“Donuz qripi” kimi tanıdığımız A(H1N1) qripi haqqında bilmədiklərimiz
Müxtəlif dövrlərdə dünya əhalisini dəfələrlə təşvişə salan “donuz qripi” ötən ilin sonlarında növbəti dəfə yayılmağa başladı. Bu virusun Azərbaycanla həmsərhəd ölkələrdə də aşkarlanması, hətta can alması əhalimizin haqlı narahatçılığına, həyəcanına səbəb oldu. Hesab etdik ki, belə bir dövrdə “donuz qripi” haqqında, Azərbaycanda bu sahədə vəziyyətə necə nəzarət olunması barədə virusoloqun fikirləri oxucularımız üçün də maraqlı olar. Beləliklə, həmsöhbətimiz V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, professor Həqiqət Qədirovadır.
- Statistikaya görə, dünya üzrə ümumilikdə yoluxucu xəstəliklərin 95 faizini qrip və digər kəskin respirator virus infeksiyaları təşkil edir. Hər il dünyada 500 milyon insan qripə tutulur və onlardan 2 milyon nəfəri dünyasını dəyişir. Epidemiya, pandemiya halları baş verəndə, məsələn, A(H1N1) virusu yayıldığı dövrlərdə bu göstəricilər daha da artır.
- Son dövrlər dünyada ciddi təşviş yaradan bu H1N1 virusunun törətdiyi xəstəliyə niyə “donuz qripi” deyirlər? Həqiqətənmi insanlar bu virusa donuzlardan yoluxurlar?
- Əslində, H1N1 virusu ilk dəfə 1918-ci ildə xəstəlik törədib və tarixə “ispan qripi” adı ilə ən ağır epidemiya kimi düşüb. Çindən başlayan bu xəstəlik şərqdən qərbə doğru irəliləyərək İspaniyaya çatıb və sonra hətta Amerika qitəsinə də yayılıb. Xəstəlik haqqında ilk dəfə İspaniyada yazıldığı üçün ona “ispan qripi” deyilib. İki il ərzində 550 milyon insan H1N1 virusuna yoluxub və onlardan ən azı 20 milyon nəfəri tələf olub. Sonralar da müxtəlif illərdə bir neçə dəfə həmin virusa yoluxma halları baş verib. Ancaq ilkində olduğu kimi ağır keçməyib.
2009-cu ildə Cənubi Amerikada qrip epidemiyası zamanı bu virus kütləvi informasiya vasitələrində ilk dəfə səhvən “donuz qripi” adlandırılıb, çünki bildirilib ki, insanlarda xəstəliyi törədən virus donuzların qrip virusuna çox oxşardır.
Yeri gəlmişkən geyd edim ki, əsl donuz qripi virusu ilk ildə 1930-cu ildə kəşf olunub. Üç il sonra – 1933-cü ildə insan qrip virusu kəşf edilib, hazırda həmin virus A tipli qrip virusu adlanır. 1940 və 1947-ci illərdə isə müvafiq olaraq B və C tipli qrip virusları aşkar olunub.
Beləliklə, qrip virusunun 3 tipi var: A, B və C. Epidemiyaları törədən əsasən A tipli viruslardır, çünki onlar hədsiz dərəcədə dəyişkəndir və müxtəlif yarımnövləri var. Məsələn, hazırda dünyada insanlar arasında dövr edən qrip virusları A(H1N1) və A(H3N2) adlanır. Burada H “hemaqqlyutinin”, N isə “neyraminidaza” sözünün qısalmasıdır. Bunlar virusun üzərində olan, onun antigen xüsusiyyətini təmin edən reseptoplardır. Hər növ virusa qarşı əmələ gələn immunitet yalnız həmin növ virusdan orqanizmi qoruyur, başqa növ virusa qarşı acizdir. Ona görə də insan təkrarən yeni növ qrip virusu ilə yoluxa bilər.
Hazırda insanlarda, müxtəlif heyvan, quş və balıqlarda (donuz, at, suiti, toyuq, ördək, qaz, akula və s.) 16 növ hemaqqlyutinin və 9 növ neyraminidaza aşkar olunub ki, onların müxtəlif kombinasiyaları qrip viruslarının yeni antigen növlərini təşkil edir. Bir orqanizmə eyni vaxtda iki və daha çox virus düşdükdə, çoxalma prosesində hüceyrə daxilində həmin virusların nuklein turşuları qarışır və yeni növ virus əmələ gəlir. Adətən bu proses quşların və ya donuzların orqanizmində gedir, amma hansısa yeni virus bioloji baryeri ötmək qabiliyyətinə malikdirsə, artıq o, insana keçir. Bundan sonra həmin insan infeksiya mənbəyinə çevrilir və hava-damcı yolu ilə öskürmə, asqırma, hətta adi nəfəs alma zamanı virusu başqalarına ötürür. Virus yeni olduğuna, ona qarşı insanlarda immunitet olmadığına görə böyük sürətlə yayılır, bu da adətən pandemiyaya səbəb olur. 1918-ci ildə H1N1 virusu (ispan qripi), 1957-ci ildə H2N2 (Asiya qripi), 1968-ci ildə H3N2 (Honkonq qripi), 1995-ci ildə H5N1 (quş qripi) epidemiyaları belə baş verib.
H1N1 virusu 1918-ci ildən sonra daha bir neçə dəfə (1933, 1946 və 1977-ci illərdə) insanlar arasında yayılıb və orta dərəcəli epidemiya törədib. Lakin 2009-cu ildə H1N1 virusunun yenidən yüksək ölümlə nəticələnən qrip pandemiyası (Meksika qripi) dünya səhiyyəsinin ciddi narahatlığına səbəb olub. Həmin virusun tərkibində donuz qripi virusundan 2 gen, quş qripi virusundan 1 gen və mövsümi insan qripi virusundan 1 gen vardır. Virusun tərkibində donuz qripi virusunun komponentlərinin olmasını bilən jurnalistlər Meksika qripinə “donuz qripi” adı vermişdilər. Bu da insanları çaşdırır, onlar donuzlardan və donuz ətindən ehtiyat edirlər, halbuki infeksiya mənbəyi insanlardır. Bununla bağlı hətta Ümumdünya Səhiyyə Təşkilatının xüsusi bir tövsiyəsi olub və virusun adı A(H1N1) kimi təsdiq edilib.
Adətən pandemiyalar bitdikdən sonra törədici virus insanlar arasında dövr edir və vaxtaşırı yüngül və ya orta dərəcəli epidemiyalar törədir. A(H1N1) virusu da on illərlə insanlar arasında yayılır və ona qarşı immuniteti olmayanları yoluxdurur. Təsadüfi deyil ki, yoluxanların əksəriyyətini uşaqlar və yaşlı insanlar təşkil edir.
- İnsanlar bu qripi adi mövsümi qriplərdən hansı əlamətlərinə görə fərqləndirə bilərlər?
- Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada böyuklərin təxminən 5-10, uşaqların isə 20-30%-i mövsümi qripə tutulur. Bu qripi həmin A(H1N1) və A(H3N2) virusları törədir. Məsələn, hazırda Avropanın 29 ölkəsində A(H3N2) virusu ilə törədilən qripin epidemioloji aktivliyinin artması qeydə alınıb. Azərbaycanla həmsərhəd olan ölkələrdə isə A(H1N1) virusu ilə törənən qripin yayılması, hətta Rusiya Federasiyasında artıq epidemiyanın baş verməsi haqqında məlumat verilir.
Ümumilikdə, qrip ağır infeksion xəstəlikdir, insanın respirator traktının zədələnməsi, yüksək hərarət (38-400), titrətmə, ümumi intoksikasiya, ürək-damar və sinir sisteminin fəaliyyətinin pozulması əlamətləri ilə gedir. Xəstələr zəiflikdən, baş, göz, boğaz, əzələ və oynaq ağrısından şikayət edirlər, bunlarla yanası, öskürək və zökəm də ola bilər. Qripin ən təhlükəli xüsusiyyəti onun fəsadlarıdır. Xəstəliyin ən ağır fəsadı ağciyər pnevmoniyası və ağciyər çatışmazlığıdır.
Qripin yüngül, orta, ağır toksik və hipertoksik formaları var. Yüngül forması daha rahat keçsə də, toksik və hipertoksik formaları insanlarda, xüsusən yaşı 65-dən yuxarı olanlarda, uşaqlarda, hansısa xəstəliklərdən əziyyət çəkən şəxslərdə – ağır xroniki ürək-damar, böyrək, qaraciyər çatışmazlığı olanlarda fəsadlarla müşahidə olunur. Bu xəstələrdə əsas xəstəlik ağırlaşa bilər, bu da xəstələrin ölümünə səbəb ola bilər.
A(H1N1)virysy qrip viruslarının bir növü olsa da, başqalarından fərqli olaraq daha tez-tez fəsadlara və ölümə səbəb olur. Məsələn, 1918-1919-cu illərdə baş verən “ispan qripi” zamanı xəstələnənlərin 29%-i müxtəlif fəsadlardan tələf olub. Xoşbəxtlikdən, həmin virus sonrakı epidemiya və pandemiyalarda bu cür yüksək ölüm törətməyib və mövsümi qrip səviyyəsində olub, lakin virusun dəyişkənlik xüsusiyyətini nəzərə alaraq, onun yeni variantda qayıtmasını gözləmək olar.
Bir məsələni də qeyd etmək istəyirəm. Hər hansı asqırma, öskürmə, burundan su axması, nasazlıq və s. qrip deyil. Qrip virusundan başqa 200-dən artıq törədici qripə bənzər simptomlarla keçən kəskin respirator infeksiyalar törədə bilər. El arasında bunların hamısına qrip desələr də, əslində, bunlar qrip deyil. Qrip kəskin başlayır, bir neçə saata xəstə özünü çox pis hiss edir, temperatur 380-dən yuksək olur və yuxarıda sadaladığım əlamətlər özünü büruzə verir.
- Xəstəliyə qarşı vaksin varmı?
- Bu qrip virusuna qarşı vaksin var və xəstəliyin yayılma təhlükəsi yarananda vaksinasiya etmək lazımdır. Tam müdafiə etməsə də, xeyli qoruyur. Əgər vaksinasiya olunmadıqda hər 10 xəstədən 7-8-i xəstələnirsə, vaksinasiya olunanda cəmi 3 nəfər yoluxur. Bu, çox böyük fərqdir.
- Nəzərə alsaq ki, hər kəs peyvənd etdirmir, onda insanlar özü-özünü necə qoruya bilərlər?
- Profilaktika məqsədi ilə qoruyucu maskalardan istifadə, şəxsi gigiyenaya riayət etmək tövsiyə olunur. Vətəndaşlara, əgər vacib deyilsə, epidemioloji vəziyyəti gərgin olan ölkələrə səfəri təxirə salmaq, əhalinin kütləvi toplaşdığı mədəni və digər tədbirlərdə iştirak etməmək, əlləri sabunla tez-tez yumaq, onları üzə, ağıza vurmamaq məsləhətdir. Bundan əlavə, orqanizmin müqavimətini artırmaq, immuniteti zəiflədən müxtəlif amillərdən – siqaretdən, spirtli içkilərdən, süni qidalardan uzaq olmaq lazımdır. Vitaminli, təbii qidalar yemək, idmanla məşğul olmaq, orqanizmi möhkəmləndirmək, burun-udlağı yumaq, epidemiya dövründə buruna müxtəlif damcılar, məsələn, interferon damcılatmaq lazımdır.
- Əgər H1N1 virusunun sadaladığınız əlamətləri artıq müşahidə olunursa, nə etmək lazımdır?
- Həmin şəxs mütləq ayrıca otaqda, yataq şəraitində qalmalı, evdən çıxmamalıdır. Otağın havası tez-tez dəyişdirilməlidir. Onun istifadə etdiyi birdəfəlik salfetkalar ayrıca sellofan torbaya yığılıb zərərsizləşdirilməlidir. Xəstəyə çoxlu maye – su, kompot, itburnu çayı içirmək lazımdır. Evə həkim çağırılmalı, xəstə mütləq müalicə olunmalıdır. Qrip diaqnozunu təsdiq etmək üçün yerli səhiyyə müəssisəsi tərəfindən xəstədən xüsusi tamponla burun-udlaq materialı götürülür və polimeraz zəncirvari reaksiya qoymaq üçün Respublika Taun Əleyhinə Stansiyasına göndərilir.
Bu virusa qarşı xüsusi müalicə preparatları var. Oseltamivir (Tamiflu) və Zanamivir (Relenza) kimi virus əleyhinə dərmanlar bu qripə qarşı daha effektivdir. Remantadin preparatı da istifadə oluna bilər. Doğrudur, o daha az effektivdir, ancaq qripə qarşı müəyyən qədər müqavimət göstərə bilər. Xəstədə irəliləyiş olmazsa, mütləq tibb müəssisəsində xüsusi palatada müalicə edilməlidir.
- Azərbaycanda bu virusun yayılmasının qarşısını almaq üçün hansı tədbirlər görülür?
- Bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi Azərbaycan üçün real təhlükə sayılır. Ona görə də profilaktik, müalicəvi və əksepidemioloji tədbirlərin həyata keçirilməsi üçün imkanların və resursların səfərbər edilməsi tələb olunurdu. Bunu nəzərə alaraq, hələ 8 dekabr 2015-ci il tarixində səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən müvafiq əmr imzalanıb. Sənəddə ağır kəskin respirator xəstəliklərin dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb.
Ölkəmizin sərhəd keçid məntəqələrində lazımi təhlükəsizlik tədbirləri həyata keçirilir. Yəni ölkə ərazisinə gələn bütün nəqliyyat vasitələri dezinfeksiya olunur. Həmçinin xəstəlik qeydə alınan ölkələrdən Azərbaycana gələn insanlar sərhəd keçid məntəqələrində müayinədən keçirilir. Şübhəli hal olduqda həmin şəxslər müşahidə altında saxlanılır.
Eyni zamanda, 3 tibb müəssisəsində – Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 7 saylı Uşaq Yoluxucu Xəstəxanasında və Kliniki Tibbi Mərkəzdə xüsusi palatalar hazırlanıb. Bu virus aşkarlanarsa, ölkəmizdə müalicənin aparılması üçün lazımi şərait, kifayət qədər dərman ehtiyatı var.
- Bu günədək bizdə H1N1 virusu aşkarlanıbmı?
- Hazırda Azərbaycanda epidemioloji durum stabildir və daim nəzarətdədir. Respublika Taun Əleyhinə Stansiyasına indiyədək daxil olan 300-dək nümunə üzərində aparılan müayinələr nəticəsində H1N1 virusu tapılmayıb, bu qripə şübhəli hal müəyyən edilməyib.
Ü.FƏRZƏLİYEVA