Şıx, Sahil və Sumqayıt çimərlikləri sağlamlıq üçün təhlükəlidir

Şıx, Sahil və Sumqayıt çimərlikləri sağlamlıq üçün təhlükəlidir

Son günlər mətbuatda uşaqların dəniz suyu udması səbəbindən onlarda ağır xəstəliklər, hətta pnevmoniya yaranması barədə xəbərlər yer alıb. Bu məlumatların nə dərəcədə həqiqətə uyğun olub-olmadığı, çimərliklərin və dəniz suyunun hazırkı sanitar-gigiyenik vəziyyəti barədə öyrənmək üçün Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) Sanitariya və epidemiologiya şöbəsinin müdiri Ziyəddin Kazımovla əlaqə saxladıq.
Müsahibimiz bildirdi ki, qadağan edilmiş çimərliklər istisna olmaqla, bütün digər çimərliklərdə uşaqlara dəniz suyundan hər hansı bakteriya yoluxa bilməz: “Biz yay mövsümündə əsasən kəskin mədə-bağırsaq xəstəliklərinin profilaktikası məqsədi ilə çimərliklərdə sanitar-gigiyenik vəziyyətlə bağlı təhqiqatlar aparmışıq. Dəniz suyu laborotor müayinələrdən keçirilib. İstifadəyə yararlı çimərliklərdə uşağın dəniz suyunu udması hər hansı ishal, eləcə də pnevmoniya xəstəliyinə səbəb ola bilməz. Uşaqları çimərliyə apardıqda ilk növbədə onların günəşin altında çox qalmamasına, orada qəbul etdikləri qidalara diqqət göstərmək lazımdır. Mən valideynlərə məsləhət görərdim ki, uşaqlara çimərlik ərazisində satılan qarğıdalı və suları, digər qidaları verməsinlər. Çünki həmin sular, plastik qablaşdırmada qidalar çox vaxt açıq havada, günəş şüaları altında saxlanılır. Bu zaman qida ilə, su ilə qablaşdırmanın plastik materialı arasında reaksiya gedir ki, nəticədə zərərli maddələr əmələ gəlir, bu da qidanın keyfiyyətinin itməsinə səbəb olur”.
Qadağan olunmuş çimərliklər barədə də məlumat verən şöbə müdiri qeyd etdi ki, Respublika GEM Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə may ayında Xəzər dənizinin sahilindəki çimərlik ərazilərində monitorinqlər həyata keçirib: “Çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılıb, su nümunələri kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçirilib. Laborator analizlərin nəticələrinə əsasən çimərliklərin istifadəyə yararlı olub-olmadığına qərar verilib. Sahil zolağında aparılan tədqiqatların nəticələri deməyə əsas verir ki, Qaradağ rayonunun Sahil qəsəbəsindəki Sahil, Səbail rayonundakı Şıx, habelə Sumqayıt çimərliklərindən başqa, digər çimərliklər yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır. Sumqayıt, Sahil və Şıx çimərliklərinin isə mikrobioloji çirklənmə dərəcəsi yüksəkdir, bağırsaq çöpü qrupu bakteriyaları normadan xeyli artıqdır. Bu səbəbdən onlar insanların sağlamlığına ciddi təhlükə törədir, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi yaradır. Bunu nəzərə alaraq, bu ərazilər çimərlik kimi istifadəyə yararsız hesab edilib. Qadağan edilən ərazilərə “Çimmək qadağandır” lövhələrinin vurulması ilə bağlı GEM aidiyyatlı qurumlara məktub da ünvanlayıb”.
Mikrobioloji təhlillərin bütün mövsüm boyu davam etdirildiyini diqqətə çatdıran Z.Kazımov qeyd etdi ki, çimərliklərdə monitorinqlər mütəmadi olaraq – 15 gündən bir aparılır və hələ ki faktlarda hansısa dəyişikliklər qeydə alınmayıb: “Biz istəyirik ki, bütün çimərliklər təmiz, istifadəyə yararlı olsun. Amma ötən illərdə olduğu kimi, əhaliyə Sahil, Şıx və Sumqayıt çimərliklərindən istifadə etməmələri ilə bağlı dəfələrlə xəbərdarlıq etməyə borcluyuq. Bu sahələrdə dənizə girmək qəti surətdə olmaz. Əks təqdirdə mövcud anti-sanitar vəziyyət müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Digər sahil zolaqlarında isə ciddi problem yoxdur, əhalinin istifadəsinə yararlıdır”.
Mətbuatda çimərliklərin uşaqların sağlamlığı üçün ciddi təhlükə yaratması, zərərçəkənlərin əsasən K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutuna aparılması ilə bağlı xəbərlərə də rast gəldik. Bu məlumatlara münasibətini bildirməsi üçün İnstitutun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyevə müraciət etdik.
Müsahibimiz bu xəbərlərin heç bir əsasının olmadığını vurğuladı və qeyd etdi ki, yay mövsümündə uşaqların orqanizminin möhkəmləndirilməsi üçün onların istifadəyə yararlı, fəaliyyətinə icazə verilən çimərliklərə getməsi, mövsümi meyvələrlə qidalanması mühüm amildir: “Ancaq uşaqların neçə saat dənizdə, qumda, günəş altında qalmasına diqqət edilməlidir. Onları günün qızmar saatlarında dənizdə, qumda saxlamaq olmaz. Çünki bu zaman dərilərində termik yanıq baş verər, ya da günvurmadan qusma, beyin ödemi əmələ gələr. Dəniz uşaqların sümüklərinin möhkəmlənməsi üçün son dərəcə vacib olsa da, bu rejimə valideynlər mütləq nəzarət etməlidirlər”.
Professor N.Quliyev yay mövsümündə uşaqların qidalanmasına da diqqət yetirməyin vacib olduğunu söylədi: “Yay aylarında 1 yaşadək körpələrin qidasını dəyişmək olmaz. Onlar yaz mövsümündə uyğunlaşdıqları qida rejimi ilə qidalansalar, mədə-bağırsaq xəstəliyindən qoruna bilərlər. Eyni zamanda, qidalar körpələrin yaşına uyğun verilməlidir. Məlumdur ki, isti hava qida məhsullarından zəhərlənmə və bir sıra digər xəstəliklərin yayılmasına da səbəb olur. Uşaqlara köhnə, çox isti və çox soyuq yeməklər verilməməlidir. Valideynlər uşaqlarına sözdə yox, əməldə diqqət, qayğı göstərməlidirlər ki, onları mövsümi xarakterli xəstəliklərdən, virus və qida mənşəli mədə-bağırsaq pozuntularından, allergiyadan, günvurmadan və s. qorusunlar”.

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova