El deyən söz düz olar!

El deyən söz düz olar!

Amma yenə də Bərdədəki «Muğanlı» suyunun müalicəvi əhəmiyyəti barədə son sözü mütəxəssislər deməlidir

Heç kimə sirr deyil ki, çoxsaylı yeraltı və yerüstü sərvətlərə, əsrarəngiz iqlimə malik olan Azərbaycan müalicəvi mineral sularla, digər şəfalı təbiət möcüzələri ilə zəngindir. Dərmanların əlavə mənfi təsiri ilə bağlı son illər tez-tez səslənən söz-söhbətlər insanların əsrlərdir istifadə elədiyi təbii müalicə ocaqlarını bir daha gündəmə gətirir.
«Tibb qəzeti» ölkəmizin ərazisindəki təbii şəfa mənbələri, onların hansı xəstəliklərə çarə olması barədə yazılarını davam etdirir. Ötən sayımızda Qax rayonunun İlisu kəndindəki müalicəvi-termal sular barədə geniş məlumat vermişdik. Bu dəfə isə Bərdənin Muğanlı kəndi ərazisində yerləşən, el arasında «pulsuz böyrək həkimi», «böyrək suyu» kimi tanınan «Muğanlı» suyundan söhbət açacağıq.


Bərdəyə səfər etməzdən əvvəl internetdə «Muğanlı» suyu haqqında, onun müalicəvi xüsusiyyətləri barədə məlumatları araşdıranda onlardan biri diqqətimizi daha çox cəlb elədi. AzərTAc İnformasiya Agentliyinin hələ 2007-ci ildə yaydığı xəbərdə bildirilirdi ki, Bərdədə yerli sahibkarın vəsaiti ilə inşa edilmiş yeni sexdə «Muğanlı» mineral suyu istehsal olunur: «Rayonun Muğanlı kəndindəki mineral-müalicə suyu uzun illərdən bəri istifadəsiz qalmışdı. Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun əməkdaşları həmin suyun müalicəvi əhəmiyyətini müəyyənləşdirmişlər. «Muğanlı» mineral suyu böyrək, şəkərli diabet, maddələr mübadiləsi və digər xəstəliklərin müalicəsində əvəzsizdir. Artıq qablaşdırılmış su respublikamızın şəhər və rayonlarına göndərilir». Bu məlumat, necə deyərlər, həmin ünvana yollanmaq üçün bizə daha bir stimul verdi. Beləcə, yön aldıq Bərdəyə…
Bərdəyə çatan kimi, «Muğanlı» suyunun istehsalı və satışı ilə məşğul olan sahibkarı tapıb, əvvəlcə onun fikirlərini öyrənməyi qərara aldıq. Və soraqlaya-soraqlaya istəyimizə çatdıq. Məlum oldu ki, həmin şəxs Rəsul Şəfiyevdir.
Bu təbii şəfa mənbəyinin əhaliyə daha geniş tanıdılmasını təqdirəlayiq hesab edən R.Şəfiyev öncə bildirdi ki, texniki səbəblərə görə hazırda suyun istehsalı dayandırılıb, amma sexdə yeni avadanlıqlar quraşdırıldıqdan sonra iş yenidən bərpa olunacaq. Müsahibimiz onu da qeyd etdi ki, hələ 2007-ci ildə «Muğanlı» suyunun nümunəsini analiz üçün Tibbi Bərpa İnstitutuna (TBİ) təqdim edib, rəsmi cavab alıblar. Həmin qurum tərəfindən verilən yazılı rəydə bildirilir: «İnstitutun «Kurort sərvətlərinin öyrənilməsi» şöbəsinə təqdim etdiyiniz su nümunəsinin fiziki-kimyəvi analizi nəticəsində müəyyən