Qripə qarşı universal nanovaksin yaradılıb
ABŞ-ın molekulyar biologiya mütəxəssisləri qripin nadir və geniş yayılmış ştamlarından qoruyan nanovaksin yaradıb və onun təsirini siçanlar üzərində yoxlayıblar. Tədqiqat barədə məlumat PNAS jurnalında yer alıb.
“Bizim yeni vaksin həm infeksiyaya hüceyrə reaksiyasını təmin edən T-hüceyrələrinə, həm də anticisimlər hasil edən B-hüceyrələrinə təsir göstərir. Bundan başqa, üzərində mikroiynələr dəsti olan məlhəm hesabına onun işinin səmərəliliyi daha da yaxşılaşdırılıb. Bütün bunlar qripə qarşı ucuz universal vaksinin yaradılmasına yol açır”, - deyə Corciya ştatı universitetindən (Atlanta şəhəri, ABŞ) Bao-Çjun Van deyib.
Bu ilin əvvəlində B.-Ç.Van və onun həmkarları insanları və heyvanları A qripinin, demək olar ki, bütün ştamlarından qoruyan universal nanovaksinin ilk prototipini yaradıblar. Qeyd edək ki, bəşər tarixində ən ciddi qrip epidemiyaları A virusu ilə bağlıdır.
Bu prototipin uğurlu sınağı alimləri belə bir fikir üzərində düşünməyə sövq edib: bunu qripin bütün növlərinə qarşı mübarizə aparmağa yönəltmək və onun təsirini gücləndirmək mümkündürmü? Bu ideyanı rəhbər tutan alimlər nanohissəciklərin strukturunda dəyişiklik edərək, yağ komponentlərini virusun digər zülal komponentlərinə dəyişiblər.
Siçanlar üstündə aparılan təcrübə göstərib ki, vaksinin yeni versiyası gəmiriciləri virusların həm epidemik versiyasına, həm də daha nadir növlərinə aid qrip ştamlarının ölümcül dozalarından qoruyub.
B.-Ç.Vanın sözlərinə görə, növbəti eksperimentlər, bu nanohissəciklərə virusun digər elementlərinin əlavə edilməsi insanı təkcə nadir və A növ viruslardan deyil, qripin bütün növlərindən qorumaq iqtidarında olan təsirli universal vaksin yaratmağa imkan verəcək.