Qan xidmətinin vəziyyəti müzakirə olundu

Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda ölkəmizdə qan xidmətinin vəziyyəti, irsi qan xəstəlikləri, donorluq və s. məsələlərlə bağlı “dəyirmi masa” keçirilib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyənin inkişafına qayğısı sayəsində hər il Bakıda və regionlarda çox sayda yeni tibb müəssisələri inşa olunur, onlar ən müasir tibbi avadanlıqlarla təçhiz edilir. Hematologiya və qanköçürmə sahəsi də belə diqqətdən kənarda qalmayıb. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbusu ilə Respublika Talassemiya Mərkəzi inşa edilib və xəstələrin ixtiyarına verilib. Səhiyyə Nazirliyi tərəfindən Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun binası əsaslı təmir edilib və müasir avadanlıqlarla təmin olunub.
Son illərdə səhiyyənin bu sahəsinə aid iki qanun (“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” və “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”) və onların həyata keçirilməsi məqsədilə 3 dövlət proqramı (“Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı”, “Hemofiliya ilə mübarizəyə dair Dövlət Proqramı”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”) qəbul edilib. Bu ildən bu sahədə 3-cü beşillik proqramın həyata keçirilməsinə başlanılıb.
Qan donorluğunun inkişafı
“Dəyirmi masa”da qeyd olunub ki, tibb müəssisələrini müalicə məqsədləri üçün qan və qan komponentləri ilə təmin edən qan xidmətinin dinamik inkişafı olmadan cərrahiyyə, reanimasiya, doğuşayardım, hematologiya, onkologiya, travmatologiya və s. kimi sahələrdə ixtisaslaşdırılmış tibbi yardımın müvəffəqiyyətlə həyata keçirilməsi mümkün deyil. Fövqəladə vəziyyətlərdə kütləvi surətdə yaralı və zərərçəkənlərin olduğu zaman bu xidmətin əhəmiyyəti xüsusilə artır.
Vurğulanıb ki, son zamanlar Səhiyyə Nazirliyi tərəfindən qan xidməti və donorluq sahəsində köklü islahatlar aparılıb. Bu xidmətin fəaliyyəti təhlil edilərək müəyyən olunub ki, əhalisinə görə çox da böyük olmayan ölkəmizdə 61 müəssisə qan tədarükü ilə məşğul olur və onların əksəriyyəti olduqca qeyri-effektiv işləyir. Pərakəndəlik şəraitində, çox az miqdarda qan tədarük edən belə müəssisələrdə qanın keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsində də cətinliklər yaranırdı. Bu vəziyyətdən çıxmaq məqsədi ilə Səhiyyə Nazirliyinin verdiyi “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi barədə” əmrinə əsasən, bölgələrdə fəaliyyət göstərən bütün və Bakı şəhərindəki bəzi qanköçürmə şöbələri 2010-cu ildən etibarən transfuzion kabinetlərə çevrilib, Rayonlararası Qanköçürmə Mərkəzləri və iri regional qanköçürmə şöbələrinin bazasında isə Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının 8 filialı təşkil edilib.
Qan xidmətinin strukturunun modernləşdirilməsi nəticəsində qan xidməti müəssisələrinin sayı xeyli azalıb, bu isə donorların səmərəli istifadəsinə, donor qanının infeksiyalara yoxlanmasının yaxşılaşdırılmasına imkan yaradıb.
Bununla yanaşı, qan xidməti müəssisələri ən müasir avadanlıqlarla təmin edilib, bu isə komponent donorluğunun inkişafına, qanın infeksiyalara görə yoxlanması üçün immunoferment üsuluna əlavə olaraq polimeraz zəncirvari reaksiya üsüllarının tətbiqinə imkan verib. Transfuziyadan sonrakı immunoloji ağırlaşmaların qarşısını almaq məqsədilə Mərkəzi Qan Bankında donor və resipiyentin uyğunluğunu təmin etmək üçün qanın seçilməsi və çarpaz reaksiyanın (kross-matç) aparılması da tətbiq edilir.
Donorluğun təbliği sahəsində müasir üsüllardan istifadə (veb-saytın yaradılması, videokliplərin çəkilməsi, plakatların və kitabçaların çap edilməsi, kütləvi informasiya vasitələri ilə coxsaylı çıxışlar, donorların forumlarının keçirilməsi) ilbəil donorların sayının, tədarük edilmiş qan və onun komponentlərinin miqdarının artmasına gətirib çıxarır.
Leykozla mübarizə
“Dəyirmi masa”da müzakirə olunan digər mövzu leykozlarla bağlı olub. Qeyd edilib ki, müasir təbabətdə leykozlar səhiyyənin aktual problemlərindən olub, dünyada bütün bədxassəli xəstəliklərin təxminən 8%-ni təşkil edir və xərcəngin ən geniş yayılmış 6 növündən biridir. Uşaq leykozu uşaqlar arasında ən çox rast gəlinən onkoloji xəstəlikdir və bu yaş qrupunda bütün onkoloji xəstəliklərin üçdə birini təşkil edir.
