“Səndən doymaq olarmı, həyat sən nə şirinsən!”
Təəssüf ki, belə düşünməyənlərin sayı artır, hər il Yer üzündə 1 milyon nəfər intihar edir
“Can şirin şeydir” deyərlər. Amma zaman keçdikcə, bu deyim o qədər də inandırıcı səslənmir. Bizi belə düşünməyə vadar edən dünyada intiharların ilbəil artması və bu barədə xəbərlərin cəmiyyətdə adi hal kimi qarşılanmasıdır. Bəs, insanları canından bezdirən səbəblər nədir? Niyə bəziləri yaşamağı yox, ölümü seçirlər? Bu gün qlobal miqyasda aktual problemlərdən sayılan intiharla bağlı ölkəmizdə vəziyyət necədir? Bu və digər suallara aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılovla həmsöhbət olduq.
Ölkəmizdə intihar göstəricisi kritik həddən xeyli aşağıdır
- Dünya təcrübəsi göstərir ki, əksər hallarda intiharların bədbəxt hadisə kimi qeydə alınması, bəzən isə ölümün suisid, yaxud qətl olub-olmadığını müəyyənləşdirməyin qeyri-mümkünlüyü səbəbindən intiharların əsl sayı barədə dəqiq informasiya əldə etmək çətin olur. Lakin Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il Yer üzündə 1 milyon nəfər intihar edərək dünyasını dəyişir.
Ölkəmizdə də suisid problemi mövcuddur. Təəssüf ki, İran, Rusiya, ABŞ, yüksək inkişaf etmiş Avropa dövlətləri və s. kimi, Azərbaycanda da intiharların sayında artım tendensiyası müşahidə olunur. Ancaq bununla belə, ölkəmizdə bu sahədə ümumi göstəricilər kritik həddən xeyli aşağıdır. Belə ki, hər 100 min nəfərə 15 suisid hadisəsi kritik hədd sayılırsa, bizdə bu göstərici 2-2,5-dən 4,4-ə qədər artıb.
İnsanlar suisidlərin sayının hədsiz çoxaldığını deyərkən onu da nəzərə almalıdırlar ki, əvvəllər hansısa rayonda, ucqar kənddə, bəzən elə Bakıda da intihar hadisəsi baş verəndə bundan əksər hallarda yaxın qohumlardan və qonşulardan başqa heç kim xəbər tutmurdu, yəni ailə çalışırdı ki, bu məlumat yayılmasın. İndi hər il informasiya axını 2-3 dəfə artır, demək olar ki, bütün intihar faktları kütləvi informasiya vasitələrində işıqlandırılır, sosial şəbəkələrdə geniş müzakirə edilir. Ona görə problem daha qabarıq görünür.
- İnsanlar nə səbəbdən öz həyatlarına qəsd edirlər?
- İntihar səbəblərini ümumiləşdirsək, onların 4 səbəbdən baş verdiyini deyə bilərik.
Birinci – reallıqdan qaçmaq. İnsan mövcud reallığa uyğunlaşa bilməyəndə, həyatda özünü tapmayanda çıxış yolunu reallıqdan qaçmaqda, həyatdan imtina etməkdə görür.
İkinci səbəb şəxsin özünə nifrəti ola bilər. Bu zaman o düşünür ki, çox səhvlər edir, buna görə yaşamamalıdır, əgər yaşamasa, nə özü əziyyət çəkər, nə də yaxınlarına əziyyət verər. Bu vəziyyət əsasən depressiya zamanı müşahidə edilir.
Üçüncü səbəb üsyan, etirazdır. İntihar edən şəxs kimisə cəzalandırmaq üçün belə bir yol seçir.
Dördüncü isə yardıma, köməyə çağırış məqsədilə edilən intiharlardır. Bu zaman insan əslində özünü öldürmək istəmir, sadəcə olaraq, düşdüyü çətinlikdən çıxış yolu tapmadığı üçün bu yolu seçir, diqqət cəlb etməyə çalışır.
- Bəs, sosial problemlər?
- Bir sıra bioloji, irsi amillər, psixi və somatik xəstəliklər, psixoloji problemlər və qeyd etdiyiniz sosial faktorlar intiharı şərtləndirə bilər.
Amma onu da nəzərə almalıyıq ki, biz indi 20 il əvvəllə müqayisədə qat-qat yaxşı yaşayırıq – sosial problemlər, yoxsulluq azalıb, texnologiya yüksək inkişaf həddindədir, ümumiyyətlə, həyat səviyyəsi, həyat keyfiyyəti artıb. Ancaq intiharlar ilbəil çoxalır. Ona görə də suisidləri sırf sosial problemlərlə əlaqələndirmək doğru deyil. Deyə bilərsiniz ki, Azərbaycan müharibə şəraitində olan ölkədir, qaçqın və məcburi köçkünləri, bir sıra digər sosial problemləri var. Ancaq suisidlərin artmasının bununla birbaşa bağlılığı yoxdur. Axı, belə problemlərlə üzləşməyən, həyat səviyyəsi yüksək olan İsveçrə, İsveç, Macarıstan, Avstriya kimi ölkələrdə də intiharların sayı çoxalır.
Hər dövrün özünün çətinlikləri, maddi, mənəvi problemləri olur, onları həll etmək üçün yollar aramaq lazımdır. İntihar çıxış yolu deyil.
Suisid riski daşımayan insan yoxdur
- Deyirlər ki, intihar haqqında düşünən insan bunu mütləq bir gün reallaşdıracaq. Bu nə dərəcədə doğrudur?
- Ümumiyyətlə, intihara münasibətdə cəmiyyətdə bu və digər çox yanlış fikirlər, kütləvi şüurda bəzi stereotiplər var. Məsələn, düşünülür ki, əgər insan bir dəfə hər şeyə son qoymaq istəyibsə, intiharı qaçılmazdır. Lakin suisidal cəhdlər daha çox kəskin həyat böhranı dövründə yaranır. İnsan böhrandan tamamilə çıxdıqdan sonra isə intihar etmək ehtimalı yox olur. Suisidal hisslərlə bağlı ciddi təcrübəyə malik olan əksər insanlar sonradan uzun illər və onilliklər yaşayırlar.
Başqa bir səhv fikir “İntihar edənlər öz əməllərinin mahiyyətini tam anlayırlar, onların öz həyatları ilə istədikləri kimi davranmağa hüquqları çatır” düşüncəsidir. Tamamilə səhv yanaşmadır. Suisidal fikirlərə düşən insanlar eyni zamanda ziddiyyətli hisslər keçirirlər: bir tərəfdən onlar ölüm arzulayırlar, digər tərəfdən isə yaşamaq istəyirlər. Onları belə vəziyyətdə yalnız buraxmaq olmaz.
İntiharla əlaqədar üçüncü yanlış fikir bundan ibarətdir ki, guya bu barədə çox danışan insanlar heç vaxt onu həyata keçirmirlər. Halbuki intihar edənlərin 80%-dən çoxu həyatdan köçmək istəmələri haqqında öncədən kifayət qədər ciddi xəbərdarlıqlar edirlər.
Suisidlə bağlı dördüncü səhv fikir isə odur ki, insanla onun suisidal düşüncələrinin müzakirə edilməsi onda intihar istəyini daha da artıra bilər. Əslində isə, intihar etmək qərarına gələn insana qayğı ilə yanaşmaq, məsləhət vermək, emosional yardım göstərmək, onunla xüsusi həssaslıqla söhbət etmək lazımdır. Bu cür münasibət həmin şəxsin vəziyyətini yüngülləşdirə və intiharın qarşısını ala bilər.
Onu da qeyd etmək lazımdır ki, suisidal davranış suisidal niyyət, suisidal cəhdlər və başa çatmış intihar olmaqla növlərə ayrılır. Bunlar yetərincə ümumi xüsusiyyətlərə malik olsalar da, məna etibarilə müxtəlif hərəkətləri əks etdirir.
Suisidal niyyət intihar barədə düşüncələri, həyatdan getmək üçün yollar axtarılmasını, müxtəlif hazırlıqların görülməsini özündə birləşdirir. İntihar cəhdləri nisbətən az təhlükəli əməllərdən başlayaraq (məsələn, az miqdarda dərman qəbulu) həyat üçün ciddi təhlükə yaradan autoaqressiv akta qədər hərəkət spektrini əhatə edir. Başa çatmış intihar isə insanın həyatdan getməsi ilə qurtarır.
Suisidal niyyətlərin qiymətləndirilməsi və profilaktikası suisidal davranışın qarşısını almaqda böyük önəm daşıyır.
- İnsanların qarşılıqlı münasibətlərində hansı məqamlar intihar baxımından daha çox narahatlıq doğurur?
- Onların bir-birlərinə olduqca biganə yanaşması. Bir insan depressiyada olur, yaxınları isə deyirlər ki, ruh düşkünlüyü var, keçib gedəcək. Həmin şəxsin özünə qəsd edə biləcəyini ağıllarına da gətirmirlər. Bəzən kiminsə haqqında rahat şəkildə deyirlər ki, o heç vaxt intihar etməz. Halbuki bundan əmin olmaq mümkün deyil.
- Belə çıxır ki, hər kəsin intihar etmək ehtimalı var?
- Bəli, hər birimiz nə vaxtsa intihar haqqında düşünürük. Suisid riski daşımayan insan yoxdur. Ciddi suisidal cəhdlər isə əvvəlcədən planlaşdırılır.
İntiharın qarşısını almaq üçün bütün cəmiyyət bu haqda məlumatlı olmalıdır. Belə ki, insan resursları ilə işləyən peşə qrupları: müəllimlər, sahə həkimləri, sosial işçilər və başqaları sayıqlıq göstərməli, belə hallarla rastlaşdıqda düzgün istiqamətləndirmə aparmalı və psixi sağlamlıq sahəsində çalışan mütəxəssislərlə sıx əməkdaşlıq etməlidirlər.
- Çox ağrılı məqamlardan biri də uşaqlar və yeniyetmələr arasında intiharların artmasıdır. Belə ki, rəsmi statistikaya görə, 2009-cu ildə 14 yaşa qədər 2, 2013-cü ildə isə 11 uşaq intihar edib. Bu nə ilə əlaqədardır?
- Biz Gənclər və İdman Nazirliyi ilə birgə bu sahədə araşdırma aparmışıq, müxtəlif layihələr həyata keçirmişik. Belə nəticəyə gəlinib ki, yeniyetmə yaşda intihara cəhd səbəbləri arasında ilkin yerdə romantik münasibətlər dayanır. İkinci faktor abituriyentlikdir. 15-17 yaşlı yeniyetmə gərgin və stresli hazırlıq dövrü keçir, istədiyi nəticə olmayanda isə bəzən özü bunu qəbul edə bilmir, bəzilərinə isə qoyulan tələbləri yerinə yetirə bilmədiyi üçün ailə təzyiq göstərir. Nəticədə, psixoloji durumu normal vəziyyətdə olmayan yeniyetmə intihar yolunu seçir.
Digər səbəb uşaqların keçid dövrü problemidir. Həmin müddətdə onların müstəqillik arzusu baş qaldırır, bu zaman ailədə valideynlə uşaq arasında tez-tez konfliktlər ortaya çıxır. Hətta çox xırda şeylər üstündə evdə ciddi söz-söhbət yaranır. Məsələn, uşaq bahalı telefon istəyir, valideyn isə onu almağa imkanının olmadığını bildirir. Bu kimi hallarda uşaqlar valideynlərinin acığına, onları cəzalandırmaq üçün intihar edirlər.
Qeyd edim ki, hazırda iki əsas tip yanlış valideyn davranışı var. Birinci tipə aid olanlar övladlarının maddi təminatını ödəməklə işini bitmiş hesab edir, problemləri ilə maraqlanmır, qayğısına qalmırlar. Digər tip valideynlər isə uşaqlarını həddən artıq sıxırlar, onlarla çox ciddi rəftar edirlər, lazımsız qadağalar qoyurlar və s. Hər iki münasibət yanlışdır və təhlükəlidir.
Bu gün ailələrdə ən ciddi problemlərdən biri də ünsiyyət defisitidir. Azərbaycanda ailə bir qurum kimi həmişə möhkəm olub, ancaq, təəssüf ki, indi dünyada müşahidə olunan ailə bağlarının zəifləməsi bizdə də özünü biruzə verir. Ailə üzvləri bir-biri ilə danışmır. Ata-ana hərəsi bir tərəfdə öz işində olur, internetdə oturur, uşaqlar isə diqqətsiz qalır. Düzgün yanaşma isə odur ki, valideynlər övladlarının problemləri ilə maraqlanmalı, onlarla söhbət etməli, istəklərini, düşüncələrini, məqsədlərini öyrənməlidirlər. Uşaqla, xüsusən yeniyetməlik dövründə, normal rəftar etmək lazımdır. Onunla dostluq, əməkdaşlıq münasibətləri qurulmalıdır.
Qeyd edim ki, ailəsindən emosional, mənəvi dəstək görməyən uşaqlar daha çox depressiyaya meyillidirlər. Depressiyanın nəticəsi isə çox vaxt intihar olur.
Bir nümunə gətirim. Bu, yeniyetmənin intiharı faktı olmasa da, valideynin övladına qeyri-ciddi münasibətini göstərən hadisədir. Həmin valideynlər bu yaxınlarda intihara cəhd etmiş 22 yaşlı qızlarını bizim Mərkəzə gətirmişdilər. İntiharın səbəbi ilə maraqlananda məlum oldu ki, qızı 17 yaşında özünün istəyi olmadan ərə veriblər. Düşünüblər ki, övladlarının oxumasına ehtiyac yoxdur, ən yaxşısı odur ki, ərə getsin, xoşbəxt olsun. Tanımadığı insanla ailə quran qız həyat yoldaşından kobud rəftar görüb, özünü bədbəxt hiss edib və ölmək istəyib. Mən valideynlərə izah etməyə çalışdım ki, övladınız belə yaşaya bilmirsə, ən doğru yol onun həyat yoldaşından ayrılmasıdır, əks halda qızınızı itirə bilərsiniz. Onların mənə cavabı belə oldu: “Həkim, nə danışırsınız?! Bizim ailədə belə şey ola bilməz!”. Bu sözdən sonra həkim nə edə bilər ki?!
Təəssüf ki, problem təkcə ailələrdə deyil. Məktəblərdə də bu sahədə ciddi çatışmazlıqlar var. Əvvəllər müəllimlər uşaqlarda hər hansı problem, psixoloji gərginlik, hədsiz utancaqlıq, dərsə yanaşmalarında səhlənkarlıq və s. hiss edəndə valideyn iclaslarında bu məsələləri diqqətdə saxlayırdılar. İndi təhsil müəssisələrində yalnız qiymətlər, ballar əsasdır.
Məktəblərdə çalışan psixoloqlar isə ancaq təhsil psixologiyasını yaxşı bilirlər, klinik psixologiyanı yox. Yəni onlar uşaqda olan depressiyanı, təşvişli pozuntuları, adaptasiya pozuntularını görə bilmirlər. Əlbəttə ki, bu, belə olmamalıdır.
Son 5 ildə əvvəlki 30 ildən qat-qat çox işlər görülüb
- Son vaxtlar əhalinin psixi sağlamlığının qorunması istiqamətində görülən işləri necə qiymətləndirirsiniz? Psixi Sağlamlıq Mərkəzinin bu sahədə fəaliyyəti nədən ibarətdir?
- Sosial rifahın mühüm amillərindən olan psixi sağlamlıq sahəsində son beş ildə görülmüş işlər ondan əvvəlki 30 illə müqayisədə qat-qat artıqdır. Bu sahədə nəzərəçarpacaq dərəcədə çox və önəmli islahatlar həyata keçirilib. İlk növbədə qeyd ediləsi fakt “Əhalinin psixi sağlamlığı haqqında” Milli Strategiyanın qəbul olunmasıdır. Dörd il əvvəl bu strategiya çərçivəsində bizim Mərkəzin fəaliyyətə başlaması da həmin işlərin bir hissəsidir.
