Bəşəriyyətin narkotiklərdən xilas edilməsi yolları müzakirə olunur

Bəşəriyyətin narkotiklərdən xilas edilməsi yolları müzakirə olunur

Narkomaniyaya qalib gəlmək olar. Bundan ötrü narkoasılı adamlara cinayətkarlar kimi deyil, qurbanlar kimi baxmaq, narkotik vasitələrin təklifinin və onlara tələbin azaldılması üçün səmərəli siyasət işləyib hazırlamaq lazımdır.
Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş narkotik vasitələr komissiyasının Vyanada keçirilmiş 62-ci sessiyasının iştirakçılarına videomüraciətində söyləyib. BMT üzvü olan dövlətlərin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin 1500-dən çox nümayəndəsinin iştirak etdiyi sessiyada A.Quterreş Portuqaliyada narkotrafikə qarşı mübarizə təcrübəsini bölüşüb.
BMT rəhbəri deyib: “İyirmi il bundan əvvəl mən Portuqaliyanın baş naziri olan dövrdə ölkəmizdə narkomaniya baş alıb gedirdi. Biz narkotik alverçilərinə qarşı mübarizəyə başladıq, hüquq-mühafizə orqanlarının əməkdaşlarını zəruri informasiya və avadanlıqla təchiz etdik. Bununla bərabər, hökumət narkoasılılığın qarşısının alınması və belə insanların müalicəsi məsələsinin həllinə tam məsuliyyətlə yanaşdı”.
“Biz qəti əmin idik ki, narkoasılı insanlar qurbanlardır, onları cəzalandırmaq yox, müalicə etmək lazımdır. Bu siyasət müsbət nəticə verdi”, - deyən Antonio Quterreşin sözlərinə görə, hazırda Portuqaliya narkotiklərdən istifadə edilməsi nəticəsində ölüm halları göstəricilərinin ən aşağı səviyyədə olduğu Avropa ölkələrindən biridir.
“Əminəm ki, biz bir-birimizdən öyrənəndə, təcrübə mübadiləsi aparanda narkotiklərin qanunsuz dövriyyəsi sahəsində tələb və təklifi daha səmərəli şəkildə azaltmağa, təhlükəsizliyi möhkəmlətməyə, BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə şərait yarada biləcəyik”, - deyən BMT rəhbəri dünyada narkotiklər problemlərinə qarşı mübarizədə səyləri artırmağa çağırıb. O bildirib ki, bu problem bəşəriyyətin sağlamlığı, təhlükəsizliyi və firavanlığı üçün ciddi təhlükə olaraq qalır. Bu gün uşaqlar və gənclər arasında narkomaniya xüsusi narahatlıq doğurur.
Qeyd edək ki, Narkotik vasitələr komissiyası 1946-cı ildə yaradılıb. 53 dövləti təmsil edən bu komissiyanın üzvləri BMT İqtisadi və Sosial Şurası (EKOSOS) tərəfindən dörd il müddətində seçilir. Komissiyanın əsas funksiyası narkotik vasitələrə və psixotrop maddələrə nəzarət məsələsinə dair beynəlxalq müqavilələrin tətbiqini müşahidə etməkdən ibarətdir.
BMT-nin məlumatına görə, hazırda dünyada təqribən 27 milyon insan narkotik asılılıqdan əziyyət çəkir. Onların 10 milyondan çoxu inyeksion narkotik istifadəçiləridir.
Yeri gəlmişkən, 2018-ci ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 31 432 nəfər olub. Onların 26 346 nəfəri dispanser, 5 086 nəfəri profilaktik qeydiyyatdadır.
Bu məlumatı Respublika Narkoloji Dispanserinin direktoru Araz Manuçehri-Lalei verib. Onun sözlərinə görə, ötən il 694 nəfər qeydiyyatdan çıxarılıb: “Narkotik istifadəçiləri arasında 626 nəfəri qadınlardır. Onların 480 nəfəri dispanser, 146-sı profilaktik qeydiyyatdadır. Son bir ildə 1500 nəfər yeni narkotik istifadəçisi qeydə alınıb. Onların arasında 25-45 yaş arası olanlar üstünlük təşkil edir, 9 nəfər 15-17 yaşlı yeniyetmə qeydiyyata alınıb, onların 5-i dispanser qeydiyyatındadır”.
Direktorun dediyinə görə, bəzi narkotik istifadəçilərinin müalicədən sonra yenidən pis vərdişlərə aludə olmaması üçün dispanserdə Reabilitasiya şöbəsi yaradılıb. Burada təşkil olunan ən müxtəlif idman məşğələləri, dil və maraq kursları narkotik istifadəçilərini bu zərərli vərdişdən uzaqlaşdırmağa xidmət edir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova