“Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi Ağdamda tibbi müayinə keçirib

Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində əhali arasında kompleks tibbi müayinələrin aparılması və sağlam həyat tərzinin təşviqi istiqamətində tədbirləri davam etdirir.
Nazirliyin mətbuat xidməti xəbər verir ki, qurumun təşkilatçılığı ilə növbəti belə tibbi aksiya Ağdam şəhərində keçirilib. Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun artroloq, nevroloq, travmatoloq, pediatr, dermatoveneroloq, fizioterapevt-reabilitoloqdan ibarət həkim heyəti və tibb bacıları tərəfindən sakinlər üçün səyyar tibbi müayinələr təşkil edilib.
Aksiya çərçivəsində vətəndaşlar nevroloji, artroloji, travmatoloji, dermatoloji, fizioterapevtik və pediatrik reabilitasiya istiqamətləri üzrə müayinələrdən keçirilib. Eyni zamanda, nevroloqlar tərəfindən EMQ (elektromioqrafiya) müayinələri də aparılıb.
Müayinələr zamanı səhhətində müəyyən problemlər aşkarlanan sakinlərə həkimlər tərəfindən ətraflı tibbi məsləhətlər verilib, zəruri hallarda müvafiq müalicə tədbirləri təyin olunub.
Tibbi baxışlar əsasən orta yaşlı əhali arasında onurğa, sinir sistemi, dayaq-hərəkət aparatı, dəri-zöhrəvi və serebrovaskulyar xəstəliklərin erkən aşkarlanmasına yönəlib. Bundan əlavə, 16–65 yaş arası şəxslər arasında skolioz və digər vertebrogen problemlərin diaqnostikası və bərpası aparılıb, 14 yaşadək uşaqlar isə pediatr müayinəsindən keçirilib.
Aksiya iştirakçılarına institutun fizioterapevt və reabilitoloqları tərəfindən profilaktik tövsiyələr də verilib. Bildirilib ki, fizioterapiya prosedurlarının tətbiqi zamanı pasiyentin yaşı, əsas və yanaşı xəstəlikləri, eləcə də gündəlik həyat fəaliyyəti mütləq nəzərə alınmalıdır.
Aksiya çərçivəsində 210-dan çox vətəndaş tibbi müayinələrdən keçib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi işğaldan azad olunmuş digər ərazilərdə də əhali üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin və səyyar tibbi müayinə aksiyalarının keçirilməsini nəzərdə tutur.


Xəbəri paylaş









