Onkoloji xəstəliklərin boy və çəki ilə əlaqəsi var
ABŞ-ın Albert Eynşteyn Universitetinin bir araşdırmasına istinadən yayımlanan xəbərdə bildirilir ki, hər 10 santimetr boy üçün qadınların süd vəzisi, yumurtalıq, böyrək, dəri xərçəngi kimi xəstəliklərə mübtəla olma riski 13 faiz artır. Araşdırmaya klimaks dövründə olan 50-79 yaş arası 140 minə yaxın qadın qatılıb.
Bundan öncə isə İngiltərənin Oksford Universitetində aparılan tədqiqatlar nəticəsində boyu 1,52 metrdən hündür insanlarda hər 10 sm-ə görə xərçəng riskinin 16 faiz artdığı müəyyənləşdirilmişdi. Alimlər iddia edirdilər ki, qadının boyu ilə yumurtalıq xərçəngi arasında əlaqə var. Belə ki, ucaboy qadınların bəstəboylara nisbətən yumurtalıq xərçənginə tutulma riski daha böyükdür.
Araşdırma müddətində 14 ölkədən 25 min yumurtalıq xərçəngi xəstəsi və 80 min sağlam qadın müayinə edilib. Qısa boylu qadınların yumurtalıq xərçənginə tutulma riski 1000 nəfərdə 16, ucaboy qadınlarda isə 20 olub.
Uca boydan başqa, artıq çəki də qadınlarda xərçəngin səbəblərindəndir. Böyük Britaniyanın bir qrup mütəxəssisi bu qənaətə gəlib. Onlar iddia edirlər ki, qadınlarda xərçəngi artıq çəki, kişilərdə isə stress və tütün yaradır. Mütəxəssislər hər 500 qram artıq çəkinin xərçəng riskini 6 faiz artırdığını iddia edirlər. Belə ki, artıq çəki ilə bərabər artan qadın hormonları uşaqlıq boynu xərçənginin birinci səbəbi hesab olunur.