Bildirilib ki, son zamanlar leykozların diaqnostikasında və müalicəsində köklü irəliləyişlər müşahidə edilir. Bu, ilk növbədə, molekulyar-genetik diaqnostika üsullarının tətbiqi və leykozların müxtəlif növlərinin hədəf terapiyası üsullarının işlənib hazırlanması ilə bağlıdır. Hazırda Səhiyyə Nazirliyinin rəhbərliyi ilə Hematologiya və Transfuziologiya İnstitutunda bu xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub. Leykoza gətirib çıxaran pozulmaların həm hüceyrə (sitokimyəvi), həm xromosom (sitogenetik), həm də DNT səviyyəsində (polimeraz zəncirvari reaksiya) müəyyənləşdirilməsi praktikaya tətbiq edilib. Xronik mieloleykozun hədəf müalicəsi üçün istifadə olunan “tasiqna” innovasion preparatı Səhiyyə Nazirliyi tərəfindən alınıb. Nəhayət, leykozların müalicəsində sümük iliyi transplantasiyası üsulunun da tətbiqinə başlanıb. Bu isə leykozlu xəstələrin yaşama müddətinin artmasına, onların həyat keyfiyyətinin yaxşılaşmasına və hətta tam sağalmasına zəmin yaradır.
Nikaha daxil olanların icbari tibbi müayinəsi
Tədbirdə vurğulanıb ki, talassemiya ilə mübarizəyə dair Dövlət Proqramlarının həyata keçirilməsi və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması sayəsində ölkəmizdə bu gün belə xəstələrin müalicəsi müasir səviyyədə aparılır, onların donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacı tam ödənilir. Artıq bu Mərkəzdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası əməliyyatları da yerinə yetirilir. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin edilir, bu xəstəlikdən əlillik və ölüm hallarının azalmasına nail olunub.
Müalicəsi çox çətin və bahalı, ailə və uşaq üçün həddən artıq üzücü olan bu xəstəliyin qarşısının alınması olduqca vacib və aktualdır. Hazırda ölkəmizdə əhali arasında talassemiyanın profilaktikası istiqamətində kompleks tədbirlər aparılır, maarifləndirmə, sosial səfərbərlik tədbirləri görülür, risk qruplarını müəyyən etmək üçün nikaha daxil olmaq istəyən şəxslər öncədən tibbi müayinədən keçirilirlər. Nazirlər Kabinetinin 28 aprel 2015-ci il tarixli 122 saylı qərarına əsasən, nikaha daxil olmaq istəyən şəxslər talassemiya ilə yanaşı, İİV infeksiyasına və sifilisə görə də müayinə olunurlar.
“Dəyirmi masa”da Səhiyyə Nazirliyinin hematologiya üzrə baş mütəxəssisi Çingiz Əsədov çıxışı zamanı məlumat verib ki, yaxın vaxtlarda Azərbaycanda nikaha daxil olmaq istəyən cütlüklərin müayinəsində analizlərin sayı artırılacaq, belə ki, onlar hepatitlərin bütün növlərinə görə də müayinə olunacaqlar.
Baş hematoloq Azərbaycanda talassemiya xəstələrinin ən çox olduğu rayonların adını da açıqlayıb. Bildirib ki, hazırda Şəki, Ağdaş və Kürdəmirdə, eləcə də cənub rayonlarında talassemiya xəstəliyinə daha çox rast gəlinir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda hər il təxminən 90 min nikah kəsilir, bu isə ildə 180 min şəxsin müayinədən keçirilməsi deməkdir. Belə genişmiqyaslı işi qurmaq üçün Səhiyyə Nazirliyi tərəfindən əsaslı təşkilatı işlər görülüb:
1. Nikaha girmək istəyənlər arasında talassemiya daşıyıcılarının aşkar edilməsi və tibbi-genetik məsləhətlərin verilməsi üçün bütün şəhər və rayonlarda hematoloji kabinetlər yaradılıb. Müvafiq həkimlər üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kurslar, Respublika Talassemiya Mərkəzində və B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda treninqlər təşkil edilib.
2. Nikaha girmək istəyənlər arasında talassemiyanın profilaktikası proqramının həyata keçirilməsi üçün Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Talassemiyanın profilaktikası şöbəsi yaradılıb və lazımi avadanlıqlarla təmin edilib.
3. Nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsinin həyata keçirilməsi üçün vahid kompüter proqramı hazırlanıb və tətbiq olunub.
Tədbirdə məlumat verilib ki, 2015-ci ilin iyun ayının 1-dən bu günə kimi (9 ay ərzində) ölkə üzrə nikaha girmək istəyən 107 500 şəxs müayinədən keçirilib və onların 6 228-ində talassemiya daşıyıcılığı aşkar edilib.
Xəbəri paylaş