Yeni vasitə İİV-dən səmərəli müdafiəni təmin edir
Cənubi Afrika Respublikasında və Braziliyada insanın immunçatışmazlığı virusu (İİV) infeksiyasından uzunmüddətli müdafiəni təmin edən inyeksiya tipli yeni preparat tətbiq edilməyə başlanıb.
BMT-nin saytı xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) himayəsi altında fəaliyyət göstərən UNITAID agentliyinin açıqlamasına görə, bu yeni preparat hər gün dərman qəbul etməyin alternativi ola bilər.
"ViiV Healthcare" əczaçılıq şirkətinin yeni məhsulunun ABŞ-da tətbiq edilməsinə icazə verilib. Aktiv inqrediyenti kaboteqravir olan bu inyeksiya İİV-dən iki ay ərzində etibarlı müdafiəni təmin edir. ÜST-də ümid edirlər ki, bu preparatın tətbiqi bütün dünyada İİV profilaktikasının effektivliyini əhəmiyyətli dərəcədə artıracaq.
Antiretrovirus preparatları insanın həyati əhəmiyyətli orqanlarına düşən yükü səmərəli şəkildə azaltmaqla virusun orqanizmdə inkişafı prosesini dayandırır. Mövcud peroral dərmanlar İİV infeksiyasının qarşısını 99 faiz almağa imkan verir, lakin onlar inyeksiya ilə müqayisədə qat-qat ləng təsir edir.
İİV/QİÇS-dən əziyyət çəkən və bu səbəbdən hər gün İİV-ə qarşı həblər qəbul edən insanlar bəzi hallarda cəmiyyətdə ayrı-seçkiliyə və ya intim partnyoru tərəfindən zorakılığa məruz qalmaqdan qorxurlar. UNITAID-in mətbuat katibi Erve Verhuzel Cenevrədə jurnalistlərə müsahibəsində deyib: “Uzunmüddətli təsirə malik olan inyeksiya İİV-ə qarşı profilaktikanı bir çox insanlar üçün münasib və təhlükəsiz varianta çevirə bilər”.