Denge qızdırması – unudulmuş tropik xəstəlik

Denge qızdırması kəskin transmissiv virus xəstəliyidir. Onun törədicisi olan denge qızdırması virusu Flavivirus cinsinin Flaviviridae ailəsinə daxil olan arbovirusdur. Denge sözü suaxili dilində “Ka-dinga pepo” – qıcolma tutması deməkdir. Bu xəstəliyin oynaq qızdırması, zürafə qızdırması, beş günlük qızdırma, yeddi günlük qızdırma, xurma xəstəliyi kimi digər adları da var. Denge sözü ingilis dilində “dandy” – lovğa mənasını verir. Belə ki, alimlər müşahidə etmişlər ki, denge qızdırması olan şəxsin xüsusi yerişi olur, oynaqlarda olan ağrıya görə ayaqlarını kənara atır, bir növ “lovğa yerişi” yeriyir.
Xəstəlik qızdırma, intoksikasiya, mialgiya, artralgiya, səpgi və limfatik düyünlərin böyüməsi ilə keçir. Ağırlaşmış denge qızdırması qanaxma, qan plazmasının itirilməsi, qan təzyiqinin kritik düşməsi (şok sindromu) ilə səciyyələnir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2009-cu ildə denge qızdırmasının 2 formasını ayırd etmişdir: ağırlaşmamış və ağır dərəcəli. ÜST-nin 1997-ci il təsnifatında diferensiasiya olunmayan qızdırma, denge qızdırması və hemorragik denge qızdırması qeyd olunurdu. Hemorragik denge qızdırması sonradan I-IV dərəcə olmaqla təsnif edildi: I dərəcədə xəstədə yüngül qansızmalar, II dərəcədə dəri və digər nahiyələrdə spontan qanaxma olur, III dərəcədə şokun klinik əlamətləri və IV dərəcədə ağır şok yaşanır.
Denge qızdırması haqqında ilk məlumat 1779-cu ilə təsadüf edir. Onun virus təbiəti XX əsrin əvvəlində məlum olub.
II Dünya müharibəsindən sonra denge qızdırması qlobal problemə çevrildi və 110-dan artıq ölkədə, əsas etibarilə Asiya və Cənubi Amerikada geniş yayıldı. Hər il 50-528 milyon insan denge qızdırmasına yoluxur və 10000-20000 insan bu xəstəlik səbəbindən dünyasını dəyişir. Hazırda denge qızdırması “unudulmuş tropik xəstəliklər” qrupuna aid edilir, daha çox Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Okeaniya və Karib hövzəsi ölkələrində qeydə alınır.
İnfeksiya mənbəyi xəstə insan, meymun və yarasalardır. İnfeksiyanı xəstə insandan sağlam insana Aedes aegypti ağcaqanadı, meymuna isə Aedes albopictus ağcaqanadı keçirir. Bu ağcaqanadların əsas çoxalma yerləri su saxlanan gil qablar, metal çəlləklər və beton sisternlər, eləcə də qida məhsullarının atılmış plastik qablarıdır.
Son illərdə bir çox ölkədə denge qızdırmasının alovlanmaları baş verib. Bu xəstəliklə ən çox xəstələnmə halı 2023-cü ildə qeydə alınıb. Həmin il 80-dən artıq ölkədə bu xəstəliyə 6,5 milyon yoluxma və 7300-dən artıq ölüm halı baş verib. Məsələn, Argentinada 2023-cü ilin ilk 4 ayında 40 min yoluxma hadisəsi qeydə alınıb. Həmin ilin payızında ABŞ və Avropada da denge qızdırması ilə alovlanma halları müşahidə olunub. 2024-cü ilin mart ayında Puerto-Riko şəhərində denge qızdırması epidemiyası təsdiqlənib.
Denge qızdırması epidemiyasının artması riski bir neçə amillə şərtlənir:
- ötürücülərin (Aedes aegypti və Aedes albopictus ağcaqanad növlərinin) yaşama arealının dəyişilməsi;
- iqlimin istilənməyə doğru dəyişilməsi;
- güclü yağıntılar olması və rütubətin artması;
- əhalinin sıxlığı və miqrasiyası;
- etibarlı su təchizatı mənbələrinin əlçatan olmaması;
- su ehtiyatlarının etibarlı saxlanmaması;
- əhalinin bu infeksiya barədə məlumatlılıq dərəcəsinin aşağı olması.
Denge qızdırmasının anadan dölə ötürülməsi haqqında, az da olsa, faktik məlumatlar vardır. Bu, yoluxmanın hamiləliyin hansı dövründə baş verməsi ilə əlaqədardır. Hamiləlik zamanı ananın yoluxması dölün inkişafdan qalmasına, az çəkili olmasına və distres sindroma səbəb ola bilər.
Bununla yanaşı, denge qızdırması virusunun nadir hallarda orqan donorluğu və qan köçürülməsi zamanı qan məhsulları ilə ötürülməsi də qeydə alınıb. Həmçinin ağcaqanad populyasiyasında virusun transovarial ötürülməsi halları da mümkündür.
Denge qızdırmasının profilaktikası 3 istiqamətdə aparılır;
1. Ağcaqanadlardan fərdi qorunma;
2. Ağcaqanad populyasiyasının çoxalmasının qarşısının alınması;
3. Xəstəlik baş verdikdə aparılan tədbirlər.
Ağcaqanadlardan yoluxma riskinin azaldılması üçün fərdi qoruyucu vasitələrdən istifadə olunmalıdır. Belə ki, geyim bədən səthini maksimal dərəcədə örtməlidir; gündüz saatlarında yatan şəxslər həşəratlara qarşı repellentlə işlənmiş ağcaqanada qarşı torlardan istifadə etməlidirlər; həşəratlara qarşı pəncərə torları quraşdırılmalıdır; tərkibində ağcaqanada qarşı DEET, pikaridin yaxud IR3535 repellentlər olan vasitələrdən istifadə edilməlidir; ağcaqanadlara qarşı spiral və fumiqator istifadə olunmalıdır.
Ağcaqanadların çoxalmasının qarşısının alınması istiqamətində aparılan tədbirlər:
- ağcaqanadların yumurta yerləşdirməsinin qarşısını almaq üçün ətraf mühit obyektlərinin abadlaşdırılması və modifikasiyası;
- bərk tullantıların tələb olunan qaydada utilizasıyası və insanlar tərəfindən yaradılan, özündə su saxlayan və ağcaqanadların yaşaması üçün əlverişli mühit ola biləcək obyektlərin məhv edilməsi;
- su ehtiyatlarının qapalı qablarda bina daxilində saxlanması və hər həftə boşaldılaraq yuyulması;
- su saxlanılan küçə qablarının müvafiq insektisidlərlə işlənməsi.
Denge qızdırması ilə xəstələndikdə xəstənin dincliyi təmin edilməli, ona ağrıkəsici və çoxlu maye verilməlidir. Bu zaman qanamanı artıran ibuprofen və aspirin kimi qeyri-steroid iltihabəleyhinə preparatların qəbulundan çəkinmək lazımdır. Xəstənin vəziyyətində ağırlaşma qeyd olunarsa, dərhal həkimə müraciət etmək zəruridir.
Denge qızdırmasına qarşı vaksin üzərində iş 1920-ci illərdən başlanıb. Lakin ilk nəticələr 100 ildən sonra alınıb. 2015-ci ildə Fransa istehsalı olan Dengvaxid adlı vaksin lisenziya alıb və istehsalçılar bu vaksinin denge qızdırması virusunun bütün 4 serotipi ilə yoluxmaya qarşı effektiv qoruduğunu bildiriblər. 2022-ci ildə Yaponiyanın Takoda şirkəti tərəfindən hazırlanmış QDenga vaksini əldə olunub. Hazırda bu vaksin bəzi ölkələrdə qeydə alınıb və istifadəsinə icazə verilib. Lakin bu vaksinin virusun intensiv ötürüldüyü bölgələrdə yalnız 6-16 yaş şəxslər arasında tətbiq olunması tövsiyə edilir. 2023-cü ildə Rusiya və Nikaraqua alimlərinin birgə səyləri nəticəsində daha bir vaksin təklif olundu. Hazırda bu vaksin klinik tədqiqatlar mərhələsində tədqiq edilir. Daha bir neçə vaksin öyrənilmə mərhələsindədir.
Alimlər və tədqiqatçılar denge qızdırması ilə mübarizə məqsədilə digər üsullar da axtarırlar. Onlardan biri Aedes ağcaqanadlarının erkək fərdlərinin Wolbachia bakteriyaları ilə yoluxdurulmasıdır. Yoluxdurulmuş erkək fərdlərlə cütləşdikdən sonra dişi fərdlər defektli yumurta qoyurlar ki, onlardan da nəsil alınmır. Beləliklə, denge qızdırmasının keçiricilərinin sayı azalır.
Digər bir üsul Aedes ağcaqanadlarının genini redaktə etməkdir. Genetik dəyişikliklər ağcaqanad orqanizmində xüsusi OX5034 zülalının yaranmasına gətirib çıxarır. Geni modifikasiya olunmuş ağcaqanadlardan doğulan dişi fərdlər yetkin yaşa qədər yaşamır və nəsil verə bilmir. Bu zaman erkək fərdlər ölmür və bu zülalın daşıyıcısı olurlar.
Azərbaycanda Aedes aegypti ağcaqanadı ilk dəfə 1931-ci ildə görkəmli parazitoloq alim İ.Axundov tərəfindən aşkar olunub. 1984-cü ildə entomoloq N.Namazov Cəbrayıl rayonunun Mahmudlu kəndində Araz çayının kənarından Aedes aegypti ağcaqanadının sürfələrini tapıb, lakin onun qanadlı, yəni imaqo formasını aşkar etməyib. Azərbaycan Respublikasının İran və Gürcüstanla həmsərhəd olması, xüsusilə hazırda İran İslam Respublikasında denge qızdırmasına yoluxma hallarının və onun keçiricisi olan Aedes aegypti ağcaqanadlarının populyasiyasının mövcudluğu bu infeksiyanın müxtəlif yollarla ölkəmizə də gətirilməsinə əlverişli şərait yaradır. Belə ki, ölkə ərazisində həmin növ ağcaqanad populyasiyasının arealı aşkar edilməsə də, denge qızdırması olan ölkələrdən “ağcaqanad miqrasiyası” yolu ilə bu infeksiyanın yayılma təhlükəsi qalmaqdadır.
ÜST denge qızdırmasına qarşı mübarizəni aşağıdakı istiqamətlərdə həyata keçirir:
Əməkdaşlıq edən laboratoriyalar şəbəkəsi vasitəsilə alovlanmanın təsdiq olunmasında ölkələrə dəstək;
Denge qızdırması alovlanmaları ilə effektiv mübarizə üçün ölkələrə texniki dəstək və tövsiyələrin verilməsi;
Xəstələnmə yükünün həqiqi göstəricilərinin hesabatı və qeydiyyatı sistemlərinin təkmiləşdirilməsi məqsədilə ölkələrə kömək göstərilməsi;
Ölkə və region səviyyəsində ÜST ilə əməkdaşlıq edən bəzi mərkəzlərlə birlikdə pasiyentlərin klinik aparılması, diaqnostikası və keçiricilərlə mübarizə sahəsində xüsusi hazırlığın təmin edilməsi;
Elmi əsaslandırılmış strategiya və tədbirlər siyasətinin işlənib hazırlanması;
Denge qızdırması və onunla mübarizə üçün strategiyaların işlənib hazırlanması və infeksiyanın keçiriciləri ilə mübarizə üzrə Qlobal tədbirlərin (2017-2030-cu illər) tətbiq edilməsi, eləcə də arboviruslarla mübarizə üzrə Qlobal təşəbbüsün (2022-2025-ci illər) həyata keçirilməsi üçün ölkələrə dəstək göstərilməsi;
Xəstəliklə mübarizə vasitələri, o cümlədən insektisid preparatlar və onların tətbiqi texnologiyalarının təhlili və yeni vasitələrin işlənib hazırlanması üzrə tövsiyələrin verilməsi;
Denge qızdırması və ağırlaşmış denge qızdırması haqqında 100-dən artıq üzv-ölkədən daxil olan rəsmi məlumatların toplanması;
Denge qızdırmasına epidemioloji nəzarətin aparılması, xəstələrə yardım göstərilməsi, diaqnostika, profilaktika və mübarizə üzrə üzv-ölkələr üçün tövsiyə və rəhbərliklərin nəşr olunması.
Lalə Rüstəmova - Epidemiologiya üzrə elmi şöbənin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent
Nəsib Namazov - Entomologiya bölməsinin müdiri, biologiya elmləri doktoru, dosent
Süleyman Məmmədov - həkim-epidemioloq
Səhiyyə Nazirliyinin V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu
Xəbəri paylaş