BMT-nin Baş katibi: Pandemiyanın öhdəsindən gələ bilməmək dünyamız üçün mənəvi ittihamdır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-un qlobal yayılmasını pandemiya kimi xarakterizə etməsindən iki il keçir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin bu münasibətlə verdiyi bəyanatında deyilir ki, pandemiyanın iki ili artıq geridə qalsa da, onun başa çatmasını hesab etmək böyük səhv olardı.
Bəyanatda Antonio Guterres vaksinlərin paylanmasının "qalmaqallı dərəcədə qeyri-bərabər" olaraq qaldığını təkrarlayıb. O deyib: “Dünyada ayda 1,5 milyard doza vaksin istehsal edilir, lakin təxminən üç milyard insana hələ də birinci peyvənd vurulmayıb. Bu müvəffəqiyyətsizlik varlı ölkələrdə olan insanların sağlamlığını yoxsul ölkələrdə olan insanların sağlamlığından üstün tutan siyasətin birbaşa nəticəsidir. Bu, dünyamıza mənəvi ittihamdır”.
Baş katibin təqdim etdiyi BMT-nin məlumatına görə, dünyada insanların psixi sağlamlığının pisləşməsi ilə əlaqədar saysız-hesabsız problemlər qeydə alınıb.
A.Quterreş əlavə edib ki, çoxsaylı digər qlobal böhranlara baxmayaraq, dünya bu ilin ortalarına qədər bütün ölkələrdə insanların 70 faizini peyvənd etmək məqsədinə çatmalıdır.
“Elm və həmrəyliyin vəhdəti özünün məğlubedilməz birləşmə olduğunu sübut etdi. Biz bəşəriyyətin tarixində bu kədərli fəsli birdəfəlik bağlayaraq, pandemiyaya son qoymalıyıq”, – deyə Antonio Quterreş bəyanatında bildirib.
ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus isə jurnalistlərə açıqlamasında deyib ki, qlobal miqyasda xəstəlik hallarının və ölümlərin azalmasına və bir sıra ölkələrin məhdudiyyətləri aradan qaldırmasına baxmayaraq, pandemiya bitməkdən çox uzaqdır: “Pandemiya hər yerdə bitməyincə heç bir yerdə bitməyəcək".
Bildirlib ki, 2020-ci ilin mart ayından bəri təxminən 500 milyon insan koronavirusa yoluxub, 6 milyondan çox insan COVID səbəbindən ölüb. Yeni virus variantları hələ də təhlükə olaraq qalır.