Xəstəlik yox, xəstə müalicə edilməlidir
“Ağrı xəstəlik deyil, vücudun həyəcan təbilidir. O, orqanizmin hansısa hissəsində problemin olması ilə bağlı xəbərdarlıq siqnalıdır və sizi qorumağa kömək edir. Ən önəmlisi – heç bir ağrı daimi deyil. Ona görə də ən dözülməz ağrının, çarəsiz hesab edilən xəstəliyin belə, sizi ümidsizliyə sürükləməsinə imkan verməyin, sadəcə, güclü olun və hər şeyin yaxşı olacağına inanın”.
Bu fikirləri İstanbul Neyrocərrahiyyə və Ağrı (İNCA) Mərkəzinin direktoru, neyrocərrah Kerem Bıkmaz bizə müsahibəsində səsləndirdi. Mütəxəssislə ağrılardan – özünün də qeyd etdiyi kimi, zaman keçdikcə insanlar arasında yayılma səviyyəsi daha da artan baş, boyun, bel ağrılarından danışdıq.
- Hazırda dünyada – tənəffüs yolu xəstəliklərini nəzərə almasaq – insanlar həkimə ən çox baş ağrıları ilə əlaqədar müraciət edirlər. Bunun bir çox səbəbləri var. Ancaq ən əsası, demək olar ki, həyatımızın hər anında bizi müşayiət edən stress faktorudur. Qeyd edim ki, hazırda daha çox streslə əlaqədar ortaya çıxan gərginlik və miqren tipli baş ağrıları ilə rastlaşırıq. Amerikada stresin idarə edilməsi anlayışı geniş yayılıb və bu idarəetməni bacaran insanlar sağlamlıqlarını qorumaq baxımından böyük uğur qazanırlar.
- İnsanlar bir sıra hallarda baş ağrısına ciddi yanaşmır və onu ağrıkəsicilərlə aradan qaldırmağa çalışırlar. Bu nə dərəcədə doğrudur? Hansı hallarda həkimə müraciət etmək zəruridir?
- İnsanların 90 faizində müxtəlif zamanlarda az və ya çox baş ağrıları müşahidə olunur. Hər baş ağrısına önəm versək, gərək günümüzü xəstəxanalarda keçirək. Əlbəttə ki, baş ağrısı davamlı deyilsə, ağrıkəsici qəbul etməklə aradan qalxırsa, ona önəm verməmək olar. Ancaq bəzi hallarda ağrı göz, qulaq, diş xəstəliklərinin, beyin şişinin, anevrizmanın, meningitin və s. əlaməti kimi ortaya çıxa bilər. Əgər baş ağrıları evdə və ya işdə gündəlik fəaliyyətə mane olacaq, gecə yuxudan oyadacaq həddədirsə, ani ortaya çıxırsa və şiddətlidirsə, baş ağrısı ilə paralel görmədə zəifləmə, şüurun itməsi, yaddaş problemləri, uyuşma, ürəkbulanma, qusma və ya buna bənzər digər dəyişikliklər varsa, ağrı başa zərbə nəticəsində yaranıbsa, uşaqlarda və ya yaşlılarda müşahidə edilirsə, bu hallarda mütləq həkimə müraciət olunmalıdır.
- Bel, kürək, boyun ağrıları, xüsusən fəqərəarası disk yırtığı problemi də bu gün çox geniş yayılmış şikayətlər arasındadır. Onların artması nə ilə əlaqədardır?
- Bu ağrıların artması həqiqətən müşahidə olunur. Hazırda baş ağrısı həkimə müraciət səbəbləri arasında birinci yerdədirsə, bel, kürək, boyun ağrıları ikincidir. Tənəffüs yolu xəstəliklərini nəzərə almasaq, dünyada iş gücünün itirilməsinə ən çox bu ağrılar səbəb olur.
Bəs, həmin ağrılar niyə yaranır? İlkin səbəb industrial cəmiyyət, masa arxasında çalışan insanların sayının həddən artıq çoxalması, 8 saatlıq və bəzən daha uzun müddətli oturaq iş rejimidir. İkinci önəmli səbəb isə düzgün oturuş qaydalarına riayət etməməkdir. Onurğanın stabilliyini qorumaq baxımından normal vəziyyətdə duruş – qulaq, çiyin və ombanın bir xətt üzrə olması önəmli faktordur.
Digər səbəb artıq çəkidir. Onurğanın sağlamlığı üçün insanın çəkisi ona uyğun ideal göstəricidən 5 kq artıq, ya da az ola bilər. Çəki bu normadan artıq olduqda onurğa yüklənir və ciddi fəsadlar yaranır.
Başqa bir səbəb isə idman etməməkdir. Sağlam onurğa üçün boyun, kürək, bel bölgəsindəki paravertebral əzələlərin, qarın əzələlərinin güclü olması önəmlidir.
Ancaq 30 yaşdan sonra yuxarıda qeyd edilən səbəblərlə paralel olaraq, fəqərəarası diskdə qocalma, su-duz mübadiləsinin pozulması ilə əlaqədar diskin elastikliyinin itməsi də fəqərəarası disk yırtığı probleminin yaranmasına gətirib çıxaran səbəbdir.
- Onurğa sütunu ağrılarında və ümumiyyətlə, sinir sistemi xəstəliklərində erkən diaqnostika nə dərəcədə önəmlidir?
- Erkən diaqnostika tibbin bütün sahələrində, xüsusilə də sinir sistemi xəstəliklərində vacibdir. Çünki sinir hüceyrələri özünü yeniləyə bilmir, canlılığını itirdisə, onu geri qaytarmaq mümkün olmur. Ona görə də xəstələrə vaxtında diaqnoz qoyulmalı və dərman müalicəsi, fizioterapiya, onurğa inyeksion ağrı müalicələri, lazer, mikroskopik, açıq cərahiyyə və s. kimi üsullar arasından ən uyğun müalicə növü seçilməlidir.
Qeyd edim ki, ağrının xarakterinin dəyişməsi, yəni arabir təkrarlanan, yüngül və orta dərəcəli ağrının davamlı, şiddətli ağrı ilə əvəz olunması, onun adi dərman müalicəsi ilə, 3-4 günlük istirahətlə keçməməsi, boyundan qollara, beldən ayaqlara doğru enməsi, ayaqlarda uyuşma, keyləşmə, qüvvətin itməsi, topuq üzərinə qalxdıqda bir ayağın düşməsi, yol getmə məsafəsinin getdikcə azalması fəqərəarası disk yırtığı ilə bağlı çox önəmli xəbərdarlıqlardır və bunlar müşahidə edildikdə ən qısa zamanda mütləq neyrocərraha müraciət olunmalıdır.
Yol getmə məsafəsinin azalması kanal daralması problemi zamanı da müşahidə edilən əlamətdir. Qeyd edim ki, 100 metrdən artıq yeriyə bilməyən kanal daralması xəstələrinin müalicəsi cərrahi müdaxiləsiz qeyri-mümkündür. Yəni durumun 50 metrlik məsafə həddinə çatdırılması vaxt itkisindən başqa bir şey deyil. Halbuki yeni cərrahi texniki üsullarla bu əməliyyat çox uğurla və minimal risklə həyata keçirilir.
Bel, ayaq ağrısı ilə paralel olaraq sidik, nəcis tuta bilməmə kimi bəzi əlamətlər müşahidə olunursa, yenə də təcili həkimə müraciət edilməlidir. Nadir hallarda rast gəldiyimiz belə xəstələr 24 saat içərisində əməliyyat olunmalıdır.
- Xəstələr bir çox hallarda əməliyyatdan və onun nəticələrindən qorxduqları üçün həkimə müraciət etmirlər...
- Mən hər zaman deyirəm ki, cərrahiyyə müalicədə son mərhələdir. O, əlimizdəki ən qüvvətli silahdır. Cərrahiyyə sahəsində uğur qazanmağın birinci şərti onu əməliyyata həqiqətən ehtiyacı olan xəstəyə etməkdir. “Əməliyyata həqiqətən ehtiyacı olan xəstə” dedikdə mən probleminin alternativ müalicə üsulları ilə aradan qaldırılması mümkün olmayan pasiyenti nəzərdə tuturam.
İkinci şərt doğru cərrahi üsulun seçilməsidir. Bu gün dünyada fəqərəarası yırtıqların 10-a qədər fərqli cərrahi müalicəsi həyata keçirilir. Bunların içərisində epiduroskoplardan lazer cərrahiyyəsinə, mikrocərrahiyyədən açıq əməliyyatlara qədər çox fərqli üsulları qeyd edə bilərəm. Ancaq həmişə nəzərdə saxlamaq lazımdır ki, xəstəlik yox, xəstə müalicə edilməlidir. Hər xəstəyə fərdi yanaşılmalıdır. Məsələn, fəqərə diski yırtığı xəstəlikdir, ancaq hər xəstədə fərqli şəkildə özünü göstərir. Pasiyentin yaşı, disk yırtığının böyüklüyü, kanalın ölçüsü təyinedici əlamətlərdir. Xəstəni çox yaxşı dinləmək, dəqiq müayinə etmək lazımdır. Cərrahların yol verdiyi ən böyük yanlışlıqlardan biri yalnız maqnit-rezonans müayinəsinin nəticələrinə əsaslanmaqla əməliyyata qərar vermələridir – şəkildə yırtığın ölçüsünü böyük görürlər və əməliyyat tövsiyə edirlər. Ancaq bəzən çıxıntının yerindən, siniri sıxıb-sıxmamağından asılı olaraq 3 mm-lik yırtıq xəstədə şiddətli ağrıya səbəb olur, amma ölçüsü 1 sm-ə çatan böyük yırtıq problem yaratmaya bilir. Əlbəttə ki, MR müayinəsinin nəticəsini dəyərləndirmək lazımdır, ancaq müalicə üsulunu buna görə seçmək düzgün deyil. Çünki əməliyyat masasına MR şəkillərini yox, insanları yatırırıq.
Qeyd edim ki, indiyədək yırtıq problemi ilə bizə müraciət edən xəstələrin yalnız 10 faizinə cərrahiyyə tövsiyə etmişik. Tətbiq etdiyimiz onurğa inyeksion ağrı müalicəsi və 6 aylıq fizioterapiya ilə hətta böyük ölçüdə bel yırtığının da bağlanmasına nail olmaq mümkündür.
Xəstənin əməliyyata həqiqətən ehtiyacı olub-olmadığını müəyyənləşdirdikdən və ən uyğun müalicə üsulunu seçdikdən sonra üçüncü önəmli şərt seçilmiş üsulun düzgün həyata keçirilməsidir. Pasiyent əməliyyatdan sonra özünü rahat və xoşbəxt hiss etmirsə, deməli, yuxarıda qeyd etdiyim 3 şərtdən biri pozulub.
Hazırda tibb elmi və texnologiyasının yaratdığı böyük imkanlar hesabına həyata keçirilən cərrahi əməliyyatlarda uğur səviyyəsi 95 faiz və daha artıqdır. İndi bel yırtığı əməliyyatlarından 3 saat sonra xəstə ayağa qaldırılır və elə həmin gün evə göndərilir, 10 gün sonra isə işə çıxmasına icazə verilir. Əməliyyatlar 3 sm-dən də kiçik kəsiklərlə həyata keçirilir.
Bu gün hər 10 əməliyyatdan 9-nu mikroskop altında aparırıq. Tətbiq etdiyimiz digər müasir üsul ikinci və üçüncü dərəcəli bel yırtığı xəstələrində lazer cərrahiyyəsidir. Platin qoyma əməliyyatlarında isə müasir üsul kimi böyük kəsiklər etmədən, birbaşa dəridən nöqtə atışı ilə platinin, boltların yerləşdirilməsini tətbiq edirik. Son bir ildir perkutan diskektomiya əməliyyatlarını aparmağa başlamışıq. Bu, ikinci və üçüncü dərəcəli yırtıqlarda dəridən, birbaşa kiçik deşikdən girərək, orada yırtığın götürülməsi əməliyyatıdır.
Təbabətin bu cür geniş imkanlar açdığı dövrdə onurğa problemi yaşayan, bel, boyun yırtıqları, kanal daralması, disk sürüşməsi olan xəstələr həkimə getməyə laqeyd yanaşmamalı, mütəxəssislərin təklif etdiyi müalicələrdən çəkinməməlidirlər. Adətən pasiyentlər əməliyyatdan sonra vəziyyətlərinin daha da ağırlaşacağından, iflic, şikəst qalacaqlarından qorxurlar. Təbabətin bugünkü inkişafı bu ehtimalları heçə endirir. Amma belə xəstələr daim yadda saxlamalıdırlar ki, bu xəstəliklər müalicə edilməzsə, zaman keçdikcə qorxduqları hadisə həqiqətən başlarına gələ bilər.
- Yaxşı həkim olmasa, ən müasir avadanlıq faydasız cihazlar yığınıdır. Bəs, uğur qazanmaq üçün yaxşı cərrahın özünə nələr gərəkdir?
- Əlbəttə, müasir texniki təchizat olduqdan sonra yaxşı cərrah dünyanın istənilən yerində əməliyyat apara bilər. Amma tək texniki vasitələr bəs etmir. Yanınızda lazımi qədər yüksək səviyyəli mütəxəssis yoxdursa, nə qədər yaxşı cərrah olsanız da, əlinizdən heç nə gəlməz. Sevindiricidir ki, Azərbaycanda yüksək təhsilli tibbi personal var və dünyanın inkişaf etmiş bir çox ölkələrində həyata keçirdiyimiz önəmli əməliyyatları artıq beş ildir ki, Bakıda da aparırıq.
Eyni zamanda, İstanbulda olduğu kimi, burada da müayinələrin nəticəsinə uyğun olaraq xəstəyə cərrahi üsullardan başqa, həm medikamentoz, həm fizioterapiya, həm də bel, boyun və kürək ağrılarının onurğa inyeksiyaları ilə müalicəsini tətbiq edirik. Onurğa inyeksiyaları ilə müalicə zamanı ağrıya səbəb olan nöqtə tapılır, əgər sinir zədələnməsi yoxdursa, 3 millimetrlik kanal içərisinə birbaşa ağrını azaldan dərmanlar vurulur. 8 ildir bu müalicəni tətbiq edən həkim kimi bildirim ki, o hər 5 xəstədən 4-də fayda verir, şiddətli ağrını aradan qaldırır. Təbii ki, onların ağrı müalicəsindən sonra özlərinə diqqət etmələri də önəmlidir. Ona görə də xəstələrə doğru oturub-durmağı da öyrətmək, fizioterapiya ilə onurğa əzələlərini gücləndirmək lazımdır. Belə olduqda, onlar uzun illər normal, xoşbəxt yaşayırlar.
Ü.FƏRZƏLİYEVA