UNAİDS: İİV-dən sağalma hadisəsi ümidverici olsa da, tam qələbə barədə danışmaq hələ tezdir
Bu yaxınlarda dünya mətbuatı insanın immun çatışmazlığı virusuna (İİV) yoluxmuş bir pasiyentin tam sağalması haqqında məlumat yayıb. Bu, qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) ilə mübarizədə inqilabi hadisə kimi qiymətləndirilib.
BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramı (UNAİDS) İİV-dən əziyyət çəkən xəstənin sağalmasını bəşəriyyətin bu ölümcül xəstəlikdən xilas oluna biləcəyinə ümid yaradan “böyük sıçrayış” adlandırıb. Bununla belə qeyd edib ki, yaxın vaxtlarda bu virus üzərində tam qələbə çalındığını gözləməyə əsas yoxdur. Ona görə də UNAİDS İİV-in profilaktikası və müalicəsi barədə tövsiyələrə əməl etməyə çağırır.
Bildirilir ki, İİV-ə yoluxmuş xəstənin sağalması barədə xəbər Böyük Britaniyadan alınıb. 2016-cı ildə orada Hockin limfomasından əziyyət çəkən kişiyə müalicə məqsədilə nadir genetik mutasiyaya məruz qalmış bir donorun gövdə hüceyrələrindən istifadə edilib. Müalicəni Londondakı Universitet və İmperiya kolleclərinin mütəxəssisləri aparıblar. Məlumat verilir ki, həmin pasiyent son 18 ayda antiretrovirus terapiyasından istifadə etməsə də, tədqiqatçılar onda virusun əlamətlərini görmürlər.
UNAİDS-in icraçı direktoru Mişel Sidib deyib: “İİV-in müalicəsini tapmaq bizim arzumuzdur. Bu hadisə ümid etməyə əsas verir ki, gələcəkdə elm müvafiq vaksinin və ya müalicənin köməyi ilə QİÇS-in kökünü kəsməyə imkan verəcək, lakin görüləsi işlər hələ çoxdur”.
M.Sidib deyib: “Hazırda profilaktika və müalicə işləri üzərində qüvvələri cəmləşdirmək çox vacibdir. Gövdə hüceyrələrinin köçürülməsi çox mürəkkəb və bahalı prosedurdur. Onun fəsadları çox ola bilər. Hazırda İİV-ə yoluxmuş bütün xəstələrə bu proseduru tətbiq etmək mümkün deyil, lakin londonlu pasiyentin sağalması faktı İİV proqramı ilə məşğul olan tədqiqatçılar üçün yeni imkanlar yaradır. Artıq ikinci dəfədir ki, xərçəngin müalicəsi üçün gövdə hüceyrələrindən istifadə edilməsi İİV-də qalib gəlməyə imkan verib. İlk belə hadisə 2007-ci ildə Berlində Timoti Rey Braun adlı pasiyentlə əlaqədar qeydə alınıb”.
Bəyanatda vurğulanır ki, hazırda İİV-in zəmanətli müalicəsi yoxdur. UNAİDS bu virusla yaşayan insanlar üçün profilaktikanı və dəstəkləyici terapiyanı təmin etməyə çalışır. 2017-ci ildə dünyada 36,9 milyon İİV xəstəsi və 1,8 milyon yeni yoluxma halları qeydə alınıb. Onlardan yalnız 21,7 milyon nəfəri müalicə olunub, 1 milyon insan həmin ildə QİÇS-dən ölüb.