Mövsümün ilan, əqrəb, qaraqurd problemi

Mövsümün ilan, əqrəb, qaraqurd problemi

“Mövsümlə əlaqədar ilan, əqrəb, qaraqurd sancması nəticəsində baş verən zəhərlənmə hadisələrinə, həmişə olduğu kimi, bu il də aprel ayından etibarən təsadüf olunur. Havaların isinməsi ilə belə hallar daha çox baş verir. Bu il havalar sərin keçdiyindən ötən illərlə müqayisədə ilan sancması hadisələri nisbətən azalıb. Belə ki, indiyədək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 68 nəfər ilan, 12 nəfər əqrəb, 6 nəfər isə qaraqurd zəhərlənməsi ilə gətirilib. İlan sancan şəxslərdən 4 nəfəri uşaq olub. Qeyd edim ki, bu il ilan sancmasından bir nəfər dünyasını dəyişib. Buna zərərçəkənin Mərkəzə gec – hadisə baş verəndən bir neçə gün sonra, ağırlaşmış vəziyyətdə gətirilməsi səbəb olub”.
Bu haqda bizə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verdi. Müsahibimiz bildirdi ki, bu cür müraciətlərin ötən illərlə müqayisədə azalmasının digər səbəbi orta ağır vəziyyətdə olan xəstələrin rayon tibb müəssisələrindən Bakıya göndərilməməsidir: “Mərkəzi rayon xəstəxanalarında zərdab da, bacarıqlı həkimlər də var. Bununla belə, ehtiyac yarandıqda buradan lazım olan yerə sanaviasiya vasitəsilə mütəxəssis və zərdab göndərir, problemi yerində aradan qaldırırıq”.
A.Maqsudov müraciətlərin əsasən Maştağa, Buzovna, Zirə, Qobu kimi Bakıətrafı kəndlərdən, Siyəzən, Hacıqabul, Bərdə, Yevlax, Qəbələ, Şəmkir və digər rayonlardan olduğunu söylədi. Həmçinin qeyd etdi ki, həm əqrəb, həm qaraqurd, həm də ilan sancması zamanı Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına vaxtında, hadisə baş verən kimi müraciət etmək önəmlidir. Məlumat daxil olan kimi TTTYS briqadasının hadisə yerinə getdiyini bildirən şöbə müdiri orada xəstəyə ilkin tibbi yardım göstərildiyini və ehtiyac olarsa, zərdab vurulduğunu dedi. Sonra xəstələrin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirildiyini və burada onların ixtisaslaşdırılmış müalicəsinin həyata keçirildiyini vurğuladı.
Mütəxəssisin sözlərinə görə, əqrəb və ya ilan sancmış nahiyəyə isti və ya buz qoymaq, yaranı kəsmək, zəhəri sorub çıxarmaq olmaz. Yaranı soran insanın ağzında zədə olarsa, zəhərin ona da keçmə ehtimalı var. Yaranı silmək, üzərinə sıxıcı sarğı qoymaq da olmaz. Çünki o açılanda zəhər anında bədənə yayıla bilər. İlkin yardım kimi yaraya duzlu su məhlulunda isladılmış tənzif qoyulması zəhəri sorma gücünə malikdir. İnfeksiyanın yaraya keçməməsi üçün onun ətrafına yod da çəkmək olar. Xəstə uzanmalı və hərəkət etməməlidir. Əl və ayağı nə aşağı salmaq, nə də yuxarı qaldırmaq olmaz. Əgər yaradan qan gəlirsə, qanın öz axarı ilə axıb yerə tökülməsini gözləmək lazımdır. Hərəkətlərin məhdudlaşdırılması zəhərin bədənə yayılmaması üçün çox önəmlidir. Çünki hərəkət zamanı zəhər orqanizmə daha sürətlə yayılır”.
A.Maqsudov bu gün ölkəmizə ilan zəhəri əleyhinə zərdabların gətirilməsi ilə əlaqədar problemin olmadığını söylədi. TTTYS-nın briqadalarının, mərkəzi rayon xəstəxanalarının lazımi qədər belə zərdabla təmin olunduğunu vurğuladı. O, ilan sancması zamanı xəstəyə ilkin yardım göstərilmədiyi təqdirdə, bunun uşaqlarda, yaşlılarda, immuniteti zəif olan insanlarda ölümlə nəticələnə biləcəyini dedi.
Şöbə müdiri qaraqurd hörümçəyi sancması zamanı da zərərçəkənə köməklik göstərilməsinin vacibliyini diqqətə çatdırdı, əks halda çox ağır fəsadlar baş verə biləcəyini dedi. O, qaraqurd hörümçəyinə Bakı kəndlərində meyvə-tərəvəzin yetişdirildiyi ərazilərdə çox rast gəlindiyini bildirdi, əhalini diqqətli olmağa çağırdı.
Toksikoloq kənd təsərrüfatı sahələrində çalışan insanlara ilandan, qaraqurd hörümçəyindən, əqrəbdən qorunmaq üçün əllərinə əlcək, ayaqlarına rezin çəkmə geyinməyi tövsiyə etdi. Həmçinin istirahət etmək üçün çay kənarı, daş-kəsəkli yerləri seçənlərə qalacaqları əraziyə öncədən diqqətlə baxmağı, ilan yuvası olub-olmadığını yoxlamağı məsləhət gördü.
Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada yarım milyondan çox adam ilan sancmasından zərər çəkir. Hindistan ilan çalmasından ölənlərin illik sayına görə dünyada birinci yeri tutur. Bu ölkədə ilan vurmasından ölənlərin sayı bütün qalan ölkələrdə eyni səbəbdən ölənlərin ümumi sayından çoxdur. Hindistanda hər il ilanlar 250 mindən çox adamı dişləyir ki, nəticədə də 50 min insan həyatını itirir. ÜST-nın məlumatında bildirilir ki, Hindistanda ilan çalmasından ölüm hallarının çoxluğuna səbəb bir qayda olaraq zərərçəkənlərin xəstəxanaya gec çatdırılmasıdır. Ərazisində daha çox zəhərli ilan olan Avstraliyada isə ilanvurmadan ildə cəmi bir neçə nəfər ölür.

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova