Antibiotiklərə davamlı infeksiyalar 2050-ci ilə qədər hər il 10 milyon insanın həyatına son qoya bilər
Əgər beynəlxalq birlik zəruri tədbirlər görməsə, antibiotiklərə davamlı bakteriyaların törətdiyi infeksiyalar 2050-ci ilə qədər hər il 10 milyon insanın həyatına son qoyacaq, bu xəstəliklərin vurduğu iqtisadi ziyan isə öz miqyasına görə 2008-2009-cu illərin qlobal böhranının nəticələri ilə müqayisə edilə bilər.
Bu fikirlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Antimikrob rezistentliyinə qarşı mübarizə üzrə İdarələrarası Əlaqələndirmə Qrupunun yeni məruzəsində öz əksini tapıb.
Məruzədə vurğulanır ki, müalicəsi mümkün olmayan xəstəliklərin, o cümlədən tənəffüs və sidik sistemi infeksiyalarının sayı get-gedə artır. Hazırda dərmana davamlı xəstəliklər üzündən hər il 700 min nəfər dünyasını dəyişir. Onların 230 min nəfəri müxtəlif dərmanlara davamlı vərəmdən ölür.
BMT baş katibinin birinci müavini, Əlaqələndirmə Qrupunun həmsədri Əminə Məhəmməd deyib: “Antimikrob rezistentliyi qlobal cəmiyyət üçün əsas təhdidlərdən biridir. Bu halın geniş yayılmasını dayandırmaq üçün geniş miqyaslı zəruri tədbirlər görülməlidir”.
Məruzə müəllifləri xatırladırlar ki, insan sağlamlığı heyvanların sağlamlığı, ətraf mühitin vəziyyəti və qida məhsullarının keyfiyyəti ilə ayrılmaz surətdə bağlıdır. Onlar antibiotiklərə dözümlülüyə qarşı mübarizə məsələsinə çoxtərəfli yanaşma təklif edirlər. Qida məhsulları istehsalında, həmçinin insanların və heyvanların sağlamlığının müdafiəsində mikrob əleyhinə vasitələrin mühüm rolunu etiraf edən ekspertlər, bununla belə, insanların və heyvanların müalicəsi üçün mikrob əleyhinə preparatlar təyin edilməsinə məsuliyyətlə yanaşmağa, habelə bu preparatlardan kənd təsərrüfatında artım stilmulyatorları kimi istifadə etməkdən çəkinməyə çağırırlar.
Antimikrob rezistentliyinə qarşı mübarizə üzrə İdarələrarası Əlaqələndirmə Qrupu 2017-ci il-də BMT Katibliyinin dəstəyi ilə yaradılıb. Bu qrupa BMT-nin, FAO-nun, Ümumdünya Səhiyyə Təşkilatının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının nümayəndələri daxildir.