ÜST: COVID-19 hər həftə on min insanın həyatına son qoyur

ÜST: COVID-19 hər həftə on min insanın həyatına son qoyur
COVID-19 ilə mübarizədə aşkar irəliləyişə baxmayaraq, təhlükənin tam aradan qaldırılması hələ mümkün olmayıb. Koronavirus infeksiyasının profilaktika, diaqnostika və müalicə tədbirlərinə çıxışda qeyri-bərabərlik hələ də qalmaqdadır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hər həftə dünyada on min nəfər COVID-19 səbəbindən vəfat edir. “Bu yalnız bizə məlum olan rəqəmlərdir. Real rəqəmlər, çox güman ki, qat-qat artıqdır”, – deyə Tedros Gebreyesus qeyd edib. O deyib ki, son vaxtlar, xüsusilə mövsümi qripin dövr etdiyi şimal bölgələrində hospitalizasiya göstəriciləri də artıb.
“ÜST həmişəki kimi bütün dünya üzrə müalicəyə əlçatanlığı asanlaşdırmağa çalışır”, – deyə təşkilatın başçısı bildirib.
ÜST ekspertləri SARS-CoV-2-nin genom sekvensiyası barədə Çin tərəfindən təqdim olunan məlumatı tədqiqləyiblər və narahatçılığa səbəb ola biləcək yeni variantları aşkar etməyiblər. 30 ekspertdən ibarət olan Texniki məşvərət qrupunun görüşündə xəstəliyə yoluxma hallarının artdığı Çində COVID-19 ilə bağlı vəziyyət müzakirə edilib. Sekvensiya məlumatlarına əsasən, COVID-19-a yoluxma hallarının 97,5 faizinə səbəb “omikron”un BA.5.2 və BF.7 variantları olub. ÜST koronavirusun mümkün təhlükəli mutasiyalarını qaçırmamaq üçün Çində epidemioloji vəziyyəti bundan sonra da izləmək niyyətindədir və bu ölkənin rəsmilərini müvafiq tədqiqatlar aparmağa və məlumatı vaxtlı-vaxtında paylaşmağa çağırır.
Tedros Gebreyesus bildirib: “Biz bir daha Çindən hospitalizasiya və ölüm halları barədə operativ və yoxlanılmış məlumatın mütəmadi olaraq təqdim edilməsini, eləcə də genom sekvensiyasının real zaman rejimində və daha tam formada aparılmasını xahiş edirik. ÜST Çin əhalisinə təhdidlərdən çox narahatdır və xatırladır ki, “buster” dozası da daxil olmaqla, vaksinasiya çox vacibdir. Vaksinasiya hospitalizasiyadan, xəstəliyin ağır keçməsindən və ölümdən müdafiə edir”. ÜST başçısının sözlərinə görə, bu xüsusilə yaşlı pasiyentlərə və xroniki xəstəliklərdən əziyyət çəkən insanlara aiddir.
Yeni variantlara gəldikdə, hazırda ekspertlər “omikron”un bir neçə altnövünü izləyirlər. ÜST-nin mütəxəssisi Mariya Van Kerkhovenin sözlərinə görə, əsas meyar bu və ya digər ştamın nə dərəcədə yoluxucu olması, eləcə də keçirilmiş xəstəlik və ya peyvəndlə təmin edilmiş immun müdafiəni nə dərəcədə keçməyə qadir olmasıdır. “Virus nə qədər çox yayılsa, mutasiya təhlükəsi daha çoxdur”, – deyə o qeyd edib.
Hazırda ÜST xəstəliyə yoluxma hallarının artacağını gözləyir, lakin ölüm hallarının artması proqnozlaşdırılmır, çünki mövcud vasitələr hələ də xəstəliyin ağır gedişindən və ölümdən qoruyur.
Bundan başqa, Mariya Van Kerkhovenin sözlərinə görə, bir çox ölkədə digər respirator viruslar da dövr edir, insan sıxlığını nəzərdə tutan bayram tədbirləri ilə əlaqədar isə xəstəliyə yoluxma hallarının göstəriciləri, çox güman ki, artacaq.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova