ÜST rəhbəri növbəti beş il üçün dünya səhiyyəsinin prioritetlərini açıqlayıb
Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraiyyə Komitəsinin 150-ci sessiyası keçirilib.
AZƏRTAC-ın verdiyi xəbərə görə, ÜST-nin baş direktoru Tedros Gebreyesus sessiyanın açılışında qarşıdakı dövrdə dünyada səhiyyə sahəsindəki prioritetlərdən bəhs edib.
Qeyd edilib ki, ilk olaraq sağlamlığın və ümumi rifahın dəstəklənməsi, eləcə də xəstəliklərin əsas səbəblərinin aradan qaldırılması ilə qarşısının alınması istiqamətində təcili paradiqma dəyişikliyi etmək üçün üzv ölkələr dəstəklənməlidir: “Pandemiya göstərdi ki, sağlamlığın qorunması və dəstəklənməsinə ən yüksək prioritet kimi baxmalıyıq”.
İkinci prioritet istiqamət kimi ümumi sağlamlıq təminatının əsaslı şəkildə yenidən qurulması qeyd edilib. Bildirilib ki, ümumi səhiyyə təminatının gücləndirilməsi əsas səhiyyə xidmətlərinə çıxışı təmin edə və sonrakı böyük xərclərin qarşısını ala bilər.
Digər prioritet kimi isə epidemiya və pandemiyalara qarşı qlobal miqyasda əlaqələndirilmiş səyləri təşviq etmək, hökumət və maliyyə mənbələrinin bu səyləri dəstəkləməsinə şərait yaratmaq, ÜST tərəfindən bu kimi səyləri bütün dünyada şəbəkə halına gətirmək və koordinasiyasını həyata keçirmək qeyd edilib.
Baş direktor digər prioritetlər sırasında elm, tədqiqat və innovasiyaların, eləcə də rəqəmsal texnologiyaların gücündən sağlamlığın möhkəmləndirilməsi, xəstəliklərin qarşısının alınması, onların erkən aşkarlanması və düzgün diaqnozu üçün istifadəsinin inkişaf etdirilməsini vurğulayıb.
Yekun olaraq qeyd edilib ki, qlobal sağlamlıq arxitekturasının mərkəzində ÜST-nin fəaliyyəti qlobal sağlamlıq üzrə aparıcı və istiqamətləndirici orqan kimi gücləndirilməli və dəstək göstərilməlidir.
Qeyd edək ki, ÜST İcraiyyə Komitəsi üç il müddətinə seçilən 34 ixtisaslaşmış üzvdən ibarətdir. Komitənin sessiyasında Ümumdünya Səhiyyə Assambleyasının gündəliyi müəyyən edilir və müzakirəyə çıxarılacaq qətnamə layihələri hazırlanır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə