“Beyin 70 ildir məni təəccübləndirir”

Bunu 91 yaşlı dünya şöhrətli neyrocərrah, “Əsrin beyin cərrahı” Mahmut Qazi Yaşargil Bakıda söylədi
“Sinir sisteminin quruluşu, ölçüləri ilə bağlı biliklərimiz tam deyil. Beş min ildir bunu öyrənməyə çalışan bəşəriyyət hələ hər şeyin başlanğıcındadır. Öyrəndiklərimiz bilmək istədiklərimizin yanında kiçik zərrədir. Beyin digər orqanlar kimi homogen deyil, çox mürəkkəb quruluşu var. Məsələn, ağciyərlərin, böyrəklərin hər birinə eyni miqdarda qan gəlir. Beyinin sağ və sol yarımkürələrinin isə biri digərindən fərqli miqdarda qan alır. İnsan beyninin içərisində 100 milyarddan çox neyron və onların da milyardlarla köməkçiləri var. İnsan beyni sonadək anlaşılmayıb və məni 70 ildir təəccübləndirir”.
Bu fikirləri Xəzər Universitetində ənənəvi olaraq keçirilən “Elm və Sənət Məclisi”ndə “Mərkəzi sinir sisteminin quruluşu” mövzusunda məruzə ilə çıxış edən dünya şöhrətli neyrocərrah, Yeditepe Universitetinin professoru Mahmut Qazi Yaşargil söylədi.
Amerika Beyin Cərrahları Birliyi tərəfindən “Əsrin beyin cərrahı” seçilən 91 yaşlı türk alim 70 ildir hər gün 16 saat çalışdığını, bəzi gecələr heç yatmadığını dedi. Bildirdi ki, onun üçün tətil anlayışı iştirak etdiyi konqreslərin keçirildiyi şəhərlərdə bir neçə saat muzeyləri gəzməkdən ibarətdir. Epilepsiya və beyin xərçənginin yeni üsullarla müalicəsini tapan, beyin əməliyyatlarında mikroskopdan ilk dəfə istifadə edən və fəaliyyəti ilə dünya tibb tarixinə adını yazan M.Q.Yaşargil beyin haqqında öyrəndiklərindən və öyrənə bilmədiklərindən danışdı: “Dünya necə araşdırılıb kəşf edildisə, mən də beyni elə araşdırdım, kəşf etməyə çalışdım. Beyin müxtəlif bölümlərdən ibarətdir, hərəsinin fərqli quruluşu var. Digər orqanlardakı şişlərdən fərqli olaraq, beyin şişlərinin yayılmadığını, sadəcə, öz yerində böyüdüyünü isbat etdim. Doğrudur, bunu hər kəs qəbul etmir. Ancaq yavaş-yavaş anlayacaqlar. Məni məhz buna görə keçən “əsrin beyin cərrahı” seçiblər.
Bu adın mənə verilməsi ilə həyatımda heç nə dəyişmədi, sadəcə olaraq, fəaliyyətimin təqdir edilməsinə sevindim. Məşhur neyrocərrah, professor Harvi Kuşinqdən sonra “Əsrin beyin cərrahı” seçilmək böyük şərəfdir. Biz tamamilə başqa konseptlə çalışdıq, mikrocərrahiyyə sahəsini yüksək səviyyədə inkişaf etdirdik. Gördüyümüz işlərin nəticəsidir ki, hazırda beynin istənilən sahəsində şişlərin götürülməsi əməliyyatı etdiyimiz zaman sinir sisteminin, iliyin zərər görməsi hallarına yalnız min xəstədən birində təsadüf edilir. Bu, böyük uğurdur. Əvvəllər həmin göstərici çox yüksək – təxminən hər min xəstəyə 15-30 hadisə olurdu. Bəlkə də, bu məlumat çoxlarına təəccüblü gəldi, ancaq faktdır.
Bizə müraciət edən xəstələri əsasən şişləri bütövlükdə götürüb-götürməməyimiz maraqlandırır. Şişləri tam götürürük və bu zaman xəstə yatılı vəziyyətdə olur. Biz fəaliyyətimizlə mikrocərrahiyyənin neyrocərrahiyyə sahəsində tətbiqini kəşf etmişik. Nəticədə, yeni mikro-neyrocərrahiyyə doğulub və buna görə də mükafatlandırılmışıq.
1973-cü ildə də Sürih Universiteti ilk dəfə islam ölkəsində doğulmuş birini – məni ordinar professor seçmişdi. Bunları deməkdə məqsədim əsla öyünmək deyil, sadəcə, gəncləri həvəsləndirməkdir. Unutmayın ki, intizamlı çalışsanız, gecənizi gündüzünüzə qatsanız, bütün qapılar üzünüzə açılacaq və sizə kömək edəcəklər”.
Mahmut bəy 50 il İsveçrədə, 20 ilə qədər ABŞ universitetlərində, xəstəxanalarda çalışdığını, araşdırmalar apardığını, bunun nəticəsi olaraq 14 kitab nəşr etdirdiyini, saysız-hesabsız əməliyyatlar həyata keçirdiyini, son 3 ildə isə Türkiyədə işlədiyini söylədi: “Bu günə qədər dövlət başçılarından filosoflara, sənətçilərə, evdar qadınlara, din adamlarına, idmançılara qədər çox sayda şəxs üzərində əməliyyat aparmışam və onlardan da çox şeylər öyrənmişəm. İndi beyin qıvrımları ilə bağlı kitabı – sonuncu kitabımı yazıram. Diqqətinizə çatdırım ki, insanın barmaq izləri kimi, beyin qıvrımları da bir-birindən fərqlidir. Üstəlik, sağ yarımkürə ilə sol yarımkürə də tam fərqlənir. Bunları, ömür imkan versə, lazımi səviyyədə sizlərə təqdim etmək istəyirəm”.
Mahmut Qazi Yaşargil beyin şişlərinin 60-70 faizinin xoşxassəli olduğunu diqqətə çatdırdı: “Bu hallarda vaxtında diaqnoz qoyulduqda və əməliyyat düzgün həyata keçirildikdə problem aradan qalxır. 30-40 faizi isə bədxassəli şişlərdir və onlara tam çarə tapılmayıb. Beynində bədxassəli şiş olan xəstələrin 90-95 faizi, təəssüf ki, uzun yaşamır. Amma 5-10 faiz xəstə bizim bilmədiyimiz səbəbdən çox ömür sürə bilir. Hətta təcrübəmə əsasən deyim ki, ən ağır xərçəng diaqnozu qoyulmuş insanlardan 10, 20, bəzən 30 il yaşayanlarını görmüşəm. Ancaq bunun necə baş verdiyini hələ də bilmirik.
Mənim ən çox sevdiyim şey əməliyyat etdiyim xəstənin ayılmasıdır. Otaqdan çıxmayıb, onu gözləyirəm.
Bu qədər illər keçməsinə baxmayaraq, hələ də əməliyyata girərkən qorxu hiss edirəm. Çünki nə olacağını bilmirəm. Əməliyyatda cərrah öz vicdanı ilə görüşür. Bilirsən ki, bir saniyə içində hər şey ola bilər və kiçik səhv insanın həyatının bitməsi ilə nəticələnər. Təəssüf ki, bizim işdə edilən zərrə səhvin də geri dönüşü yoxdur.
Əməliyyatdan əvvəl xəstənin baxışından həm qorxusunu, həm də ümidini, sevgisini görmək mümkündür. Əgər sizin münasibətinizdən razı qalsa, xəstənin gözlərində ümid, sevgi görəcəksiniz. Xəstənin gözlərində sevgi varsa, bu sizin əlinizdə ölməyə hazır olduğunu bildirməsidir əslində. Xəstələrin yaşından, cinsindən asılı olmayaraq, onlara sonsuz sevgi ilə yanaşmalıyıq. Xəstə öz həkiminə inananda, etimad edəndə əməliyyat daha rahat keçir, çətinlik olmur. Mən xəstədə inamsızlıq, şübhə sezəndə həmin an əməliyyata girmirəm, çünki belə pasiyentlərdə fəsadlar daha çox ortaya çıxır.
Bir xüsusiyyətim də odur ki, xəstələrimi hər gün 10-20 dəfə ziyarət edirəm, çünki onlar üçün ən yaxşı dərman həkimlərini görməkdir.
Ən çox kədərləndiyim məsələlərdən biri isə indiyədək xərçəng xəstəliyinin səbəbinin və bədxassəli şişlərin müalicəsinin tapılmamasıdır.
Bəziləri texnoloji alətlərin, məsələn, mobil telefonların beyinə mənfi təsirlərinin olduğunu bildirirlər. Mən texnoloji inkişafın xərçəngin yaranmasına səbəb olduğunu düşünmürəm. Stresin də, deyildiyi kimi, ağır xəstəliklər yaratdığını zənn etmirəm. İllər boyu, gündə ən azı 16-18 saat çalışdıq, çox böyük kədər yaşadıq, insanlarla birlikdə həyəcan keçirdik, dərd çəkdik, nə qədər insanla, ən dəhşətlisi isə, uşaqlarla birlikdə öldük. Deməli, stresdən bir şey olsaydı, bizə olardı.
Amma düzgün olmayan həyat tərzinin, siqaret çəkmək, narkotikdən istifadə, spirtli içkilərin qəbulu və s. kimi zərərli vərdişlərin xəstəliklərin yaranma səbəbləri sırasında öndə gəldiyini deyə bilərəm.