Qeyd edim ki, Psixi Sağlamlıq Mərkəzi dörd istiqamətdə fəaliyyət göstərir. İlk növbədə, burada suisid və digər krizis vəziyyətləri üçün Təcili psixoloji yardım şöbəsi yaradılıb. Burada müraciət edən şəxslərə böhran vəziyyətinin araşdırılması, psixoloji problemlərin aradan qaldırılması məqsədilə yardım edilir. Şöbədə müxtəlif psixoterapiya xidmətləri, fərdi və qrup psixoterapiyaları aparan psixoloqlar, problemin tibbi aspektlərini qiymətləndirmək üçün psixiatrlar, sosial yönümlü problemlərin araşdırılması və aradan qaldırılması üçün sosial işçilər çalışır.
Xatırladım ki, Səhiyyə Nazirliyinin ölkəmizdə psixi sağlamlıq xidmətinin gücləndirilməsi məqsədilə ötən il verilmiş əmrinə əsasən, bir sıra tibb müəssisələrində psixoloq ştatı yaradılıb, onlara təşkilati-metodik rəhbərlik isə Psixi Sağlamlıq Mərkəzinə həvalə olunub. Ağır xəstəliklər, uzun sürən üzücü, xronik patologiyalar zamanı insanlar tək fiziki deyil, müxtəlif psixoloji və emosional problemlərlə də qarşılaşırlar. Bu problemlərin vaxtında aşkar olunması və həll edilməsi digər müsbət nəticələrlə yanaşı, xəstələr və onların yaxınları arasında intiharların qarşısının alınması baxımından da çox önəmlidir.
Göstərilən digər vacib xidmət isə Psixi Sağlamlıq Mərkəzinin “İnam” telefon xəttidir (566 50 61). Krizis vəziyyətlərinin qarşısını almaq və böhran halına anında müdaxilə edə bilmək üçün ixtisaslı mütəxəssislər həmin xətdə xidmət göstərirlər.
Ağır və xroniki psixi pozuntular zamanı suisid riski daha yüksəkdir. Psixi Sağlamlıq Mərkəzinin Müalicə-konsultativ şöbəsi belə pasiyentlərə məsləhət-müayinə və müalicə xidmətləri göstərir. Pasiyentin vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün gündüz stasionarı xidməti təşkil edilib. Ənənəvi stasionarın alternativ forması olan gündüz stasionarının müsbət cəhəti odur ki, insan öz yaşadığı mühitdən uzaqlaşmadan stasionar xidmətlər alır və evə gedə bilir. Bunun sayəsində o daha az stiqma problemi və diskriminasiya ilə qarşılaşır. Gündüz stasionarı Səhiyyə Nazirliyi tərəfindən müasir dərmanlarla və yeməklə təchiz olunur.
Psixi Sağlamlıq Mərkəzinin göstəridyi ən əsas və vacib xidmət ağır psixi pozuntulardan əziyyət çəkən insanlar üçün Psixo-sosial reabiliyasiya şöbəsinin fəaliyyətidir. Ölkəmizdə ayrı-ayrı səhiyyə ocaqlarında uşaqlar üçün reabilitasiya xidmətləri mövcuddur, lakin bura yeganə mərkəzdir ki, 18 yaşdan yuxarı şəxslər psixo-sosial reabilitasiya xidmətləri üçün müraciət edə bilərlər. Ağır psixi pozuntular zamanı suisid riskini azaltmaq məqsədilə pasiyentlərin sosial həyata adaptasiyası təşkil olunur. Məhz bunun üçün müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət komandamız fəaliyyət göstərir. Mütəxəssislərimiz müraciət edənlərə xəstələrin tələbatlarının beynəlxalq səviyyədə qəbul edilmiş qiymətləndirmə metodu olan “CARE” üsulu ilə yanaşmaqla, onların problemlərini, məqsədlərini, planlarını araşdırırlar. Hər pasiyentə psixiatr, psixoloq, sosial işçi, reabilitasiya üzrə mütəxəssis və digər ixtisaslı işçilər tərəfindən xidmətlər göstərilir. Komanda şəklində təşkil olunan yardıma psixoterapiya, sosial iş, koqnitiv remediasiya, əmək terapiyası, art terapiya, qrup terapiyası, həmçinin reabilitasiya məqsədi ilə dram, idman, ilkin ibtidai biliklər, özünə qulluq, kulinariya dərnəkləri daxildir.
- “İnam” telefon xidmətinə müraciət edərək, özünü öldürəcəyi ilə bağlı məlumat verən olurmu? Belə şəxslərə telefon vasitəsilə yardım etmək mümkündürmü?
- Əlbəttə, intiharqabağı zənglər olur. Bu zaman krizis mərkəzində oturan psixoloqlar intihar riskini qiymətləndirirlər. Risk yüksəkdirsə, telefon vasitəsilə krizis müdaxiləsi edilir. Reflektiv dinləmə, araşdırma, prioritetləşdirmə, müdaxilə və davamlı yardım həyata keçirilir. Vətəndaşa nə etməli olduğu ilə bağlı məsləhətlər verilir, sonra o hansısa mütəxəssisə yönləndirilir.
Telefon xidməti göstərdikdən sonra bizimlə təkrar əlaqə saxlamalarını xahiş edirik. Bəziləri sonradan zəng edib təşəkkür edirlər, tez-tez xoş sözlər eşidirik.
- İntihar riski qiymətləndirilərkən nələrə diqqət edilir?
- Bəzi şəxslər bir sıra göstəricilərə görə, intihar üçün xüsusi risk qruplarına aid edilir. Bu amillərə kişi cinsinə mənsub olma, gənc və ahıl yaş, ailənin dağılması, aşağı sosial status, işsizlik, sağlamlıq problemləri, psixi pozuntular, zərərli vərdişlər, əvvəlki cəhdlər, intihar barədə bəyanat, evdə silah olması və s. aiddir.
Onu da qeyd edim ki, qadınlarda depressiya, kişilərdə isə suisid riski daha artıqdır. Dünyada və ölkləmizdə qeydə alınan statistikaya görə, kişilər qadınlardan iki dəfə artıq intihara meyillidirlər.
Peşələr üzrə isə jurnalistlər, əczaçılar, polislər, hərbçilər arasında intihar halları daha çox qeydə alınır. Yəqin ki, bu, stress faktoru ilə əlaqəlidir.
- Hazırda Azərbaycan cəmiyyətində psixi xəstələrə münasibət necədir?
- Əvvəlki dövrlərlə müqayisədə irəliləyiş var. Ancaq psixi pozuntuları olanlara qarşı çox ədalətsiz yanaşanlar yenə də qalır. Cəmiyyətdə mərhəmət, humanistlik hissləri artmalıdır.
Bəzən kütləvi informasiya vasitələrində “psixi xəstə kimi qeydiyyatda olan filankəs cinayət etdi” kimi xəbərlər yayılır və ya hansısa ictimai yerdə bu mövzuda söhbətlər eşidilir. Belə şeylər bu sahədə problemi olan başqa insanlara mənfi təsir edir.
Qeyd edim ki, qanunvericiliyə görə, psixi xəstələrin qeydiyyatı aparılmır. Bu, istənilən psixi xəstəliyə aiddir. Dispanser müalicə qətiyyən qeydiyyat deyil, bu, xəstə ilə intensiv görüşlərdir. Hətta bəzi insanlar adının qeydiyyata düşməsindən çəkinərək həkimə müraciət etmirlər. Çünki bu zaman onlar bir çoxları tərəfindən təhlükəli, hər an nəsə edə biləcək şəxslər kimi qəbul olunurlar. Əslində isə, belə deyil. Doğrudur, hansısa ağır xəstə nə vaxtsa kiməsə zərər verə bilər. Amma normal, daha doğrusu, psixi xəstəliyi olmayan insanlar onlardan qat-qat artıq təhlükəli ola bilərlər.
Onu da unutmamalıyıq ki, hər birimizdə istənilən an psixi pozuntu başlaya bilər və heç kim bundan sığortalanmayıb.
- Sonda insanlara arzularınız...
- Mən insanlara həyatda gözəl olan hər şeydən zövq almağı arzulayıram. Həyatda insanın özünü xoşbəxt hiss etməsi üçün o qədər səbəblər var ki... Niyə sevinməyək? Niyə xoşbəxt olmayaq?
Ü.FƏRZƏLİYEVA