ÜST beyin sağlamlığının optimallaşdırılması sahəsində tədqiqatları genişləndirməyə çağırır
Yer kürəsində insanların orta hesabla üçdə birinin həyatında müəyyən məqamda bu və ya digər nevroloji pozuntu baş verir. Belə pozuntular dünyada əlilliyin əsas səbəbi və ölüm hallarının yayılma dərəcəsinə görə ikinci əsas səbəbdir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beyin sağlamlığına həsr olunmuş yeni məruzəsində məlumat verilir. Məruzədə insanın həyatı boyu onun beyninin sağlamlığının optimallaşdırılması məsələsindən bəhs edilir.
ÜST-nin nümayəndəsi Ren Minqxi deyib: “Şübhəsiz, beyin insan bədəninin ən mürəkkəb orqanıdır. O bizə ətraf aləmi hiss etmək, fikirləşmək, onunla qarşılıqlı fəaliyyətdə olmaq imkanı verir. Beyin həm də orqanizmin həyati əhəmiyyətli funksiyalarını, o cümlədən ürək-damar, tənəffüs, endokrin və immun sistemlərinin işini tənzimləməyə kömək edir”.
ÜST-nin məlumatına görə, gəlir səviyyəsi aşağı və orta olan ölkələrdə ifrat yoxsulluq və böyümənin ləngiməsi səbəbindən 5 yaşa qədər uşaqların 43 faizinin, yəni 250 milyona yaxın oğlan və qızın inkişaf potensialını reallaşdırmaq mümkün olmur, bu isə yaşlı həyat dövründə illik qazancın 26 faiz azalmasını proqnozlaşdırmağa əsas verir.
ÜST-nin məruzəsində deyilir ki, beyinin sağlamlığına təsir göstərən amilləri beş əsas qrupda qruplaşdırmaq olar. Bunlar fiziki sağlamlıq, sağlam ətraf mühit, təhlükəsizlik və müdafiə olunma, təhsil və sosial əlaqələr, keyfiyyətli xidmətlərin əlçatan olmasıdır.
ÜST bildirib ki, bu amillərin ahəngdar şəkildə əlaqələndirilməsi bir sıra nevroloji və psixi xəstəliklərin yayılma dərəcəsini azaltmağa, həyatın ümumi keyfiyyətini yaxşılaşdırmağa imkan verir.