Eyyub Bəşirov – 90
Həyatın mənasını şan-şöhrətdə, maddi sərvətdə deyil, vicdanlı və ədalətli yaşamaqda, məhəbbətdə, halal zəhmətdə görən dəyərli ziyalı Eyyub Bəşirov fədakarcasına yaşadığı ömrün 90 ilini arxada qoydu.
O, çətin və əzablı uşaqlıq illərini, məhsuldar, coşqun gənclik çağlarını, ömrünün ağıl və zəka nuru ilə haşiyələnən müdriklik dövrünü həyata, bütün canlılara sevgi ilə yaşayan maraqlı şəxsiyyətdir.
Eyyub Bəşirov 1926-cı il dekabrın 20-də Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olub. Salyan Pedaqoji Texnikumunu bitirdikdən sonra bir müddət kənd məktəblərində ibtidai sinif müəllimi işləyib. Sonra həyatını elmə həsr etməyi qarşısına məqsəd qoyub və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə daxil olub. İkinci kursu bitirdikdən sonra isə əlaçı tələbə kimi, təhsilini akademik K.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının Zootexnika fakültəsində davam etdirib.
Ali məktəbi bitirdikdən sonra Eyyub Bəşirov təyinatla Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayır. 1951-ci ildə Moskvada Ümumittifaq Heyvandarlıq İnstitutunun aspiranturasına qəbul olur və qısa müddətdə akademik V.Milovanovun rəhbərliyi ilə “Azərbaycan camışının çoxalmasının bioloji məsələləri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək, biologiya elmləri namizədi elmi dərəcəsi alır.
Dəyərli alim uzun illər Azərbaycanın aqrar elmi və təsərrüfatı sahələrində səmərəli çalışaraq, tək ölkəmizin deyil, Çili, Əlcəzair, Fransa, Əfqanıstan kimi bir çox ölkələrin heyvandarlıq, süni mayalandırma, damazlıq, döllük sistemlərinin yaradılmasında, inkişaf etdirilməsində müstəsna xidmətlər göstərir.
2004-cü ildə Eyyub Bəşirov Rusiya Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasında akademik V.Milovanov və professor İ.Sokolovskayanın 100 illik yubileyləri münasibətilə keçirilən beynəlxalq elmi konfransda “Süni mayalanmanın metod və texnologiyası və Azərbaycanda heyvandarlığın tərəqqisi” mövzusunda elmi məruzə ilə çıxış edir, məruzəsi birinci yer tutur. Rusiya Ali Attestasiya Komissiyası ona biologiya elmləri doktoru elmi dərəcəsi verir. Rusiya Federasiyası Beynəlxalq Keyfiyyət Problemləri Akademiyası ictimai təşkilatı isə E.Bəşirovu akademik seçir.
Eyyub Bəşirov 3 monoqrafiya, 4 təlimat, 7 kitab və dərslik, 700-dən çox elmi məqalə müəllifidir. O hazırda Azərbaycan Respublikası Heyvandarlıq Cəmiyyəti İctimai Birliyinin sədridir.
Şərəfli ömür yolu keçmiş ziyalı aqrar sahənin inkişafındakı xidmətlərinə görə “Şərəf nişanı” ordeninə, Respublika Ali Sovetinin Fəxri Fərmanına və bir sıra medallara layiq görülüb. Damazlıq işinin təşkilinə və bu sahədəki elmi nailiyyətlərinə görə İtaliyada V Dünya bioloq alimlərinin və Moskvada Qarşılıqlı İqtisadi Yardım Şurası ölkələrinin beynəlxalq elmi simpoziumlarının yubiley medalları və mükafatları ilə təltif edilib. O, Beynəlxalq Enerji İnformasiya Elmlər Akademiyasının, “Vektor” Beynəlxalq Elmi Mərkəzinin “XXI əsrin tanınmış alimi” diplomunu alıb.
Onun camışçılıq təsərrüfatının intensivləşdirilməsinə aid nəzəriyyələri bu sahədə ixtisaslaşan tələbə və müəllimlər üçün dəyərli mənbədir. Xüsusən son illərdə işıq üzü görmüş “Azərbaycanda damazlıq heyvanlarının biologiyası və yetişdirilməsi” (2005) və “Azərbaycan heyvandarlığının inkişafının elmi əsasları” (2011) monoqrafiyaları ölkəmizin kompleks heyvandarlıq coğrafiyasının təşəkkülü və inkişafı üçün çox əlamətdar hadisə sayıla bilər.
Rus, fransız, ərəb, fars və ispan dillərini bilən poliqlot alim yaradıcı fəaliyyətini uğurla davam etdirir. Aqrar elmi sahəsində böyük nailiyyətlər əldə etmiş, zəngin nəzəri-təcrübi əsasları olan elmi məktəb yaratmış E.Bəşirovun con elmi araşdırmaları “Yer kürəsinin mirvarisi” adlandırdığı camışın, camış məhsullarının insan sağlamlığına faydalarına həsr olunub. O öz nəzəri tədqiqatları və praktiki fəaliyyəti ilə bu qənaətə gəlib ki, camış südü, qatığı, qanı ilə xərçəng xəstəliklərini, xüsusilə leykozu, eləcə də qanazlığını müalicə etmək olar. İndi Eyyub müəllim “Sağlamlıq və uzunömürlülüyün fəlsəfəsi” kitabı üzərində çalışır, həyat təcrübəsini oxucuları ilə paylaşır.
Hazırda Türkiyədə yaşayan E.Bəşirovun orada səhhətinin qayğısına qalan həkimi Halil Ertürk yazır: “Eyyub bəy üzündən təbəssüm əskik olmayan, insanlara xoşbəxtlik yoluxduran bənzərsiz şəxsdir. Bütün canlılara sevgi və şəfqətlə yanaşır, zərrə qədər yaxşılıq gördüyü insana təşəkkür etməyi unutmur, bağışlamağın ən gözəl keyfiyyətlərdən olduğunu deyir, hər zaman hər şey haqqında yaxşı düşünməyə çalışır... Onun uzun və gənc yaşamasının sirri bu kimi gözəl keyfiyyətləridir”.
Biz də həyat kitabı parlaq səhifələrlə zəngin Eyyub Bəşirovu 90 illik yubileyi münasibətilə təbrik edir, hələ uzun illər insanlara xoşbəxtlik yoluxdurmasını arzulayırıq.
Ü.FƏRZƏLİYEVA