Qulaqsız uşağa qulaq düzəldildi
İngiltərədə həkimlər anadangəlmə sağ qulağı olmayan 9 yaşlı uşaq üçün qulaq hazırlayıblar. Bu bədən üzvünün hazırlanmasında onun öz qabırğasından götürülmüş qığırdaqdan istifadə edilib.
İngiltərənin Şeffild şəhərində yaşayan Etan Cil-Bauman adlı oğlan Qoldenhar sindromu ilə doğulub. Müxtəlif anomaliyalarla səciyyələnən bu sindrom onda qulaq seyvanının və eşitmə kanalının olmaması ilə təzahür edib. Belə ki, Etanın sağ qulağının yerində sadəcə bir ət parçası olub. Anomaliya səbəbindən sağ qulağı ilə eşitməyən oğlan bundan çox da əziyyət çəkmirdi, çünki sağlam sol qulaq ona bəs edirdi. Etana əzab verən isə onun zahiri görünüşündəki deffekti idi. Onu ört-basdır etmək üçün daim uzun saç saxlasa da, bu onu tay-tuşlarının istehzalı atmacalarından xilas etmirdi.
Uşağı bu əzabdan xilas etmək üçün Londonda yerləşən Royal Free Hospital klinikasının cərrahı Qreq O'Tul öncə əməliyyatla qulaq yerindəki dərini kəsərək onu elastikləşdirib. Bununla da dəridən kisə düzəldilib. Sonra Etanın öz qabırğasından kəsilib götürülmüş qığırdaq parçasına xüsusi alətlə forma verilib və o, dəri kisənin içərisinə yerləşdirilib.
Əməliyyat Ethanın eşitmə qabiliyyətini bərpa etməsə də, o özünü xoşbəxt hiss edir, çünki artıq estetik cəhətdən normal görünüşə malikdir. Anası Ketrinin sözlərinə görə, oğlan saçlarını qısa kəsdirib və bir də heç vaxt saç uzatmayacağını deyir.