Azərbaycan Təbabəti Muzeyi – 30

Azərbaycan Təbabəti Muzeyi – 30

Muzeylər hər bir xalqın elminin, mədəniyyətinin, tarixinin müqəddəs ocağı, saxlanc yeridir. Keçmişinə hörmət edən, onu sevən, ən adi eksponatını belə muzeylərində qoruyan, onunla fəxr edən millət ölməzdir.

Azərbaycan Təbabəti Muzeyi Respublika Səhiyyə Nazirliyinin (nazir Tələt Qasımov) 2 iyul 1984-cü il tarixli əmri ilə, ölkəmizin təbabət irsini qorumaq, gələcək nəsillərə çatdırmaq məqsədilə yaradılıb və 29 yanvar 1986-cı ildən rəsmi şəkildə fəaliyyət göstərir. Muzeyin tarixi və memarlıq əhəmiyyətli binasında 1914-1917-ci illərdə xalqımızın böyük oğlu Nəriman Nərimanovun müalicəxanası yerləşib. Bu, muzeyin giriş qapısına vurulmuş barelyefdə öz əksini tapıb.
Qranit pilləkənlərlə binanın ikinci mərtəbəsinə qalxaraq, ekspozisiyanın doğma aurasına qovuşuruq. Girişdə qədim yunan mifologiyasına görə sağlamlıq allahı hesab edilən Asklepi və onun qızları Gigiyeya və Panakeyanın nəhəng barelyefləri diqqəti cəlb edir. Muzeyi bir kitaba bənzətsək, onlar sanki epiqrafdır.
Muzey doqquz zaldan – hücrədən ibarətdir. Birinci zalda XII əsr Şərqin ən böyük alimlərindən biri Əbu Əli ibn Sinanın büstü, onun bu günədək Avropanın bir çox tibb universitetlərində tədris edilən «Həkim elminin qanunu» əsərinin 1143-cü ilə aid əlyazmasının fotoşəkli nümayiş etdirilir. Əlyazmanın əsli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Bu zalda həmçinin elmi tibbin əsasını qoyan Hippokratın (e.ə. 460-377) büstü və onun məşhur andından bir parça təqdim olunur. Divar boyunca qədim yunan və Roma, orta əsrlər Azərbaycan, Şərq, Qərbi Avropa təbabətinin ayrı-ayrı elementləri nəfis şəkildə döymə üsulu ilə mis lövhələrə köçürülərək asılıb.
İkinci zalda orta əsr cərrahlıq alətləri, XIII-XIX əsr həkimlərimizin əsli Əlyazmalar İnstitutunda saxlanan ayrı-ayrı tibbi traktatlarının surəti diqqəti cəlb edir. Burada həmçinin Baba Qaibov Qarabaği, onun davamçıları olan Qaibovlar sülaləsinin fotoşəkilləri, müalicə məqsədilə istifadə etdikləri şəxsi əşyaları qorunub saxlanılır. XIX əsrdə Rusiyanın və Avropanın müxtəlif universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlərin – A.Axundovun, Bakıda ilk pulsuz müalicəxananın təşkilatçısı M.Vəkilovun, ilk sanitar həkim M.Şərifovun, V.Axundovun, Ə.Mehmandarovun, İ.Rəhimovun portretləri, diplomları, monoqrafiyaları, dissertasiyaları bu zalda nümayiş etdirilir. Sinir və kardiologiya sahələrini elmi eksperimentləri ilə zənginləşdirmiş böyük alim, Kazan Universitetinin professoru Mirzə Kazım bəyə ayrıca guşə həsr olunub.
Ücüncü zalda XX əsrin əvvəllərində Bakıda neft sənayeçilərinin qərarına əsasən, həmin dövr üçün müasir tibb avadanlıqları ilə təchiz edilmiş müalicəxanaların yaradılmasına aid çoxlu fotoşəkillər, sənədlər nümayiş etdirilir. Bunların arasında Ramana feldşer məntəqəsi diqqəti cəlb edir.
