“Qan bizi birləşdirir!”
Bu şüar altında Ümumdünya Qan Donoru günü keçirildi
Hər il dünya 14 iyun tarixini Ümumdünya Qan Donoru günü kimi qeyd edir. Ümumdünya Səhiyyə Assambleyasının 2005-ci ilin may ayında keçirilən 58-ci sessiyasında Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr könüllü təmənnasız qan donorluğunun inkişafına və dəstəklənməsinə dair Qətnamə qəbul ediblər. Bu sənəddə hər ilin 14 iyun tarixinin – qan qruplarını kəşf edən avstriyalı alim Karl Lanşteynerin doğum gününün Ümumdünya Qan Donoru günü kimi qeyd olunması qərara alınıb.
Dünya ölkələrinin Qan Donoru gününü qeyd etməsi qan verən insanlara, xüsusilə bunu təmənnasız edənlərə xeyirxahlığa görə minnətdarlığın ifadəsi, hörmət və ehtiramın nümayiş etdirilməsidir. Bu gün həmçinin cəmiyyətdə donor qanına olan ehtiyacın vurğulanması, donorluğa yeni insanların cəlb edilməsi məqsədi daşıyır.
Hər il müxtəlif deviz daşıyan Ümumdünya Qan Donoru gününün builki kampaniyası “Qan bizi birləşdirir!” şüarı altında keçirilir.
Dünyanın bütün ölkələrində təhlükəsiz donor qanına ehtiyac günbəgün artır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü, təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il Yer üzündə milyonlarla insanı – irsi qan xəstəliklərindən əziyyət çəkənləri, xəsarət alanları, əməliyyat olunanları, hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpələri ölümdən xilas etməyə kömək edir.
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qana ehtiyac duyulur. Bu səbəbdən də qan xidmətinin təkmilləşdirilməsi məqsədi ilə mütəmadi tədbirlər görülür.
2005-ci ildə Milli Məclis “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Qanun qəbul edib və o, Azərbaycan Prezidenti tərəfindən təsdiq olunub. Bu sənədə müvafiq surətdə, 2006-cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”nı qəbul edib.
Hazırda donor qanının tədarükü, işlənilməsi, saxlanılması və bölüşdürülməsi B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında və onun filiallarında həyata keçirilir.
Görülmüş tədbirlər nəticəsində ölkəmizdə tədarük olunan donor qanının həcmi artıb, qanın komponentlərə bölünməsi işi yaxşılaşdırılıb, qanın təhlükəsizliyinin təmin edilməsinə laborator nəzarət gücləndirilib.
Qan komponentlərinin ehtiyatını yaratmağın yeganə yolu müntəzəm donorluğun təşkilidir. Buna görə də Azərbaycanın müxtəlif idarə və təşkilatlarında könüllü qanvermə aksiyaları keçirilir. O cümlədən belə aksiyalar Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində də təşkil edilir. Tibb işçilərinin iştirakı ilə keçirilən bu aksiyaların qrafiki təsdiq olunub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkəmizdə qan tədarükü və könüllü qan donorlarının sayı ilbəil artır. Belə ki, əgər 2010-cu ildə 46 530 nəfər donor qan vermişdisə, 2014-cü ildə bu rəqəm 56,2 faiz artaraq 72 697 nəfər, 2015-ci ildə isə 75 184 nəfər olub. Müvafiq olaraq, tədarük edilən qan və qan komponentlərinin miqdarı da artıb.
2016-cı ilin yanvar-may ayları ərzində artıq 19 524 könüllü qan verib və nəticədə 9 600 litr qan və onun komponentləri tədarük olunub.
Hazırda donorların qeydiyyatı qanvermə prosesinin həyata keçirildiyi tibb müəssisələrində aparılır. Donorlar haqqında məlumatlar elektron məlumat bazasına da daxil edilir. Donorların qeydiyyatı, onlardan qan analizinin alınmasına və müayinəsinə dair məlumatların qeydiyyatı, eləcə də qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması məqsədilə Azərbaycanda "Vahid Qan Bankı" sistemi yaradılıb. Hazırda bu sistem Mərkəzi Qan Bankının bütün bölmələrində istifadə olunur.
Qeyd edək ki, 18-65 yaşında olan istənilən sağlam insan könüllü qan donoru ola bilər. Qanvermələr arasında interval isə ən azı 60 gün təşkil etməli və il ərzində 5 dəfədən artıq olmamalıdır.
Hər il olduğu kimi, bu il də 14 iyun – Ümumdünya Qan Donoru günü bir sıra əlaqədar dövlət və qeyri-hökumət təşkilatları tərəfindən qeyd olunub.
Ümumdünya Qan Donoru günü münasibətilə Azərbaycan Talassemiya Federasiyasının yaydığı məlumatda bildirilir ki, ölkəmizdə 1500-ə yaxın talassemiyalı insan hər ay təmənnasız donor qanı alır. Talassemiyadan əziyyət çəkən pasiyentlərin həyatı donor qanı olmadan davam edə bilməz. Bu səbəbdən də donorluğun təşviq edilməsi Azərbaycan Talassemiya Federasiyasının əsas vəzifələrindən biridir.
Bəyanatda donorluğun faydaları haqqında qeyd edilir ki, donorların pulsuz qan müayinəsindən keçirilməsi sayəsində xəstəliklərin erkən diaqnostikası da mümkün olur. Bundan əlavə, donorun verdiyi 400 ml qan bədən tərəfindən qısa müddətdə bərpa edilir, bu isə sağlamlıq üçün çox faydalıdır.
Qan Donorları Assosiasiyası isə Ümumdünya Qan Donoru günü ilə bağlı qan donorlarının iştirakı ilə “Park Bulvar” ticarət mərkəzində tədbir keçirib. Orada çıxış edən Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov deyib ki, müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olsa da, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün donor qanı əvəzsiz rol oynayır. Müxtəlif travmalar, mürəkkəb cərrahiyyə əməliyyatları və doğuşlar zamanı qan itirmələrdə, xroniki qan azlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji və daxili orqanların xəstəliklərində qandan və ya qan preparatlarından geniş istifadə olunduğunu qeyd edən natiq bununla əlaqədar qan donorluğunun, xüsusən təmənnasız donorluğun əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda öz qanını təmənnasız bağışlayan bir qrup şəxsə təşəkkürnamə və hədiyyələr təqdim olunub.
Onu da qeyd edək ki, Ümumdünya Qan Donoru günündə SOCAR-ın Bakı Ali Neft Məktəbinin, “Azərkosmos” ASC-nin və “Azərpoçt” MMC-nin əməkdaşları könüllü qanvermə aksiyalarında iştirak ediblər.