ÜST rəhbəri buster doza vaksinasiyaya moratorium qoymağa çağırır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə koronavirus əleyhinə peyvəndin buster (üçüncü, gücləndirici) dozasına qoyulan moratoriumun ilin sonuna qədər uzadılmasının zəruri olduğunu bildirib. O, növbəti dəfə zəngin ölkələri peyvəndləri bölüşməyə və “başqa” vaksinlərlə peyvənd olunan insanlara qarşı ayrı-seçkilik təcrübəsini tətbiq etməməyə çağırıb.
"Bir ay əvvəl mən bütün dünyada ilk dozanı belə almamış ən həssas insanların ilk növbədə peyvənd olunması üçün ən azından sentyabrın sonuna qədər buster dozasına qlobal moratorium qoymağa çağırdım. O vaxtdan bəri dünyada çox az şey dəyişib, ona görə də bu gün moratoriumu ən azı ilin sonuna qədər uzatmağa çağırıram ki, hər bir ölkə öz əhalisinin ən azı 40 faizini peyvənd edə bilsin", - deyə ÜST rəhbəri bildirib.
O əlavə edib ki, peyvəndlərin üçüncü dozası yalnız immuniteti zəif olan insanların çox kiçik bir qrupu üçün lazım ola bilər. Lakin hələlik ÜST əhalinin bütün təbəqələri və xüsusilə də artıq tam peyvənd olunmuş sağlam insanlar üçün onların istifadəsinin əleyhinə çıxır.
Bu günə qədər dünyada 5,5 milyard dozada peyvənd vurulub və bunların təxminən 80 faizi yüksək və orta gəlirli ölkələrin payına düşür. ÜST rəhbəri BMT-nin qlobal məqsədlərini xatırladıb: bu ilin sentyabrına qədər hər bir ölkə əhalisinin ən azı 10 faizini, ilin sonuna qədər 40 faizini və gələn ilin ortalarına qədər 70 faizini peyvənd etmək lazımdır. Onun sözlərinə görə, yüksək gəlirli ölkələrin təxminən 90 faizi 10 faizlik hədəfə, 70 faizdən çoxu isə 40 faizlik hədəfə çatıb.
"Aşağı gəlirli ölkələrdən heç biri hədəflərdən heç birinə çatmayıb. Bu, onların günahı deyil", - deyə doktor Tedros Gebreyesus bildirib. O, zəngin dövlətlərin 1 milyarddan çox dozanı bağışlamaq vəd etdiyini, lakin indiyə qədər vəd edilənin 15 faizindən azını göndərdiyini xatırladıb.
ÜST rəhbəri vaksinlərin ədalətli paylanmasına çağırışını təkrarlayıb. O, insanların COVID-19 səbəbindən ölməyə davam etdiyini xatırladıb. Ötən ilin oktyabr ayından bu yana virus hər həftə 50 min insanın həyatına son qoyub. Son bir ay ərzində isə artıq 70 min insan həyatını itirib.
Tedros Gebreyesus Cenevrədə keçirdiyi brifinqdəki çıxışında ÜST tərəfindən fövqəladə hallarda istifadə edilmək üçün siyahıya daxil edilən, lakin bəzi ölkələrin milli tənzimləmə orqanları tərəfindən təsdiqlənməmiş vaksinlə tam peyvənd edilmiş insanların gəlişinə rədd cavabı verən bir sıra ölkələrin siyasətini qınayıb.