AMEA-nın ilk prezidenti M.Mirqasımova və Azərbaycanda pediatriyanın əsasını qoymuş tibb elmləri doktoru Y.Gindesə ayrıca guşə həsr olunub. Muzeyə gələnlər Kiyev, Xarkov, Moskva və Novorossiysk Universitetlərində təhsil almış azərbaycanlı həkimlərin, I Dünya müharibəsində iştirak etmiş tibb işçilərinin, Peterburqun hərbi lazaretində baş tibb bacısı kimi fəaliyyət göstərmiş Nigar xanım Qayıbova – Şıxlinskayanın və başqalarının fotoşəkillərinə maraqla baxırlar.
Vəba xəstəliyinin geniş yayıldığı 1914-1917-ci illərdə indiki Kliniki Tibbi Mərkəzin yerində inşa edilmiş vəba baraklarına, xəstənin təcili yardım karetası ilə oraya hospitalizasiya edilməsinə həsr olunan maket də maraqla qarşılanır.
Dördüncü zalda Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə təbabətimiz, 1919-cu ildə yaradılmış Bakı Universitetinin ilk binası, onun ilk rektorları cərrah V.İ.Razumovski və nevropatoloq S.N.Davidenko, Tibb fakültəsinin ilk buraxılışı, professor və müəllim heyəti və s. barəsində dolğun məlumatlar öz əksini tapıb. Burada həmçinin Azərbaycanda sovet hakimiyyətinin ilk illərində İnqilab Komitəsinin səhiyyə sahəsində fəaliyyətindən geniş bəhs edilir, Bakıda nəşr olunan tibb jurnalları, alimlərin əsərləri və digər materiallar sərgilənir.
Bu zalın ən maraqlı guşələrindən biri Nəriman Nərimanova həsr olunub. Burada onun tibbi məqalələri, şəxsi əşyaları, oğlu Nəcəfə məktubu nümayiş etdirilir.
Beşinci zalda müharibəyə qədərki dövrdə sovet Azərbaycanında səhiyyənin təşkili, 1934-1936-cı illərdə kənd əhalisinə sanitariya xidmətini yaxşılaşdırmaq məqsədilə təşkil olunmuş «Göyçay hərəkatı», həmin dövrdə tibb işçilərimizin infeksion xəstəliklərə qarşı mübarizəsi şəkillərdə öz əksini tapıb. Azərbaycan Tibb Universitetinin və Həkimləri Təkmilləşdirmə İnstitutunun yaradılmasına və fəaliyyətinə geniş yer ayrılıb. Azərbaycan Qırmızı Aypara Cəmiyyətinə aid guşədə onun ilk tanınma nişanları, paltarları nümayiş etdirilir.
Görkəmli alim, həkim Sona xanım Vəlixan, onun şəxsi əşyaları, 1930-cu illərdə Berlində dərc olunan əsərləri burada özünə layiqli yer tapıb.
Ekspozisiyada cəmi bir il fəaliyyət göstərmiş Diş Tibb İnstitutunun ilk buraxılışı, görkəmli səhiyyə təşkilatçısı M.İsrafilbəyov (Qədirli), S.M.Əfəndiyev və başqaları haqqında dolğun məlumat verilir.
Böyük Vətən müharibəsində qələbədə Azərbaycanın əsgər və zabitləri, neftçiləri kimi, tibb işçiləri də əvəzsiz rol oynayıblar. Böyük fədakarlıq göstərmiş həkimlərimiz minlərlə yaralı əsgər və zabiti ölümün pəncəsindən qurtarıblar. Bu barədə materiallar ekspozisiyanın altıncı zalında toplanıb. Belə həkimlərimizdən ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adını almış Məmməd Məmmədov, Səməd Abdullayev haqqında maket-diarama nümayiş olunur.
Müharibə dövründə Azərbaycan həm də ən cox yaralı qəbul edən respublikalardan idi. Evakohospitallarımızda 400 mindən çox yaralı müalicə olunmuş, döyüşə və əmək cəbhəsinə yola salınmışdı. Bu barədə muzeyə gələnlərə çoxlu fotoşəkil, sənəd, yaralıların sanitar qatarı ilə Bakı vağzalına gətirilməsinə aid maket-diarama təqdim edilir.
Xalqımızın cəsur həkim qızı Aliyə Rüstəmbəyovaya həsr edilmiş guşədə onun şəklləri, partizan dəstəsindən doğmalarına göndərdiyi son məktubu nümayiş olunur.
Müharibədən sonrakı təbabətimizə aid yeddinci zalda uzunömürlülər diyarı Azərbaycanda bu məsələ ilə məşğul olan professor Ş.Həsənovun yaratdığı Sağlamlıq Zonası, Azərbaycan SSR EA-nın ilk prezidenti, akademik M.Mirqasımov, Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı adı almış həkimlərimiz – akademik M.Topçubaşov, Ş.Ələsgərova, Z.Qazıyeva, B.Əliyeva haqqında məlumatlar yer alıb. Həmçinin görkəmli kardioloq, akademik C.Abdullayevə, akademik M.Cavadzadəyə, akademik A.Namazovaya, AMEA-nın müxbir üzvü F.Əfəndiyevə, Azərbaycan SSR səhiyyə naziri və Azərbaycan KP MK-nin birinci katibi olmuş akademik V.Axundova ayrıca guşə həsr edilib.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması naminə fəaliyyətini ehtiva edən növbəti zalda ulu öndərin rəhbərliyi dövründə Bakıda və digər şəhərlərdə açılmış, o dövr üçün ən yeni cihaz və avadanlıqlarla, tibbi ləvazimatlarla təmin olunmuş, ittifaq əhəmiyyətli ixtisaslaşdırılmış mərkəzlərdən, keçmiş sovetlər birliyində və xarici ölkələrdə çox sayda yüksək ixtisaslı kadrların hazırlanmasından bəhs olunur. Sahə həkimlərinin I qurultayı, Oftalmoloqların konfransı, Elmi Tədqiqat Kardiologiya İnstitutunun açılışı məhz bu dövrə təsadüf edir. Burada Heydər Əliyevin müxtəlif konfranslarda iştirakını, tibb işçiləri ilə görüşlərini, səhiyyə məsələləri ilə bağlı Mstislav Rostropoviç, Maykl Debeyki və İhsan Doğramacı ilə əməkdaşlığını əks etdirən fotoşəkillər nümayiş etdirilir.
Azərbaycanda oftalmologiyanın inkişafında əvəzsiz xidmətləri olan Əməkdar Elm Xadimi, akademik Zərifə Əliyevanın fotoşəkilləri, çoxşaxəli elmi fəaliyyətinə dair sənədlər də bu zalda sərgilənir.
Muzeyin sonuncu zalı ümummili lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı – Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində görülən işlərdən bəhs edir. Yeni tikilmiş, əsaslı təmir olunmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş tibb müəssisələrinin görüntüləri bu fəaliyyətin sübutudur. Bu gün Səhiyyə Nazirliyi dövlət başçısının sosial siyasətinin həyata keçirilməsi üçün əzmlə çalışır, əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, yüksək ixtisaslı tibb işçilərinin hazırlanması və s. üzrə mühüm işlər görür. Bu fəaliyyətin təzahürü olan fotolar stendlərdə nümayiş olunur.
Ekspozisiya 1918-ci ildən bu günümüzə qədər Azərbaycanın səhiyyə naziri olmuş şəxslər haqqında məlumatla yekunlaşır.
Muzeyin hücrəsindən hücrəsinə keçən tamaşaçılar təbabətimizin tarixini əks etdirən bu ekspozisiyaya çox maraqla və minnətdarlıq hissi ilə baxırlar.

Sevinc MƏMMƏDOVA,
Azərbaycan Təbabəti Muzeyinin baş mühafizi


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova