Qəlyan siqaretdən daha təhlükəlidir
Son dövrlər Azərbaycanda sulu qəlyan xeyli populyarlaşıb. Halbuki tək bizdə deyil, Avropa ölkələrində də geniş yayılmış qəlyanın insan orqanizmi üçün çox zərərli olduğu tədqiqatlar nəticəsində müəyyənləşib. "Reuters" agentliyinin yaydığı xəbərə görə, qəlyanla bağlı araşdırma aparmış britaniyalı alimlər bu nəticəyə gəliblər. Tədqiqatı Böyük Britaniya Səhiyyə Nazirliyi və Tütündən İstifadəyə Nəzarət Mərkəzi birgə həyata keçirib.
Araşdırmalar göstərib ki, qəlyan çəkən insan hədsiz böyük miqdarda dəm qazı udur. Bu, avtomobilin işlənmiş qazları ilə nəfəs almağa bərabərdir. Böyük Britaniya Səhiyyə Nazirliyinin nümayəndəsi Pol Huper bildirib ki, bir dəfə çəkilən qəlyanda bir siqaretdən beş dəfə çox dəm qazı olur. Bir nəfər hamilə qadından nümunə də gətirən Pol Huperin sözlərinə görə, siqaretdən, onun tüstüsünün zərərindən qaçmaq istəyən qadın qəlyan çəkməyə başlayıb. Lakin hamilə qadının müayinəsi zamanı orqanizmində siqaret çəkən insanın orqanizmindəkindən daha çox miqdarda dəm qazı aşkarlanıb.
Mütəxəssislərin fikrincə, uzun illər siqaretdən daha az zərərli hesab olunan qəlyan bir çox təhlükəli xəstəliklərin - ürək-damar və xərçəng xəstəliklərin yaranmasına, hepatit, vərəm və s. kimi infeksiyaların yayılmasına gətirib çıxarır. Bu səbəbdən, həkimlər bu zərərli vərdiş həvəskarlarını xəbərdar edir, qəlyandan imtina edə bilməyənləri heç olmasa infeksion xəstəliklərdən qorunmaq üçün birdəfəlik müştüklərdən istifadə etməyə çağırırlar.
Qəlyançəkmə uzun müddət - təqribən yarım saatdan bir saata qədər vaxt tələb edir. Bir saat qəlyan çəkilməsi isə 100 ədəd siqaret çəkməyə bərabərdir.
Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, qəlyan tüstüsündə siqaret tüstüsündə olan qədər karbon qazı, qatran və ağır metallar var. Almaniyanın Xərçəng Xəstəliyi Problemlərinin Tədqiqatı Mərkəzinin apardığı araşdırmaların nəticələri də bunu təsdiqləyir.
Qəlyan və siqaret tüstüləri arasındakı əsas fərq isə onları çəkən insanlar tərəfindən udulan tütün tüstüsünün miqdarındadır. Belə ki, qəlyan tüstüsünün tərkibində insanın səhhəti üçün son dərəcə ziyanlı olan xromun, kobaltın və nikelin miqdarı siqaret tüstüsündən dəfələrlə çoxdur.
Qəlyançəkmə mədəniyyəti son dərəcə inkişaf edən Misirdə dövlət artıq bununla bağlı məhdudlaşdırma tədbirləri həyata keçirməyi planlaşdırır. Avropada isə bu ekzotik əyləncə həvəskarlarının sayı sürətlə çoxalır. Məsələn, Almaniya gəncləri arasında qəlyançəkmə çox sürətlə yayılır. Belə ki, bu ölkədə artıq üç yüzə yaxın qəlyan kafeləri, restoranlar, xüsusi qəlyançəkmə otaqları var və bu rəqəm durmadan artır.
Almaniya Xərçəng Xəstəliyi Problemlərinin Tədqiqatı Mərkəzinin verdiyi məlumata görə, bütün dünyada 100 milyondan çox adam qəlyan çəkmək həvəskarıdır. Bu insanların böyük əksəriyyəti Şimali Afrikada və Cənub-Qərbi Asiyada yaşayır.
Əlbəttə, qəlyanın geniş yayılmasına onun siqaretdən daha az zərərli olması barədə yayılmış fikirlər də öz təsirini göstərir. Qəlyan həvəskarlarının fikrincə, qəlyanın kolbasında olan mayedən keçən tütün tüstüsü soyuyur, nəmlənir. Bu zaman kolbadakı maye həm də özünəməxsus filtr rolunu oynayır. Belə ki, tütün tüstüsündə olan zərərli qatranların, qarışıqların və külün böyük hissəsi suda qalaraq, onun dibinə çökür. Ancaq mütəxəssislərin gəldiyi qənaətə görə, qəlyanın siqaretdən daha az zərərli olması fikri tamamilə səhvdir və əsassızdır.