Tedros Gebreyesus: "Ölkələrin meymunçiçəyi xəstəliyinin yayılmasını indi dayandıra bilməsi çox vacibdir"
“Son məlumatlara görə, dünyanın 92 ölkəsində meymunçiçəyi xəstəliyinə 35 min yoluxma halı aşkar edilib, 12 nəfər bu xəstəlikdən ölüb. Ötən həftə ərzində 7500 yeni xəstə qeydə alınıb ki, bu da əvvəlki həftədən 20 faiz çoxdur. Demək olar ki, bütün yoluxma halları Avropa və Amerika qitəsi ölkələrinə təsadüf edir”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, indi ölkələrin xəstəliyin yayılmasına hazır olması və infeksiyanın ötürülməsini dayandıra bilməsi çox vacibdir. Bunun üçün yoluxma hallarının müşahidə edilməsi, xəstələrlə təmasda olan şəxslərin müəyyənləşdirilməsi, eləcə də əhalinin maarifləndirilməsi sahəsində öz effektivliyini artıq sübut etmiş tədbirlərdən istifadə etmək lazımdır.
Peyvəndlər də mühüm rol oynaya bilər, lakin hazırda onlar kifayət qədər deyil. ÜST vaksin istehsalçıları ilə, eləcə də ehtiyatlarını bölüşmək istəyən ölkələr və təşkilatlarla danışıqlar aparır.
“Biz narahatlıq keçiririk ki, COVID-19 pandemiyası zamanı müşahidə etdiyimiz peyvənd paylanmasındakı qeyri-bərabərlik təkrarlana bilər, ən yoxsul əhali təbəqələri isə yenidən bu prosesdən kənarda qala bilər”, - deyə doktor Tedros Gebreyesus vurğulayıb. O həmçinin xəstəliyin və onun patogeninin adının dəyişdirilməsi istiqamətində aparılan işlərin davam etdiyini xatırladıb.
ÜST xəbərdarlıq edir ki, meymunçiçəyi xəstəliyinin təsirinə məruz qalan insanların milliyyətindən, dərisinin rəngindən və ya dinindən asılı olmayaraq, ölkələr bu infeksiyanın sürətlə yayılmasının qarşısını almaq üçün əməkdaşlığı genişləndirməlidirlər. Seneqalın paytaxtı Dakarda çıxış edən ÜST Baş direktorunun fövqəladə hallar üzrə köməkçisi İbrahim Sose Foll qeyd edib ki, bu qurum bir neçə il Afrikada meymunçiçəyi problemi üzərində işləyib, lakin bu heç kimi maraqlandırmayıb. O əlavə edib ki, ÜST bu işi son dərəcə çətin maliyyələşdirmə şəraitində həyata keçirməli olub, çünki bu infeksiya “unudulmuş tropik xəstəliklərə” aid edilib və onunla mübarizəyə heç bir vəsait ayrılmayıb.
Lakin bu xəstəlik “qlobal Şimal” ölkələrində peyda olan kimi dünya reaksiya verib. “Eyni hal Zika virusu ilə də baş verdi. Biz bu cür ayrı-seçkiliyə son qoymalıyıq”, - deyə doktor Foll qeyd edib.
Xatırladaq ki, iyulun 23-də Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi virusunun yayılmasını ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət kimi səciyyələndirib. Qeyd edək ki, bu, səhiyyə sistemində ən yüksək təhlükə səviyyəsidir.
“Meymunçiçəyi xəstəliyi sahəsində tədqiqat proqramını sürətləndirmək çox vacibdir və biz artıq bunu edirik ki, ən çox zərər çəkmiş Afrika ölkələri bu xəstəliyin profilaktikası və onunla mübarizə aparmaq üçün resurslara malik olsunlar”, - deyə doktor Foll bildirib.
Hazırda ÜST meymunçiçəyi xəstəliyinə qarşı peyvəndlərin səmərəliliyini tədqiq edir. Bu barədə ÜST-nin İmmunizasiya departamentinin direktoru Keyt O’Brayen mətbuat konfransında bildirib. “Mən vurğulamaq istərdim ki, biz meymunçiçəyi xəstəliyinə qarşı vaksinlər barədə əhəmiyyətli həcmdə məlumata sahib deyilik. Buna görə, bu gün bir çox ölkədə immunizasiya kampaniyalarının başlandığı zaman peyvəndlərin səmərəliliyini, xüsusilə də xəstəliyin indiki yayılması kontekstində öyrənmək çox vacibdir” - deyə o qeyd edib.
Beləliklə, ÜST koordinasiyanı, ölkələrin əməkdaşlığını və qlobal həmrəyliyi gücləndirməyə çalışır.
Qeyd edək ki, bu ilə qədər meymunçiçəyi xəstəliyinə səbəb olan virus endemik olduğu Afrikadan kənarda nadir hallarda yayılırdı. Lakin mayın əvvəlində Böyük Britaniyada xəstəliklə əlaqədar bir neçə hal haqqında yayılan xəbərlər xəstəliyin Avropaya ayaq açması barədə bir siqnal oldu.
Azərbaycanın tibb qurumlarının məlumatına görə, ölkədə meymunçiçəyi xəstəliyinə yoluxma halları qeydə alınmayıb. Səhiyyə Nazirliyinin müraciəti əsasında ÜST Azərbaycana 3000 diaqnostik test gətirərək, onları Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təqdim edib.