Hər gün təcili yardıma 1800 çağırış olur

Rauf Nağıyev: “Əhali anlamalıdır ki, əsassız çağırışlar daha ağır vəziyyətdə olan insanın ömründən kəsir”
Təcili yardımın yaxşı işləməsi üçün əsas amillər peşəkar kadrların və yüksək texniki təchizatın olması, həmçinin təcili yardım maşınlarının rahat hərəkəti üçün nəqliyyat sisteminin düzgün qurulmasıdır. Hazırda təcili yardım xidmətində bu amillər bir-birini tamamlayırmı? Yola saldığımız ildə bu sahədə nə kimi işlər görülüb? Bu və digər məsələlərə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevlə söhbət zamanı aydınlıq gətirdik.
- İl ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 634 303 müraciət daxil olub. Ötən il bu rəqəm 629 min idi. Hospitalizasiyanın faiz göstəricisi də ötən illə müqayisədə artaraq 9 faizdən 9,3-ə çatıb.
Uşaq və ana ölümünün qarşısının alınması əsas meyarlar olduğundan, bu məsələlərə də çox ciddi yanaşmışıq. Bir yaşa qədər uşaqların hospitalizasiyasına xüsusi nəzarət edilib. Ümumilikdə, uşaqlar arasında hospitalizasiyanın səviyyəsi 12,5-dən 13,8 faizə yüksəlib.
Bu gün tibb müəssisələrimizdə normal doğuşun qəbulu, ağırlaşmalar olarsa, erkən dövrdə ilkin yardım göstərilməsi, cərrahi əməliyyatın aparılması, reanimasiya tədbirlərinin həyata keçirilməsi və s. üçün yüksək səviyyədə şərait yaradılıb, peşəkar tibbi kadrlar var, buna baxmayaraq, təəssüf ki, bəziləri hələ də evdə doğuşu üstün tuturlar. Belə ki, 2014-cü ildə tibb müəssisəsindən kənar 106 (2,9 faiz), bu il isə 101 doğuş hadisəsi (2,8 faiz) baş verib. Evdə doğuşların hospitalizasiya göstəricisi isə ötən illə müqayisədə 94,3 faizdən 99 faizə yüksəlib.
- Səhiyyə ocaqlarında tibbi yardım üçün ən müasir şərait və kifayət qədər peşəkar həkim olduğu halda, bəs niyə hələ də evdə doğuşlar baş verir?
- Çünki bəzi insanlar dünyagörüşünə görə sanki XIX əsrdə qalıb. Əhalinin maariflənmə səviyyəsi aşağıdır, dərk etmirlər ki, onları doğuş prosesində və ondan sonra necə fəsadlar gözləyə bilər. Evdə doğuş aparan savadlı insan olsa, heç vaxt bu məsuliyyəti öz üzərinə götürməz. Əksər hallarda doğuş bitdikdən sonra təcili yardım çağırırlar. Briqada gəlib görür ki, uşaq doğulub, göbəyi də kəsilib. Ancaq zahılar uşağı kimin tutması ilə bağlı düzgün informasiya vermirlər. Ya analarının, ya da qaynanalarının bunu etdiyini deyirlər. Təbii ki, görülən işə baxan kimi onların yalan dediyini anlayırıq.
Bu halda təcili yardıma yalnız sənədləşmə işinin aparılması məqsədi ilə müraciət edilir. Fikirləşirlər ki, təcili yardım sənəd verər, onlar da uşağı qeydiyyata aldırarlar. Biz bu məsələyə çox ciddi yanaşırıq, doğuş evdə baş versə də, ananın səhhətini və eyni zamanda sənədləşmə işini nəzərə alaraq, onların hər birini xəstəxanaya aparırıq.
Nadir hallarda bizim briqada çağırış gələn ünvana çatdıqda doğuş prosesi başlamış olur. Bir-iki halda həkimlərimiz məcbur qaldıqları üçün doğuşu qəbul ediblər və sonra körpə də, ana da hospitalizasiya olunub. İl ərzində bir neçə halda isə sanitar avtomobilin salonunda doğuş baş verib. Qeyd edim ki, bizim maşınlarda doğuş qəbul etmək üçün hər cür şərait var və tibbi personalımız da bu hala hazırdır.
- Təcili yardıma bu xidmətə aidiyyəti olmayan çağırışlar daxil olurmu? Ümumiyyətlə, daxil olan hər bir çağırışa görə briqada göndərilir, yoxsa əsassız çağırışlar diqqətə alınmır?
- Mən sizə rəqəmləri desəm, bu sahədə vəziyyəti özünüz qiymətləndirə bilərsiniz. Yuxarıda qeyd etdiyim kimi, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan ümumi çağırışların sayı il ərzində 634 303 olubsa, digər çağırışların – təcili yardıma aid olmayan gedişlərin sayı 258 300-dür. Yəni çağırışların cəmi 60 faizinin bizə aidiyyəti var. Bunlara kəskin cərrahi xəstəliklər, travmalar, infarkt, insult, doğuş və doğuşun ağırlaşmaları, qəfil xəstəliklər və s. aiddir.
Əhalinin bəzi məsələlərə yanaşması doğru deyil. Vətəndaşlar poliklinikaya getməyə, sahə həkiminə müraciət etməyə ərinirlər, təcili yardıma çağırış verirlər. Başı ağrıyandan qızdırması qalxanadək, təzyiqini, şəkərini ölçdürmək istəyəndən iynə vurdurana qədər hər kəs təcili yardıma müraciət edir. Məsələn, biz bilirik ki, dövlət proqramına əsasən şəkər xəstələrinə pulsuz dərmanlar da, şəkərlərini ölçmək üçün qlükometr də verilir. Bütün bunlarla yanaşı, gündə bir neçə dəfə təcili yardımı şəkəri, yaxud təzyiqi ölçdürməyə çağırırlar. Halbuki təcili yardım bunlarla məşğul olmamalıdır. Sabunçu qəsəbəsində belə hallarla daha çox rastlaşırıq. Bəzən ciddi bir xəstə üçün çağırış daxil olur, briqada lazımdır, briqada isə haradasa təzyiq, şəkər ölçür. Nəticədə, elə hal yaranır ki, 60 faiz çağırışa daha erkən getməli olduğumuz halda, bizə aidiyyəti olmayan 40 faiz çağırışa vaxt itiririk.
Bütün bunlara baxmayaraq, bizim heç bir çağırışdan imtina etməyə ixtiyarımız yoxdur. Çünki vətəndaş öz vəziyyətini düzgün qiymətləndirməyə bilər, uzaq məsafədən məsələnin ciddiliyini hiss etmərik, müəyyən müddət sonra ağırlaşmalar ola bilər.
Əhali özü bu sahədə həssas olmalıdır, anlamalıdır ki, onun hər hansı əsassız çağırışı başqa bir ünvanda daha ağır vəziyyətdə olan insanın ömründən kəsir.
- Təcili yardımın çağırışlara gecikməsi halları həqiqətənmi çox olur?
- Bir müddət əvvəl mətbuatda, hesab edirəm ki, məqsədli şəkildə təcili yardımın gecikməsi ilə bağlı yazılar getdi. Mən bu haqda məlumat verənlərə müraciət etdim ki, əllərində hər hansı fakt – çağırışçının adı, familiyası, çağırış tarixi varsa, bizə desinlər, lazımi tədbirlər görək. Heç kimdən səs çıxmadı. Təbii ki, əllərində belə fakt olsaydı, yazardılar. Bizdə hər bir telefon danışığı, avtomobillərin gedib-qayıtma saatları, müddəti qeydiyyata alınır, nəzarətdə saxlanılır. Gün ərzində 1600-1800 çağırış olur. Onların daxil olması, icrası və stansiyaya qayıtma vaxtları monitorda izlənilir. Tam əminliklə deyə bilərəm ki, bu il təcili yardımın gecikməsi cəmi 0,5 faizdir.
- Bəs, bu gecikmələr hansı səbəblərdən baş verir?
- Təcili yardımın çağırışa çatma müddəti maksimum 20 dəqiqədir. Bir çox hallarda biz daha tez, yaxın ünvanlara hətta 3 dəqiqəyə çatırıq.
103 xidməti mərkəzləşmiş fəaliyyət göstərir. Səhiyyə nazirinin xüsusi tapşırığına əsasən, günün pik saatlarında çağırışlar zamanı mütləq radiorabitə vasitələrindən istifadə olunur. Beləliklə, daha yaxın ünvanlardan briqadalar cəlb olunmaqla, qət olunan yol məsafəsi və yola sərf olunan vaxt qısaldılır. Bunun çox müsbət effekti var.
Nadir hallarda baş verən gecikmələr də təcili yardımın səhlənkarlığı səbəbindən baş vermir. Tıxacların çox olması, digər sürücülərin təcili yardım maşınlarına yol verməməsi, qəza baş veribsə, onun yanından keçən maşınların tez irəliləyib arxadan gələn təcili yardım briqadasının yolunu açmaq əvəzinə, sürəti azaldıb hadisə ilə maraqlanması, beləliklə süni tıxac yaratması və s. kimi hallar gecikmələrə səbəb olur.
Onu da qeyd edim ki, biz səs siqnallarından istifadəyə qadağa qoymuşuq. Çox vacib hallarda mikrofonla işləməyə icazə verilib. Çünki səs siqnalı şəhərdə boş yerə hay-küy yaradır, sürücülərdən ona reaksiya verən isə yoxdur.
- Biz vətəndaşların səhvlərindən danışdıq. Yəqin ki, həkim səhvləri də olur. Bununla bağlı şikayətlər edilirmi? Hansı tədbirlər görülür?
-Əlbəttə, olur. Daxil olan hər bir şikayətə ciddi yanaşırıq, müraciətlərin hər birini araşdırırıq, çevik reaksiya veririk. Həkimin hər hansı bir nöqsanı, səhvi varsa, Həkim Məsləhət Komissiyasında müzakirə olunur, qərar verilir, Əmək Məcəlləsinə uyğun tədbirlər həyata keçirilir.
Müsbət haldır ki, bizə zəng edib briqadanın göstərdiyi yüksək peşəkarlığa görə təşəkkür edənlərin də sayı artır.
- Təcili tibbi yardım sahəsində həkimlərin biliklərinin artırılması istiqamətində hansı işlər görülür?
- Operativ və müalicə şöbəsində yeni kadrların hazırlanmasına başlamışıq. Bu il 234 həkim, 118 feldşer ixtisasartırma kurslarında olub. 757 həkim və 1021 orta tibb işçimiz var, onlardan bu il 138 həkim, 184 orta tibb işçisi sertifikasiya imtahanından keçib. Mütəmadi olaraq elmi-praktik konfranslar da təşkil edirik.
Biz təcili yardım həkimlərinin hər zaman hər bir hala hazır olmasına çalışırıq. Operativ şöbənin tərkibində zəruri hallar üçün yüksək təcrübəli mütəxəssislərdən ibarət xüsusi briqadalarımız da var.
Bu il bizə müasir standartlara uyğun, hər cür imkanları olan nəqliyyat vasitələri də verilib. Onlara “təkər üstündə klinika” da demək olar. Həmin avtomobillərdə olan avadanlıqlarla işləyə bilən tibbi personal da hazırlanıb. Həkimə bundan artıq heç nə lazım deyil, ancaq savad lazımdır ki, xəstəni həyatda saxlasın.
- Rauf müəllim, qarşıdan yeni il gəlir. Bayram ərəfəsində təcili yardımın işi necə təşkil olunur?
- Təcili tibbi yardım personalı bayram ərəfəsində də, bayram günlərində də daim həkimlik borcunu düşünür və vəzifələrini yerinə yetirir. Dekabrın 28-dən etibarən gücləndirilmiş iş rejiminə keçəcəyik. Bizim çox peşəkar kollektivimiz hər bir hala hazırdır. Hər hansı hadisə baş verəndə nizamlı komanda kimi çalışmağı bacarırlar. Bunu binada yanğın zamanı, Avropa Oyunları dövründə də təcili yardım briqadalarının mütəşəkkil fəaliyyəti sübut etdi.
- Uzun illərdir bu sahədə fəaliyyət göstərirsiniz. Yəqin Yeni il gecəsini iş başında keçirdiyiniz vaxtlar, bu zaman başınıza gələn yaddaqalan, maraqlı hadisələr də olub...
- Təcili yardım elə bir sahədir ki, burada çox müxtəlif hadisələr baş verir. Onların maraqlısı da olur, sevinclisi də, kədərlisi də, gülməlisi də, qorxulusu da. Amma nədənsə onlar adamın yadından tez çıxır. Mən 28 ildir təcili yardım xidmətində çalışıram. Çox hadisələr baş verib. Amma bizim yadımızda hadisələr yox, ağır xəstələr, onların vəziyyətdən çıxarılması və ölümlər qalır. Ümumiyyətlə, təcili yardım həkimləri çox həssas olur.
- Sonda xalqımıza Yeni il arzularınızı eşitmək istərdik.
- Hər kəsi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edirəm, cansağlığı və nailiyyətlər arzulayıram.
Ü.FƏRZƏLİYEVA
Xəbəri paylaş