BMT-nin Baş katibi koronavirusa qarşı qlobal vaksinasiya planını hazırlamağa çağırıb

Dünya ictimaiyyətinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və dərman şirkətləri tərəfindən həyata keçiriləcək koronavirusa qarşı qlobal vaksinasiya planına ehtiyacı var. Bunu BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyanın iclasında böhranlara cavab tədbirləri üzrə tövsiyələri ehtiva edən “Ümumi Gündəlik” məruzəsini təqdim edərkən bildirib: "Vaksinasiya prosesinə 50 milyard dollar həcmində sərmayələrin qoyuluşu önümüzdəki dörd il ərzində dünya iqtisadiyyatına təxminən 9 trilyon dollar gətirə bilər. Hazırkı və potensial peyvənd istehsalçıları, Ümumdünya Səhiyyə Təşkilatı, ACT-Accelerator (COVID-19-un diaqnostikası, müalicəsi və vaksinlərə bərabər şəkildə əlçatanlılıq, vaksinlərin hazırlanması və istehsalı üzrə əməkdaşlıq proqramı) üzrə tərəfdaşlar və beynəlxalq maliyyə institutları ilə təmsil olunan fövqəladə işçi qrupu tərəfindən həyata keçirilən təcili qlobal vaksinasiya planına ehtiyacımız var".
Antonio Quterreş 2022-ci ilin ilk yarısında peyvənd istehsalını ən azı iki dəfə artırmaq və dünya əhalisinin 70 faizini dərmanla təmin etmək üçün əczaçılıq şirkətləri ilə çalışmağın vacib olduğunu bildirib.
BMT-nin Baş katibi həmçinin pandemiyaya qarşı cavab tədbirlərinin əlaqələndirilməsi üçün ÜST-yə səlahiyyət verməyə və kifayət qədər maliyyələşdirməyə çağırıb. "Aşağı və orta gəlirli ölkələrin səhiyyə texnologiyalarını inkişaf etdirməyə imkanı və onlara çıxışı olmalıdır", - deyə o əlavə edib.
Xəbəri paylaş