olunmuşdur ki, su zəif qələvi mühitə malik (pH – 8,4), çox az minerallaşmış (M – 0,5 q/1) və kimyəvi tərkibinə görə hidrokarbonatlı, xloridli, sulfatlı, natriumlu, kalsiumludur. Orqanoleptik göstəricilərinə görə rəngsiz, iysiz, dadsız, şəffaf və çöküntüsüzdür. Tərkibindəki komponentlərə görə su təbii süfrə suyudur. Süyün mövsümi olaraq (qış, yaz, yay, payız) müayinədən keçirilməsi məsləhət görülür».
Bundan əlavə, «Muğanlı» suyuna Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) tərəfindən «Gigiyenik sertifikat», Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən isə «Uyğunluq sertifikatı» verilib.
R.Şəfiyevin sözlərinə görə, TBİ-nin verdiyi rəydə «Muğanlı» suyunun müalicəvi əhəmiyyəti, hansı xəstəliklərə çarə olduğu öz əksini tapmayıb. O, sadəcə, mineral süfrə suyu kimi xarakterizə edilib: “Doğrusu, sözügedən rəsmi sənədlərə əsasən elə biz də «Muğanlı» suyunu təbii mineral süfrə suyu kimi istehsal edirdik. Lakin bu regionda yaşayan əhali, hətta bir çox həkimlər də onu xroniki mədə-bağırsaq, mədəaltı vəzi, böyrək və sidik kisəsi xəstəliklərinin müalicəsində əvəzsiz hesab edirlər. Təsəvvür edin ki, akademik Cavadzadə öz xəstələrinə «Muğanlı» suyunu məsləhət görürdü, hətta bu sudan istifadə etməyi müalicə reseptinə də yazırdı. Elə indi də bizim bölgədə bir çox həkimlər böyrək xəstəliklərinin müalicəsində xəstələrə bu sudan içməyi tövsiyə edirlər. Onu da nəzərinizə çatdırım ki, «Muğanlı» suyunu qaynadanda ərp yaranmır. Ona görə də əhali ondan daha çox çay suyu kimi istifadə etməyə üstünlük verir. Maraqlıdır ki, adi suların qaynadılmasından divarlarında qalın ərp qatı yaranmış çaydanda «Muğanlı» suyunu bir neçə dəfə qaynatdıqda, həmin ərp əriyir, qopub tökülür».
Müsahibimiz dediklərinə misal olaraq maraqlı bir faktı da bizimlə bölüşdü: «Tərtər rayonunda böyrəyində daş olan bir uşaq var idi. Müayinələrdən sonra həkimlər əməliyyat olunaraq daşın götürülməsini məsləhət görmüşdülər. Lakin valideynləri əməliyyata razı deyildilər. Həmin uşağa təxminən 1 ay ərzində gündə bir neçə dəfə «Muğanlı» suyu içirtdilər. Təkrar müayinə zamanı həkimlər məəttəl qalmışdılar – böyrəkdəki daş tamamən ərimişdi».
R.Şəfiyevlə söhbətimizi başa vurub, haqqında danışdığımız şəfa mənbəyi ilə daha yaxından tanış olmaq üçün üz tutduq Muğanlı kəndinə. Əvvəla, onu qeyd edək ki, rayon mərkəzindən bir neçə kilometr aralıda yerləşən bu kəndin yolu heç də ürəkaçan vəziyyətdə deyil. Buna baxmayaraq, yol boyu həmin möcüzəvi bulağın suyundan götürmək üçün Muğanlıya gedib-gələn xeyli insanla rastlaşdıq. Və nahəyət, soruşa-soruşa mənzil başına çatdıq…

«Pulsuz böyrək həkimi»

