Türkmənistanda MDB ölkələrinin Səhiyyə sahəsində Əməkdaşlıq Şurasının iclası keçirilib
Aşqabadda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXIX iclası keçirilib. Tədbir bu il Türkmənistanın MDB-də sədrliyi çərçivəsində təşkil edilib.
Toplantıda qurumun nümayəndələri qismində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan və Ermənistanın müvafiq profilli müəssisələrinin, habelə Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyinin, elmi-klinik mərkəzlərinin rəhbərləri və aparıcı mütəxəssisləri iştirak ediblər. İştirakçılar arasında həmçinin MDB İcraiyyə Komitəsinin, MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Bürosunun, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının regional nümayəndəliyinin, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün UNAIDS Proqramının, “MDB və Avrasiya ölkələrinin Onkologiya və Rentgenologiya Mərkəzlərinin və İnstitutlarının Direktorları Assosiasiyası”nın təmsilçiləri olub.
MDB çərçivəsində sosial sahədə, xüsusən səhiyyə istiqamətində ənənəvi dövlətlərarası dostluq əlaqələrini möhkəmlətmək məqsədi daşıyan Şuranın budəfəki görüşündə tibb sahəsində qarşılıqlı fəaliyyətin prioritetləri, Şuranın 2016-2020-ci illərdə şəkərli diabetin profilaktikası və müalicəsi üzrə Əməkdaşlıq Proqramı barədə qərarının, 2020-2024-cü illərdə vərəmin yayılmasının qarşısının alınması üzrə Birgə Fəaliyyət Planının yerinə yetirilməsinin gedişi müzakirə edilib.
2020-2021-ci illər üçün “Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin əhalisinin sağlamlığı” Strategiyasının həyata keçirilməsi, habelə psixiatriya və narkologiya sahəsində baza təşkilatının fəaliyyəti məsələləri də iclasın gündəliyində olub.
Şəkərli diabet xəstəliyinə tutulma hallarının artmasına qarşı mübarizədə Əməkdaşlıq haqqında Saziş, MDB üzvü olan ölkələrin İctimai Səhiyyə və İnformasiya İnstitutları Şəbəkəsinin layihəsi, Birlik ölkələrinin ərazisinin sanitar mühafizəsi problemləri üzrə Əlaqələndirmə Şurasının, MDB və Avrasiya ölkələrinin Onkologiya və Rentgenoradiologiya Mərkəzləri və İnstitutlarının Direktorları Assosiasiyasının fəaliyyəti də müzakirə edilib.
Tədbir iştirakçıları gənc nəslin siqaret çəkmədən və tütünün zərərli təsirindən qorunmasının strateji vasitələrindən biri kimi, siqaret çəkmənin monitorinqindən istifadə məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin Dövlətlərarası Stomatologiya Assosiasiyasının, Dərman vasitələrinin, tibbi təyinatlı məmulatların və tibbi texnikanın standartlaşdırılması, qeydiyyatı və onların keyfiyyətinə nəzarət üzrə Dövlətlərarası Komissiyanın, Mülki aviasiya hava gəmilərinin uçuşlarının tibbi və sanitar-epidemioloji təminatı məsələləri üzrə İşçi Qrupun, Diabet Problemləri üzrə Ekspert Şurasının işinə yekun vurulub. Birlikdə milli elektron səhiyyə sistemlərinin inteqrasiyası perspektivlərinə, “Orqan donorluğu haqqında” model qanun layihəsinə baxılıb.
İnsanın immun çatışmazlığı virusu (İİÇV) ilə yaşayan şəxslərə MDB məkanında səhiyyə xidmətlərindən bərabər istifadə imkanları verilməsi Planı, Birliyin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının 2020-ci il üçün Əsas Tədbirlər Planı da nəzərdən keçirilib. Ümumdünya Səhiyyə Assambleyasının bu il mayın 20-28-də Cenevrədə keçirilmiş 72-ci sessiyasının yekunları əsas müzakirə mövzularından biri olub.
Toplantıda təşkilati məsələlər, o cümlədən MDB ölkələrinin antimikrob preparatlara qarşı mübarizəyə dair Birgə Fəaliyyət Planının işlənib hazırlanması üzrə İşçi Qrupun bu il sentyabr ayında keçiriləcək iclasına, Şuranın növbəti, XXX iclasının keçirilməsinə hazırlıq və bəzi başqa məsələlər də müzakirə edilib.
Şura iclası iştirakçıları “Sağlamlıq 2019” Beynəlxalq Sərgisinin və elmi konfransın işində iştirak ediblər.