ÜST İİÇV-nin müalicəsi üçün populyar preparata “bəraət verib”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanın immun çatışmazlığı virusunun (İİÇV) müalicəsinə dair yenilənmiş tövsiyələrini dərc edib. Hazırda antivirus terapiyasının alternativ vasitəsi kimi istifadə edilən “Doluteqravir” adlı preparat indi əsas siyahıya daxil edilib.
Qurumdan bildirilir ki, ÜST mütəxəssisləri yeni elmi araşdırmaların nəticələrinə əsasən riskləri və terapevtik effekti qiymətləndirib və Doluteqravir preparatını İİÇV-nin müalicəsi zamanı birinci və ikinci xəttə aid preparatlar siyahısına daxil etməyi qərara alıblar.
Bu preparat hamilə və fertil yaşda olan qadınlara tətbiq edilmək üçün tövsiyə olunub. Əvvəllər belə güman edilirdi ki, əhalinin həmin qrupu tərəfindən Doluteqravir preparatından istifadə edilməsi gələcəkdə yeni doğulan körpələrin inkişafında problemlərə səbəb ola bilər. Bu əlaqə 2018-ci ildə Botsvanada aparılmış tədqiqat zamanı aşkar edilib. Nəticədə, bir sıra ölkələr İİÇV ilə yaşayan hamilə və nəsilartırma yaşında olan qadınların müalicəsi üçün başqa preparatdan istifadə etməyə başlayıblar.
Yeni araşdırmadan sonra alimlər bu qənaətə gəliblər ki, Doluteqravirdən istifadə edilərkən anadangəlmə qüsurlu uşaq doğulması riski əvvəl güman edildiyindən xeyli aşağıdır. Ona görə də nadir hallarda fəsadlar doğuran, lakin effektivliyi ilə tanınmış bu preparatı İİÇV-nin müalicəsi zamanı birinci və ikinci siyahılara qaytarmaq qərara alınıb. Doluteqravirin bir üstünlüyü də ondan ibarətdir ki, o, dərmanlara davamlılıq problemi baxımından başqa analoqlarla müqayisədə daha yaxşı “qorunub”.