Həkimlər ölü doğulan uşağı diriltdilər
Ürəyi dayanan körpə 72 saat dondurulmuş vəziyyətdə qalıb
Dünya mətbuatında İngiltərədə ötən il baş vermiş möcüzəvi hadisə barədə məlumatlar yayımlanıb. Belə ki, anasının uşaqlığında qanaxma səbəbindən hələ doğulmamışdan öncə artıq ölü olduğu müəyyən edilmiş Ella Anderson adlı britaniyalı körpə qızın ürəyi 25 dəqiqədən sonra intensiv reanimasiya tədbirləri nəticəsində yenidən işə salınıb. Ancaq iş bununla bitməyib. Körpənin ürəyi doğulandan sonra işə salınsa da, ciddi təhlükə hələ sovuşmamışdı - Ellanın beyninin uzun müddət oksigensiz qalması beyin hüceyrələrini zədələyə bilərdi. Buna görə də həkimlər beyinin oksigensizlikdən zərər çəkməməsi üçün innovativ metoddan istifadə edərək, çağanı dondurmaq qərarına gəliblər. Belə ki, bədən temperaturunun aşağı salınması beyində metabolizm prosesini yavaşıdır və onun özünü bərpa etməsinə imkan yaradır.
Kembric şəhərində yerləşən Addenbruk xəstəxanasına çatdırılan körpənin bədən hərarəti xüsusi üsulla 37 dərəcədən 33°C-yə qədər aşağı salınıb. Soyuq su ilə doldurulmuş yorğana bükülən uşaq bu vəziyyətdə 3 gün qalıb. "Əlimi onun başına toxundurdum. O, buz kimi idi. Onun yaşayacağına ümid etmirdik" - deyə Ellanın atası Ceyson Anderson bildirib. 72 saatdan sonra çağanın bədən temperaturu tədricən artırılmağa başlayıb.
Həyati təhlükə sovuşandan sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib, 11 gündən sonra isə evə buraxılıb.
Ellanın həkimi pediatr Topun Ostin soyudulma prosesinin yaratdığı imkanlar haqqında danışaraq bildirib ki, hazırda hipotermiya doğuş zamanı Ella kimi oksigen çatışmazlığından zərər çəkən körpələr üçün müalicə standartı olaraq qəbul edilir: "Soyudulma müalicəsinə nə qədər tez başlansa, körpə üçün bir o qədər yaxşıdır".
Ella Anderson indi 9 aylıqdır. Həkimlər onun beyninin normal fəaliyyət göstərdiyini bildirirlər. O hələ də fizioterapiya müalicəsi almaqda davam etsə də, beyinin skan olunması onun fəaliyyətində heç bir pozuntu müəyyən etməyib. Ekspertlər qızın əqli inkişaf baxımından irəlilədiyini qeyd edirlər. Ellanın anası Raçel Klekston deyir ki, "Biz hələ də onun gələcəyindən tam arxayın deyilik, amma o gündən-günə güclənir".