Əslində, insanlar 120 yaşa qədər hərtərəfli, o cümlədən zehni cəhətdən sağlam yaşamalıdırlar. Sağlam və uzunömürlü olmaq üçün yediklərimizə diqqət etməliyik. Mən şirniyyatın hər növünü çox sevirəm, amma yemirəm. Tərkibində şəkəri az olan meyvələrə üstünlük verirəm. İçki içmirəm, siqaret çəkmirəm. Axşamlar yüngül tərəvəz yeməkləri yeyirəm. Qızarmış kartofu, şokoladı çox xoşlayıram, amma illərdir yemirəm. Bu yaşadək sağlam yaşamağımın səbəbini məhz bunda görürəm.
Bu gün istəyirəm ki, gənclər insan beynini kəşf etməyə çalışsınlar. Daha çox öyrənmək üçün imkanlar günbəgün artır. Bilin ki, bütün hadisələr beynimizdə baş verir, hisslər orada yaranır. Məsələn, sevgi, qorxu, vicdan, kədər... Bəs, niyə sevginin ürəkdə olduğu deyilir? Əslində, beyin sinir sistemi vasitəsilə ürəyə təsir edir. Beyində məhəbbət hissi yarandıqda o daha çox qan dövranına ehtiyac duyur və ürək tez-tez döyünməyə başlayır, daha artıq qan pompalayır. Ürək belə sürətli döyündüyü üçün də sevgi qəlblə əlaqələndirilir. Ümumiyyətlə, məhəbbət mövzusu çox dərindir, amma deyə bilərəm ki, bu duyğu beyində başlayır və qadınla kişinin fizioloji birləşməsi ilə inkişaf edir. Detalları tam bilmirik, amma öyrənmək istəyirik, bu haqda da düşünürük.
Bu gün dünyada bəlkə də 10 milyon insan piano təhsili alır. Amma onların içərisindən 10 nəfər çox istedadlısı çıxacaq. Futbol, basketbol oynamaq çətin iş olmasa da, bununla məşğul olanlar arasında yüksək qabiliyyətlisi çox olmur. Biz qabiliyyət, istedad, yaddaş, zəka və sairin beynin hansı hissəsində olduğunu da bilmək istəyirik. Beynin yüzdə on və ya iyirmisinin çalışdığını deyənləri isə anlamıram. Bu nə deməkdir? Haradan bilirlər? Özümüzü nə qədər inkişaf etdirə bilmişik ki, bu iddiada olaq?
Onu da deyim ki, bizim beynimiz həm yaxşılıq, həm də pislik üçün çalışır. Bütün beyinlər ancaq pis işlər üçün çalışsa, dünya qarışar, Yer üzündə yaşamaq mümkün olmaz. Beyin həm yaradıcı ola bilir, həm dağıdıcı. Beyindəki mənfi hisslərlə mübarizə aparmaq və onlara qalib gəlmək isə mümkündür. Cinayət edənlər, qırğınlar törədənlər bunu bacarmayanlardır. Onun arxasında dayanan sirri də hələ aça bilməmişik. Dünyada genetik səbəbdən cinayətkarlıq 5 faiz səviyyəsindədir. Heç kim “Mən yaxşıyam, o pisdir” deməməlidir. Hər birimizin beynində həm yaxşılıq, həm də pislik var.
Ancaq beyinlə bağlı bilmədiklərimizlə yanaşı, bu sahədə çox böyük araşdırmaların aparıldığını, önəmli nailiyyətlərin olduğunu da unutmamalıyıq.
Sonda isə demək istəyirəm ki, təhsil, elm çox önəmlidir. Dərs dinləməklə nəyəsə nail olunmur, bu, oxumaqla, çalışmaqla mümkündür. Mən 91 yaşımda anatomiya, astronomiya, fəlsəfə oxuyuram, öyrənirəm. Oxuyub-öyrənməklə özüm özümə bir dünya qurmuşam”.
Qeyd edək ki, Mahmut Qazi Yaşargil çıxışını yekunlaşdırdıqdan sonra məruzə ətrafında müzakirələr aparıldı. Professor Yaşargil Hafiz Osmanov (Azərbaycan Tibb Universiteti), Xəqani İsmayıl (Azərbaycan Yazarlar Birliyi), Çingiz Əlizadə (Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutu), Kabus Dadaşov (Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi), Firuz İbrahimov (Xəzər Universiteti) və digərlərini maraqlandıran sualları cavablandırdı. Azərbaycanda olmaqdan məmnunluq duyduğunu və dəvət edilərsə, bir daha gəlmək istədiyini dedi.
Ü.FƏRZƏLİYEVA
Xəbəri paylaş