Dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatları ciddi nəzarət altındadır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni tədqiqatlarının nəticəsinə görə, son illər qadınların qeysəriyyə kəsiyi əməliyyatı ilə uşaq dünyaya gətirməsi halları xeyli artıb.
ÜST ekspertləri bildirib ki, qeysəriyyə əməliyyatları bütün doğumların 10-15 faizini təşkil etməlidir. Onların fikrincə, bu göstərici 10 faizədək olduqda ana və neonatal ölüm halları azalır, 10 faizdən çox olduqda isə göstəricilər dəyişmir.
Qeyd edək ki, son illər Azərbaycanda da qeysəriyyə kəsiyi əməliyyatlarının tezliyinin artması müzakirə olunan məsələlərdəndir. Bunu nəzərə alaraq, ölkəmizdə sözügedən problemlə bağlı vəziyyətə aydınlıq gətirməsi üçün Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova ilə həmsöhbət olduq.
- İlk növbədə qeyd edim ki, son illər ölkəmizdə tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, kadr islahatları, doğuşayardım xidmətinin təşkilində aparılan islahatlar, sübutlu təbabətə əsaslanmış klinik protokolların işlənib-hazırlanması və təcrübəyə tətbiqinə nəzarət, dövlət proqramlarının həyata keçirilməsi sayəsində ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına, ana və uşaq ölümü göstəricilərinin azalmasına nail olunub.
- Bəs qeysəriyyə kəsiyi əməliyyatlarının artması ilə bağlı problemin həlli istiqamətində hansı işlər görülür?
- Bu gün Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatlarının tezliyi doğuşayardım müəssisəsinin səviyyəsindən asılı olaraq fərqlənir. Belə ki, I səviyyəli doğuşayardım müəssisələrində əməliyyatların tezliyi aşağıdır, perinatal mərkəzlərdə və III səviyyəli doğuşayardım müəssisələrində isə yüksəkdir. Bütün doğuşayardım müəssisələri 3 səviyyəyə ayrılıb və hər bir səviyyə üçün pasiyent qrupları göstərilib. I səviyyəli doğuşayardım müəssisəsində əsasən fizioloji hamiləliyi olan qadınlar qəbul edilir və onlarda cərrahi doğuşların tezliyi aşağıdır. III səviyyəli doğuşayardım müəssisələri əsasən ciddi mamalıq və ya ekstragenital patologiyası olan hamilələr üçün nəzərdə tutulduğundan cərrahi doğuşların tezliyi də yüksəkdir.
Səhiyyə Nazirliyi Kollegiyasının 03.10.2013 tarixli 30 saylı qərarı ilə təsdiq olunmuş “ Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol”da qeysəriyyə kəsiyi əməliyyatına göstərişlər dəqiqliyi ilə verilib.
Göstərişlər 5 əsas qrupa bölünür:
• I qrupa anamnezdə qeysəriyyə kəsiyi və ya uşaqlıq üzərində digər əməliyyatın olması halları aiddir ki, bu göstərişlərlə əməliyyatlar 44,2% təşkil edir.
• II qrupa doğuşa mane olan səbəblər (14,9%),
• III qrupa dölün çanaq gəlişi ( 11,6%),
• IV qrupa dölün distressi ( 18,2%),
• V qrupa – digər səbəblər, məsələn, cift pozuntuları, çoxdöllü hamiləliklər, dölün xəstəlikləri, İİV infeksiyası, anamnezində uzun müddətli sonsuzluq olan, köməkçi reproduktiv texnologiyaların köməyi ilə baş vermiş hamiləliklər aiddir.
Qeyd edim ki, qeysəriyyə kəsiyi əməliyyatına göstəriş doğum tarixində qeyd olunmalı və göstərişi təsdiq edən sənəd mütləq doğum tarixinə əlavə olunmalıdır.
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun icra etdiyi planlı elmi-tədqiqat işi çərçivəsində Bakı şəhərinin və bölgələrin doğuşayardım müəssisələrində aparılan cərrahi doğuşların tezliyi və göstərişlərin strukturu araşdırılır. Bu göstərici Səhiyyə Nazirliyinin tabeliyində olan doğuşayardım müəssisələrində və idarə tabeli doğuşayardım müəssisələrində təxminən eynidir. Özəl tibb müəssisələrində 2013-cü il üzrə ilkin nəticələrə görə 60%-dən yüksəkdir.
