməyə imkan verən, əvvəlkindən daha effektiv olan mexanizmləri tələb olunur. BMT başçısı qeyd edib ki, yaxşı təlim keçmiş, yaxşı təchiz olunmuş və yaxşı maaş alan tibb işçiləri sayəsində səhiyyə sistemləri daha möhkəm və sarsıntılara daha hazırlıqlı olmalıdır.
“Biz bütün ölkələr üçün vaksinlərə, müalicə və diaqnostika vasitələrinə, həyati vacib texnologiyalara bərabər çıxışı təmin etməliyik”, – deyə Baş katib vurğulayıb. O, elmi bilikləri və faktlara əsaslanan informasiyanı dezinformasiya və yalançı “elm” ilə mübarizə aparmağa çağırıb.
Pandemiya ilə mübarizənin ayrı-ayrı ölkələr səviyyəsində aparıla bilməyəcəyini qeyd edən BMT rəhbəri bu mübarizədə beynəlxalq ictimaiyyətin birlik nümayiş etdirməli olduğunu söyləyib. “Mən bütün ölkələri səylərimizi dəstəkləməyə çağırıram ki, dünya birliyi səhiyyə sahəsində gələcək çağırışlarla qarşılaşmağa tam hazır olsun”, – deyə Antonio Quterreş bildirib.