Azərbaycanda çəpgözlüyün fərqli müalicəsi
“Çəpgözlük dünyada geniş yayılmış problemdir və uşaq göz xəstəliklərinin təxminən 10 faizini təşkil edir. Müxtəlif elmi mənbələrdə bu mövzuda saysız-hesabsız məlumatlar var, gözdə çəpliyin yaranma səbəbləri ilə bağlı müxtəlif izahlar verilir.
Milli Oftalmologiya Mərkəzində çəpgözlük və zəiflik problemi ilə böyük bir şöbə məşğul olur. Biz çəpgözlüyün səbəbini tamamilə fərqli izah edirik. Müvafiq olaraq, tamamilə fərqli üsulla da müalicə edirik”.
Bu özünəməxsus yanaşma və elmi yeniliklər barədə bizə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Çəpgözlük, refraksiyanın patologiyası və oftalmoerqonomika şöbəsinin müdiri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Rasim Hacıyev danışdı.
- Rasim müəllim, “fərqli yanaşma” dedikdə nəyi nəzərdə tutursunuz?
- Qərbdə son zamanlar geniş yayılmış bir nəzəriyyə var – “xaos” nəzəriyyəsi. Xaos qarmaqarışıqlıqdır. Dünyada həm qarışıqlıq, həm də nizam var. Orqanizmimiz də eyni prinsiplə işləyir. Məsələn, biz ac olanda başımız ağrıyır. Halbuki problem mədədədir. Orqanizm nizam yaratmaq, qidalanmağa olan tələbatı ödətdirmək üçün baş ağrısı ilə, yəni siqnal və ya xəstəlik vasitəsilə xaos yaradır. Görmədə də prinsip eynidir. Uşaq anadan olanda görmür. Bu qabiliyyət tədricən yaranır və inkişaf edir. İnkişafın gedişində sağ və sol gözlər öz aralarında mübarizə aparır. Burada biz xaosun müxtəlif qanunlarını – əksliklərin vəhdəti və mübarizəsi, kəpənək effektini tətbiq edirik.
Mərkəzi sinir sistemində balanslaşmış şəkildə görməni nizamlamağa cavabdeh olan xüsusi nahiyə var. Oradakı beyin hüceyrələri ilə əlaqə yaratmaq uğrunda iki göz arasında mübarizə gedir. Əgər gözlərdən biri o birindən bir az güclüdürsə, o, daha çox beyin hüceyrəsi ilə əlaqə yaradır, onları öz tərəfinə çəkir. Bu disbalans və “mübarizə” nəticəsində digər zəif göz əyilir, çəplik meydana gəlir. Ona görə də mikrokorreksiyanın köməyi ilə hər iki gözdə eyni cür görməyə nail olunarsa, çəpgözlük də qisa bir zamanda tam keçər.
- Bəs, gözlər arasında güc fərqi niyə yaranır?
- Səbəb göz almasının formasıdır. Təsəvvür edin ki, göz almasının forması hər kəsdə fərqlidir. Və elə formalar var ki, simmetriyanın pozulmasına gətirib çıxarır, asimmetriya əmələ gəlir.
- Fərqli müalicə üsulu tətbiq etdiyinizi vurğuladınız...
- Bəli. Öncə qeyd edim ki, 6 ayınadək uşaqlarda çəpgözlük infantil çəpgözlük adlandırılır və bütün dünyada cərrahi yolla müalicə edilir. Belə hallarda bəzən təkrari əməliyyata ehtiyac olur.
Biz isə – əgər vaxtında müraciət edilərsə – infantil çəpgözlüyü olan uşaqlara eynək yazmaqla 1 aya onların gözlərinin simmetrik vəziyyətinə, demək olar ki, 100% hallarda nail oluruq. Bu, dünyada yenilikdir.
Bir nümunə deyim. Bizə daxili çəpgözlüyü olan bir yaşında uşağın valideynləri müraciət etdilər. Onu həmin vaxta qədər müxtəlif həblər və iynələrlə müalicə etmişdilər. Müayinə zamanı məlum oldu ki, uşağın hər iki gözü, xüsusilə də sağ gözü çox zəif görür. Uşağa eynək yazıldı, 6 aydan sonra gözlərin simmetrik vəziyyəti tam bərpa olundu.
Deyə bilərsiniz ki, çox həkim eynək yazır, burada nə var ki?! Əgər yüksək hipermetropiya varsa (müsbət refraksiya), çəpgözlüyü düzəltmək asandır. Əgər yoxdursa, onda bu çəpgözlüyü qeyri-akkomodasion çəpgözlüyə aid edib, cərrahi müalicə təklif edirlər.
Bundan başqa, hər bir uşaqda bu və ya digər dərəcədə astiqmatizm də olur. Eynək yazan zaman biz refraksiyada olan kiçik xətaları da nəzərə alır, eynək reseptində hətta 0,25 D-li silindri də yazırıq. Bu fərq o qədər kiçikdir ki, həkimlər tərəfindən adətən diqqətə alınmır, çünki bu cür cüzi fərqin çəpgözlüyə səbəb ola biləcəyi heç kimin ağlına gəlmir.
Bizim şöbənin mütəxəssisləri bu mövzuda elmi iş hazırlayır, elmi məqalələr çap etdirirlər. Əməkdaşlarımız 2 il əvvəl Milanda keçirilmiş Ümumdünya Uşaq Oftalmoloqları Konqresində, bir il əvvəl Tokioda, ötən ilin sentyabr ayında Barselonada keçirilmiş elmi konfranslarda bu barədə çıxış ediblər. Bu, dünyada yenilik olduğu üçün iştirakçılar həmin çıxışları təəccüblə qarşılayırlar, mövzu geniş mübahisə və müzakirələrə səbəb olur.
- Qeyd etdiniz ki, mütəxəssisə vaxtında müraciət edilərsə, uğurlu nəticə əldə olunur. Bəs, gecikmə olduqda problem necə aradan qaldırılır?
- Çəpgözlük yarandıqdan sonra ən gec 8 ay ərzində həkimə müraciət edilməlidir. Əgər uşaqda çəpgözlük 3 ayında baş veribsə, 1 yaş 2 ayında müraciət olunursa, artıq gec sayılır.
Burada valideynlərin üzərinə ciddi məsuliyyət düşür. Əgər uşaqlarını vaxtında müalicəyə gətirsələr, problemi tez aradan qaldırmaq olar. Əks halda, dünyada qəbul olunduğu kimi, biz də əməliyyat yolunu seçirik. Eynək və xüsusi aparatlar vasitəsilə aparılan müalicə, pleoptika, artoptika effekt vermirsə, 5-6 aya istənilən nəticə olmasa, əməliyyat etdirmək məsləhətdir. Cərrahi müdaxilədən sonra kənar adam heç hiss edə bilməyəcək ki, uşaqda çəpgözlük var. Onlarda daxilən çəpgözlük qalır. Binokulyar görmə qabiliyyəti olmur. Binokulyar görmə nəticəsində iki gözlə alınan şəkil, görüntü beyində birləşdirilir. Doğulan andan binokulyar hüceyrələr də formalaşmağa başlayır. Bu bizə stereoskopik gözlə dünyaya baxmağa imkan verir. Yəni tam genişhəcmli görmək imkanı yaranır. Məsələn, biz 3 D formatında filmlərə rahatlıqla baxırıq. Əməliyyat olunan insanlarda isə bu mümkünsüzdür. Bu göstərir ki, vizual, xarici görünüş olaraq çəpgözlük aradan qaldırılsa da, daxilən qalır. Ona görə erkən müalicə çox vacibdir.
Əməliyyatdan sonra mütləq eynək taxılmalıdır. Çünki ola bilməz ki, çəpgözlük olsun, zəiflik olmasın. Zəiflik çəpliklə bağlıdır. Bəzən valideynləri buna çətinliklə inandırırıq. Onlar iddia edirlər ki, uşaqlarının görmə ilə bağlı heç bir problemi yoxdur.
- Çəpliyin öz-özünə düzəlmə ehtimalı varmı?
- Bəli, 35 faiz halda çəplik öz-özünə keçir. Amma bütün hallarda valideynlər uşaqlarının gözündə çəplik hiss edən kimi mütəxəssisə müraciət etməlidirlər. Çünki onlar özləri uşaqlarının həmin o 35 faizə aid olub-olmadığını müəyyənləşdirə bilməzlər. Əgər gözlərdə əyilmə periodikdirsə və ya əyilmə bucağı 15 dərəcədən azdırsa, bu öz-özünə keçə bilər. Klassik infantil çəpgözlüyün isə öz-özünə düzəlməsi mümkün deyil.
- Çəpgözlüyün yaranmasında irsiyyət amili rol oynayırmı?
- Bəli, irsiyyət faktoru var. Göz genetik amillərdən qaynaqlanaraq düzgün inkişaf etmirsə, paralitik çəpgözlük (iflic çəpliyi) olur. Amma buna nadir – təxminən 0,5 faiz hallarda rast gəlinir. Torlu qişanın anadangəlmə piqment distrofiyası da ola bilər. Buna daha çox qohumlar arasında nikahlardan doğulan uşaqlarda təsadüf edilir.
Onu da qeyd edim ki, uşaqlarda anadangəlmə çəplik olmur. Çünki onlar doğulanda görmürlər. Pişiklər də bizim kimidir, onlar da əvvəldən görmürlər. Əgər pişik balası dünyaya gələndə onun gözünə iki həftəlik sarğı qoyulsa, onu açdıqdan sonra pişik ömürlük kor olacaq. Ona görə də uşaqda total katarakta olanda biz onun bir yaşı olmasını gözləmirik. Belə hallarda nə qədər tez, yəni 1-3 ay içində əməliyyat həyata keçirilsə, nəticə bir o qədər yaxşı olur.
- Rasim müəllim, son olaraq insanlara nə demək istərdiniz?
- Sonda məni ən çox narahat edən problemlərdən birinə toxunmaq istəyirəm. İnsanlar elə hesab edirlər ki, hansı həkim televiziyaya çıxıb reklam olunursa, o yaxşıdır. Əhali reklamlara aldanmamalı, yaxşı mütəxəssislərə, professionallara müraciət etməlidir. Əks halda onlar daha ciddi problemlərlə qarşı-qarşıya qalırlar. Təəssüf ki, pasiyentlərə səhv diaqnoz qoyan, onları kor edən məsuliyyətsiz həkimlər də var. Onlar hətta göstəriş olmadan insanları əməliyyat edirlər. Bu cür fəsadlarla bizə müraciət edənlərin sayı-hesabı yoxdur.
Çəpgözlük problemi ilə bağlı isə üzümü valideynlərə tutub demək istəyirəm ki, uşağınızda çəpgözlük varsa, bacardıqca tez mütəxəssisə müraciət edin.
Ü.FƏRZƏLİYEVA