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, ölkə üzrə qeysəriyyə kəsiyi əməliyyatları 2013-cü il üzrə doğuşların 17%-ni təşkil edib.
- Nə üçün qeysəriyyə kəsiyi əməliyyatı ilə baş verən doğuşlara çox rast gəlinir? Qadınlarımızın sağlamlıqları ilə bağlı problemlər artır, yoxsa həkimlər bu yolu özləri üçün daha asan bilirlər?
- Müasir dövrdə bütün ölkələrdə qeysəriyyə kəsiyi əməliyyatlarının sayı artır. Müxtəlif ölkələrdə bu doğuşların 5-50%-ni təşkil edir.
Qeysəriyyə kəsiyinin tezliyinin artması perinatal itkilərin azalmasına gətirir. Lakin belə əməliyyatların tezliyi 15%-dən yüksək olduqda bu perinatal itkilərin səviyyəsinə təsir göstərmir.
Qeysəriyyə kəsiyi əməliyyatlarının artmasının subyektiv və obyektiv səbəbləri var. Təəssüf ki, əhali arasında məhz əməliyyatla doğuşların daha təhlükəsiz olması fikri yayılıb. Digər tərəfdən əməliyyatı icra etmək bacarığı olan mama-ginekoloqların da sayı artıb. Bəzi özəl tibb müəssisələrində cərrahi doğuşlara ciddi göstəriş olmasa da hamilənin təkidi ilə əməliyyat icra edilir.
Son illər antenatal və intranatal dövrdə qeysəriyyə kəsiyi əməliyyatına göstəriş məlum vəziyyətdən, məsələn dölün hipoksiyasının, cift gəlişlərinin və s. diaqnostikasının təkmilləşməsi kimi obyektiv səbəblərdən yaranir.
Eyni zamanda cərrahi doğuşların tezliyinin artması uşaqlığında çapıq olan qadınların sayının çoxalmasına və nəticə etibarı ilə təkrar qeysəriyyə kəsiyi əməliyyatlarının aparılmasına zərurət yaradır. Köməkçi reproduktiv texnologiyaların köməyi ilə baş vermiş hamiləliklərin sayının artması da cərrahi doğuşların tezliyinə təsir göstərir. Qeysəriyyə kəsiyi əməliyyatına göstərişlərin strukturunda ekstragenital xəstəliklərin də faizi yüksəkdir. Hamiləlik dövründə təbii yolla doğuşa əks-göstəriş olan halların müəyyən edilməsi və vaxtında planlı şəkildə qeysəriyyə kəsiyi əməliyyatının aparılması ana əlilliyinin və ana ölümünün azalmasına gətirib çıxarır.
- Ölkəmizdə tibbi göstəriş olmadan qeysəriyyə kəsiyi əməliyyatlarının həyata keçirilməsi hallarına rast gəlinirmi?
- Qeyd edim ki, tibbi göstəriş olmadan cərrahi əməliyyatın icra edildiyi sübuta yetirilsə, əməliyyatı icra edən həkim və tibb müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyır. Ona görə də əgər cərrahi əməliyyata göstəriş varsa, hamiləyə bu barədə məlumat verilir. Doğum tarixində mütləq cərrahi əməliyyata göstəriş və tibbi göstərişi təsdiq edən sənədlər qeyd olunur. Məsələn əgər hamilənin görmə qabiliyyətinin pozğunluğu əməliyyata göstərişdisə, oftalmoloqun yazılı rəyi təqdim edilməlidir. Doğum tarixlərini təhlil etməklə, əməliyyatın aparılmasına göstəriş olub-olmamasını müəyyən etmək mümkündür.
Ümumiyyətlə , dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatları ciddi nəzarət altındadır.
Səhiyyə Nazirliyi tərəfindən doğuşayardım müəssisələrinin mütəmadi monitorinqi aparılır. Məqsəd əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb işçilərinin bilik və bacarıqlarının qiymətləndirilməsi, mövcud klinik protokolların təcrübəyə tətbiqinin dəyərləndirilməsindən ibarətdir.
- Bu gün bir sıra hallarda qadınlar hamiləliklərinin qeysəriyyə kəsiyi əməliyyatı ilə başa çatdırılması üçün özləri müraciət edirlər. Bu situasiyada son qərarı kim verməlidir?
