ÜST qriplə mübarizədə yeni strategiya hazırlayıb

ÜST qriplə mübarizədə yeni strategiya hazırlayıb

Hər il dünyada 1 milyarda yaxın insan qripə yoluxur. 3-5 milyon insanda bu xəstəlik ağır formada keçir. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qripi qlobal miqyaslı pandemiyanın real təhlükəsi adlandırıb, onun profilaktikası və müalicəsi üçün yeni strategiya təqdim edib.
ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus qeyd edib ki, bu gün məsələ qrip pandemiyasının olacağında deyil, onun məhz nə vaxt başlamasındadır: “Qrip pandemiyası təhlükəsi daim mövcud olub. Həmçinin virusun heyvandan insana keçməsi riski də var. Fikrimcə, pandemiya təhlükəsi tamamilə realdır”.
ÜST-nin hesablamalarına görə, qrip hər il dünyada 290 mindən 650 min nəfərədək insanın ölümünə səbəb olur. Qloballaşma, urbanizasiya və əhalinin kütləvi miqrasiyası növbəti pandemiyanın daha sürətlə yayılmasına gətirib çıxara bilər.
2030-cu ilədək dövr üçün nəzərdə tutulan 11 illik yeni strategiya təsiredici milli proqramların işlənib hazırlanmasını nəzərdə tutur və üç məqsədə nail olmağa yönəldilib: mövsümi qrip hallarının sayının azaldılması, virusun heyvandan insana ötürülməsi təhlükəsinin minimallaşdırılması və ehtimal olunan pandemiyanın nəticələrinin yüngülləşdirilməsi.
ÜST 2002-ci ildə Madaqaskarda qrip virusunun yayılmasını xatırladır. O zaman xəstəliyə yoluxanların 2,5 faizi ölmüşdü. Buna qədər qripin ən təhlükəli pandemiyası 1918-1919-cu illərdə baş vermişdi.
ÜST rəhbəri qriplə mübarizədə sayıqlıq göstərməyə çağırıb, çünki epidemiyanın nəticələri baha başa gələ bilər. Qeyd edilir ki, yeni strategiyanın həyata keçirilməsi üçün hər il təqribən 4,5 milyard dollar lazımdır. Bu, orta ağırlıqda pandemiya zamanı cavab tədbirləri üçün zəruri olan maliyyələşdirilmənin 1 faizindən də az məbləğdir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova