BMT: vaksinlər hər il milyonlarla həyatı xilas etsə də, əhalinin immunlaşdırmaya inamsızlığı artır
Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahında keçirilən yüksək səviyyəli görüşdə immunlaşdırılmadan imtina ilə bağlı problemlər müzakirə edilib. Bu barədə qurumun Xəbərlər Mərkəzindən verilən məlumatda bildirilir ki, görüş iştirakçıları ABŞ, Ukrayna, Braziliyada qızılcanın baş qaldırmasından, Filippində bu ilin əvvəlindən bu xəstəliyin 500 nəfərin həyatına son qoymasından narahatlıqlarını ifadə edib və vurğulayıblar ki, vaksinasiya ilə bu və oxşar faciələrin qarşısını almaq mümkün olardı.
“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, immunlaşdırma hər il 2-3 milyon insanın həyatını xilas etməyə imkan verir. Vaksinlər yaranmamışdan əvvəl hər il milyonlarla uşaq difteriya, qızılca, poliomielit, tetanus, meningit, göyöskürəyə yoluxurdu. Bu xəstəliklər çox vaxt ölümlə, yaxud da əlilliklə nəticələnirdi”, - deyə BMT-nin Uşaq Fondunun (UNICEF) rəhbəri Henrietta For bildirib.
H.For immunlaşdırma sayəsində beynəlxalq birliyin hansı nailiyyətlər əldə etdiyini xatırladıb: “Bu gün biz poliomielitin tamamilə kökünü kəsməyə çox yaxınıq. Qızılcadan ölüm halları 80 faiz azalıb. 13-ü istisna olmaqla, demək olar ki, bütün ölkələrdə yeni doğulan uşaqlar arasında tetanusa qalib gəlmək mümkün olub. Bununla yanaşı, hər il dünyada 20 milyona yaxın uşağın vaksinasiyadan keçmədiyi bildirilib.
Forun sözlərinə görə, yoxsul ölkələrdə aşağı dərəcədə immunlaşdırılmanın əsas səbəbi vaksinin əlçatan olmamasıdır. Lakin H.For peyvəndləmə barədə yanlış məlumatların da yayılmasını qeyd edib. O deyib: “Vaksinlər barədə yanlış məlumatlar onların qarşısını alacağı xəstəliklər kimi, çox sürətlə yayılır, xüsusilə də internetdə. Bu baş verdikdən sonra isə vaksinləmənin vacibliyi barədə valideynləri inandırmaq çox çətindir”.
UNICEF başçısı bu yaxınlarda Pakistanda baş verən hadisəni misal çəkib. Peyvənd əleyhdarları olan bir qrup fəalın internetdə yaydığı uydurulmuş videoda poliomielit əleyhinə vaksinin ciddi əks təsir effekti yaratdığı bildirir və guya sübut olunur. Nəticədə, milyona yaxın uşaq bu təhlükəli xəstəliyə qarşı peyvənd almayıb.