- Hamilə qadın qeysəriyyə kəsiyi əməliyyatı üçün özü müraciət etməməlidir. Tibbi göstəriş olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılması yolverilməzdir. Həm ana, həm də uşaq üçün təbii yolla doğuşun üstünlüyü aksiomadır. Ona görə də düzgün antenatal xidmət hamiləyə və onun yaxınlarına təbii yolla doğuşun məqsədəuyğun olduğunu başa salmağa yönəldilməlidir.
Əməliyyatın aparılması ilə bağlı qərarı ancaq həkim verməli və cərrahi müdaxiləyə göstərişləri pasiyentə, onun yaxınlarına anlaşılan tərzdə başa salmalıdır.
Hamilə qadının onun və uşağının sağlamlığı üçün zəruri olmasına baxmayaraq, əməliyyatdan imtina etmək hüququ var. Ancaq bu imtina hamilənin və yaxın qohumlarının imzası ilə təsdiqlənməlidir.
- Ana ölümü ilə bağlı problemə də aydınlıq gətirmənizi istərdik. Son dövrlər bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlər əhalidə ciddi narahatlıq yaradır.
- İlk olaraq bildirim ki, hər bir ana ölümü hadisəsini səbəbi bilinmədən, araşdırmadan kütləvi informasiya vasitələrində ifrat şəkildə işıqlandırmaq dünyada qəbul edilən təcrübə deyil.
Bu sahədə vəziyyəti real qiymətləndirmək lazımdır. Ölkəmizdə 2007-ci illə müqayisədə ana ölümü göstəricisi 2,5 dəfə azalıb. Belə ki, hər 100000 diridoğulana 14,6 ana ölümü düşür. Hazırda postsovet dövlətləri arasında ana ölümü ilə bağlı ən aşağı göstəricilərdən biri Azərbaycandadır. Səhiyyə Nazirliyi tərəfindən təşkilati işlərin, kadr siyasətinin düzgün aparılması, tibb müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsi hesabına buna nail olunub.
Əlbəttə ki, ölkəmizdə ana ölümü hadisəsinin ümumiyyətlə olmamasını istərdik. Lakin iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrdə belə ana ölümü göstəricisini sıfıra endirmək mümkün olmayıb. Səbəblər isə çoxdur.Təəssüf ki, bəzən qadınlar hamiləliyə icazə verilməsə də, öz həyatları bahasına ana olmaq qərarını həkimlə məsləhətləşmədən qəbul edirlər. Bəzən isə problemi olan hamilələr həkimə çox gec müraciət edirlər. Kritik vəziyyətə çatana qədər evdə gözləyirlər, ağırlaşdıqda xəstəxanaya çatdırılırlar ki, onda da çox gec olur. Bütün dünyada ana ölümü səviyyəsinin azalması istiqamətində aparılan tədbirlərin əsasını antenatal xidmətin keyfiyyətinin yüksəldilməsi təşkil edir. Əgər hamiləlik dövründə qadının mamalıq və ekstragenital xəstəlikləri vaxtında aşkar olunarsa və düzgün taktika seçilərsə, hamilə onun vəziyyətinə uyğun olan doğuşayardım müəssisəsinə göndərilərsə, ana ölümünün səviyyəsini azaltmaq mümkündür.
- Sonda hamilə qadınlara nə tövsiyə edərdiniz?
- Hamiləlik planlaşdırılarkən tibbi müayinədən keçmək və hamiləliyə əks-göstərişlərin olub-olmamasını müəyyən etmək vacibdir. Hamiləlik dövründə müalicə həkiminin ciddi nəzarəti altında olmaq mütləqdir. Ən az 7 dəfə həkimin qəbulunda olmaq, onun təyinatı ilə vacib müayinələrdən keçmək lazımdır. Əgər hər hansı bir narahatçılıq varsa, bu barədə həkimə məlumat vermək lazımdır. Bir də əsas məsləhətim – hamiləlik dövründə bir həkimin nəzarəti altında olun. Təəssüf ki, hamilələrimiz bəzən qadın məsləhətxanasında qeydiyyata dururlar, amma eyni zamanda başqa həkimin və ya həkimlərin də təyinatlarını qəbul edirlər. Bu halda həmin pasiyent, ümumiyyətlə, diqqətdən kənarda qalmış olur.
Ü.FƏRZƏLİYEVA
Xəbəri paylaş