Elə ilk baxışdaca görünür ki, Yerin təkindən qaynayıb gələn, göz yaşı kimi dumduru və hər gün saysız-hesabsız qonaqlara «xoş gəlmisən» deyən bu şəfa ocağı gözdən-könüldən uzaq qalıb. Burada nəinki bulaqdan rahat şəkildə su doldurmaq, hətta uzaqdan-yaxından gələnlərin 5-10 dəqiqə oturub dincəlməsi üçün də heç bir şərait yoxdur. Amma buna baxmayaraq, gəlib-gedənlərin sayı çoxdur…
Kənardan seyr edirik. Bulaq başında bir neçə nəfər iri qablara su doldurub, avtomobillərinin yük yerinə yığırlar. Yaxınlaşıb hal-əhval tutur, onlarla söhbət edirik.
Yevlax rayonundan gəldiyini deyən ilk müsahibimiz atasının bu suyun hesabına yaşadığını deyir: «Atamın böyrəyində daş var. Həkimə apardıq, əməliyyat təklif elədilər, razılaşmadıq. Kişi yaşlı adamdır, əməliyyat ona çətin olar. Amma neçə illərdir bu sudan gəlib aparırıq. Həm içmək üçün, həm də çay suyu kimi istifadə edirik. O vaxtdan bəri kişinin böyrəyinin ağrıları azalıb. Vallah, atamı yaşadan elə bu sudur. Təsəvvür edin ki, camaat bunun adını «pulsuz böyrək həkimi» qoyub. O mənada ki, dava-dərmana xərcin çıxmır».
Digər müsahibimiz isə elə Bərdənin özündən gəldiyni bildirdi. Onun sözlərinə görə, bu sudan istifadə edəndə ağrıları olmur: «Böyrəyim ağrıyırdı. Bir neçə dəfə həkimə müraciət elədim. Düzdür, məni yaxşı müalicə elədilər. Amma hərdən yenə özümü narahat hiss eləyirdim. Sonra bu sudan içməyə başladım. İnanırsınız, elə bil ki, anadangəlmə olmuşam. Ona görə də tez-tez gəlib bu sudan qablara doldurub aparıram».
Qeyd edək ki, biz orada olduğumuz təxminən 1-2 saat ərzində həmin kənddən, eləcə də müxtəlif rayonlardan su doldurmağa gələnlərin ardı-arası kəsilmədi. Söhbət elədiyimiz digər müsahiblərimiz də bu suyun böyük müalicəvi əhəmiyyətindən, onun həqiqətən də şəfalı olduğundan söhbət açdılar, bu bulağın «böyrək suyu», ya da «pulsuz böyrək həkimi» adlandırılmasının heç də təsadüfi olmadığını dedilər.
Beləcə, əhalinin «Muğanlı» suyu haqqında söylədiklərini eşitdik. Bəs görəsən, həkimlər hansı fikirdədirlər? Onlar bu deyilənlərlə razılaşırlar, yoxsa yox? Bu suallara cavab almaq üçün Bərdə və Ağdam rayonlarında çalışan bir neçə həkimlə ayrı-ayrılıqda söhbət elədik. Adlarının çəkilməsini istəməyən müsahiblərimiz təxminən eyni sözləri dedilər. Onların fikirlərini ümumiləşdirsək, gəlinən qənaət bu oldu ki, əsrlər boyu əhali həmin suyun müalicəvi xüsusiyyətlərindən faydalanıb. Əlbəttə ki, müsbət təsiri olmasa, camaat oraya üz tutmaz, bu sudan müalicə üçün istifadə eləməz. Amma bir mütəxəssis kimi «Muğanlı» suyu barədə konkret fikir irəli sürmək üçün əldə tutarlı əsas, dəlil-sübut, yəni elmi araşdırmaların nəticələri olmalıdır. Bir sözlə, həmin su dəqiq analiz edilməli, tərkibi, təsir mexanizmi öyrənilməli, kliniki təcrübədən keçirilməli, yalnız bundan sonra hansısa xəstəliklərə çarə olub-olmadığı rəsmi şəkildə ortaya qoyulmalıdır.
Beləliklə, oxucularımıza ölkə miqyasında az tanınan, müalicəvi təsiri, demək olar ki, tədqiq olunmamış «Muğanlı» suyu barədə az-çox məlumat verdik. Əlbəttə, deyilənlərin nə dərəcədə həqiqətə uyğun olub-olmadığına biz qərar verə bilmərik. Təbii ki, son söz mütəxəssislərindir. Amma unutmayaq ki, atalarımız «El deyən söz düz olar» misalını nahaqdan deməyiblər…

Q.NURİYEV


Xəbəri paylaş




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova