İsrail Altsheymer xəstəliyinə qalib gəlir
İsrail alimləri dünya tibb elmi tarixində ilk dəfə olaraq, indiyədək müalicəyə tabe olmayan Altsheymer xəstəliyinə qalib gələ biliblər. Bu xəstəlik əleyhinə effektiv dərman preparatı üzərində iş çoxdan aparılsa da, belə dərmanların kliniki təcrübələri 99% halda uğursuz nəticələnirdi. İsrail tədqiqatçılarının yaratdığı yeni preparatın isə hətta kiçik dozalarda belə effektivliyi sübut edilib.
Dərc olunmuş hesabata əsasən, İsrail alimlərinin yaratdığı preparat beyində gedən degenerativ dəyişiklikləri tam dayandırır. Yeni preparatın klinikaya qədərki sınaqları artıq başa çatıb və göstərib ki, əqli kəmliyin bu geniş yayılmış və əvvəllər sağalmaz sayılan forması bu dərmanın təsiri ilə 100 faizədək sağalır.
Bu günədək yeni preparat klinikaya qədərki sınaqların bütün mərhələlərini uğurla keçib.
İsrailin “Haaretz” qəzetinin yazdığına görə, əvvəlcə dərman ayrıca yetişdirilmiş neyron kulturası üzərində yoxlanıb. Dərman vasitəsinin çox kiçik dozası Altsheymer xəstəliyinin tərkib hissəsi olan oksidləşdirici stressin və bu xəstəliyin inkişafının əlaməti sayılan beta-amiloidlərin destruktiv təsiri altında sinir hüceyrələrinin dağılmağının qarşısını alıb.
Təcrübə siçanları üzərində aparılan ikinci mərhələdə heyvanlar Altsheymer xəstəliyindən tam sağalıblar. Yeni dərman sayəsində onlarda bu xəstəliyin simptomları tam aradan qalxıb, onların koqnitiv qabiliyyətləri isə sağlam heyvanlarınkı ilə müqayisə olunan hala gəlib.
Alimlərin yaratdığı molekulların hədəfi beta-amiloid qalıqlarıdır. Bu molekullar məlumatların sinir hüceyrələri ilə ötürülməsini pozan beta-amiloid topalarını effektiv şəkildə dağıdır, eyni zamanda, neyronları Altsheymer xəstəliyi üçün səciyyəvi maddələrdən qoruyan zülalları aktivləşdirir.
Alimlər oksidləşdirici stress və ya beta-amiloidlə təmas şəraitində məhv olan neyronları laborator təcrübələr zamanı qoruyub saxlaya biliblər. Tədqiqat qrupunun rəhbəri, Bar-İlan Universitetinin kimya üzrə professoru Bilxa Fişer alınmış nəticələri şərh edərkən deyib ki, dərman maddəsinin hətta çox az konsentrasiyası belə, bu hüceyrələri xilas edib. Yeni preparatı Tel-Əviv Universitetindən nevroloq professor Deniel Offenlə birlikdə hazırlayan Bilxa Fişer deyib: “Yaratdığımız molekulu müəyyən mənada universal və etibarlı İsveçrə ordu bıçağının tibb variantı adlandırmaq olar. O, eyni zamanda bir sıra çox müxtəlif terapevtik vəzifələri yerinə yetirə, bir neçə məqsədə çata bilər”.
İndiyədək Altsheymer xəstəliyinin müalicəsi məhz onun mürəkkəb mexanizmi və çoxcəhətliliyi səbəbindən çətinlik törədirdi. Bu xəstəliklə mübarizədə irəliləyiş yalnız onun erkən diaqnostikası üçün üsulların işlənməsi, eləcə də pasiyentlərin həyat tərzinin dəyişməsi ilə xəstəliyin gedişinin ləngiməsi arasında qarşılıqlı əlaqənin araşdırılması ilə bağlı idi: “Bu sahədə effektiv dərmanların işlənib hazırlanması isə bütün dünyada geri qalırdı. Bu gün ancaq effektivliyi məhdud olan preparatlar var. Onlar pasiyentlərin yalnız 20%-nə və ancaq bir-iki il ərzində kömək edə bilir”, - deyə professor Fişer vəziyyəti şərh edib.
Altsheymer xəstəliyi adətən 65 yaşdan yuxarı insanlarda aşkar edilir. Statistik məlumatlara görə, 2006-cı ildə dünyada 26 milyon 600 min insan bu xəstəlikdən əziyyət çəkib. 2050-ci ilədək bu rəqəm 4 dəfə arta bilər. Xəstəliyin ilkin mərhələlərində qısamüddətli yaddaş pozuntuları olur, sonralar isə uzunmüddətli yaddaş da pozulur. Orqanizmin öz funksiyalarını tədricən itirməsi ölümə gətirib çıxarır. Altsheymer xəstəliyinin ilkin mərhələlərində onu aşkarlamaq çətindir. Diaqnoz qoyulandan sonra orta ömür uzunluğu 7 ildir, xəstələrin 3%-dən azı bu diaqnozla 14 ildən çox yaşayır.
Altsheymer xəstəliyinin miqyasını, əhatə etdiyi insanların sayını nəzərə alsaq, yeni dərman dünyada on milyonlarla xəstəyə sağalmaq və normal yaşamaq ümidi bəxş edir. Professor Bilxa Fişer deyir ki, xəstəlik diaqnoz müəyyənləşəndən 20 il qabaq başlayır: “Buna görə mən əminəm ki, erkən diaqnostika sahəsində irəliləyiş və bizim preparatımız sayəsində biz nəinki Altsheymer xəstəliyinin inkişafını yavaşıda və onu müalicə edə biləcəyik, hətta onun qarşısını almaq da mümkün olacaq. Bu, belə mürəkkəb bir xəstəliklə mübarizədə çox böyük nailiyyətdir”.