Ümumdünya Böyrək günü qeyd edildi

Xəstələrin sayı hər il 20-25 faiz artır
“Xroniki böyrək xəstəlikləri dünya səhiyyəsinin mühüm problemlərindəndir. Buna görə də 2006-cı ildən etibarən Amerika Nefroloji Assosiasiyası və Beynəlxalq Böyrək Fondunun təklifi ilə hər il mart ayının ikinci həftəsinin cümə axşamı günü Ümumdünya Böyrək günü kimi qeyd olunur. Yalnız birgə əməkdaşlıq, diqqət və qayğı sayəsində bu xəstəliyin aradan qaldırılmasına, bu sahədə mövcud problemlərin həllinə nail olmaq, xəstələrə yardım etmək mümkündür”. Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya Böyrək gününə həsr olunmuş elmi-praktiki konfransda çıxış edərkən Klinikanın direktoru, professor Surxay Musayev söylədi.
O bildirdi ki, Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin ömrünün uzanması, erkən aşkarlanma və digər amillərə görə onların sayında hər il orta hesabla 20-25 faiz artım qeydə alınır. Bunu nəzərə alaraq, Azərbaycan hökuməti tərəfindən Bakı şəhərində və regionlarda belə xəstələrin müalicəsi üçün yaradılan dializ mərkəzlərinin sayı da artırılır. Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “2011-2015-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində ölkəmizdə böyrək xəstələri pulsuz dializ müalicəsi alırlar. Çünki bu xəstəlikdən əziyyət çəkən xəstələrin öz hesablarına uzun müddət dializ qəbul etməsi çətin məsələdir”.
Professor S.Musayev ATU-nun Tədris Terapevtik Klinikasında xroniki böyrək xəstəliklərinin müalicəsinə ciddi diqqət yetirildiyini, burada xüsusi Nefrologiya şöbəsinin fəaliyyət göstərdiyini vurğuladı.
2 635 xəstə dövlət hesabına müalicə olunur
Sonra akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev “Azərbaycanda böyrək əvəzedici terapiyanın 2014-cü il registri” mövzusunda məruzə ilə çıxış etdi. O, xroniki böyrək çatışmazlığının əsas səbəblərindən, dializ mərkəzlərinin fəaliyyətindən danışdı, bu sahə ilə bağlı statistik göstəriciləri diqqətə çatdırdı.
F.Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsinin uğurla davam etdirildiyini, bunun böyrək xəstəliklərinin vaxtında aşkar edilməsi sahəsində də önəmli olduğunu söylədi: “2006-cı ildə Azərbaycanda dörd hemodializ mərkəzində 437 xəstə dövlət hesabına dializ müalicəsi alırdısa, hazırda belə pasiyentlərin sayı 6 dəfədən çox artaraq, 2 635-ə çatıb. İndi 33 hemodializ mərkəzində 486 dializ aparatı xəstələrə xidmət edir”.
Şöbə müdiri əhalinin hər milyon nəfərinə orta hesabla təxminən 205 dializ xəstəsinin düşdüyünü dedi. Hemodializi müalicədən daha çox həmin xəstələrin yaşaması üçün bir yol, yaşam tərzi adlandıran F.Babayev 2014-cü ildə Bakı şəhərində 155 037, regionlarda isə 197 379 belə seans aparıldığını, artıq ölkəmizdə hemodializ növbəsi olmadığını bildirdi.
2010-cu ildən başlayaraq Azərbaycanda böyrəkköçürmə əməliyyatlarının yenidən bərpa olunduğunu deyən mütəxəssis bu günə qədər canlı donordan 197 böyrək transplantasiyasının həyata keçirildiyini, 2014-cü ildə 68 belə əməliyyatın aparıldığını diqqətə çatdırdı. Bu gün ölkəmizdə 561 böyrək köçürülən xəstənin dispanser qeydiyyatda olduğunu dedi.
557 dializ xəstəsində hepatit virusu var
Fariz Babayev böyrək çatışmazlığı xəstəliyinin müalicəsində mövcud problemlərdən də danışdı: “Bu sahədə ən böyük problemlərdən biri kadr çatışmazlığıdır. Hazırda Azərbaycanda 135 dializ həkimi və 382 tibb bacısı çalışır. Bu, tələbatı tam ödəmək üçün kifayət etməsə də, həkimlərimiz fədakarlıqla işlərinin öhdəsindən gəlirlər”.
Şöbə müdiri qeyd etdi ki, hemodializ müalicəsi qəbul edən xəstələr müxtəlif instrumental, invaziv müdaxilələrə məruz qaldığından, onlar hepatit virusuna daha tez yoluxurlar: “Ümumdünya səhiyyə təsisatlarının məlumatlarına görə, aseptik və antiseptik tədbirlərə, hər bir tibbi ləvazimatın birdəfəlik istifadə üçün nəzərdə tutulmasına baxmayaraq, dünyada dializ xəstələrinin hepatit virusu ilə yoluxma halları 28-36% təşkil edir. Azərbaycanda bu günə qədər müalicə olunan dializ xəstələrində bu rəqəm 20-21%-ə bərabərdir – onların 356 nəfərində hepatit C, 152 nəfərində hepatit B, 49 nəfərində isə qarışıq infeksiya (B və C virus hepatitləri) aşkar olunub. Bu yoluxmanın ölkəmizdə məhz dializ yolu ilə baş vermə ehtimalı yoxdur. Belə ki, birdəfəlik ləvazimatlar, müasir texnologiyalardan istifadə burada infeksiya ötürülməsini qeyri-mümkün edir. Bununla belə, xroniki böyrək çatışmazlığından əziyyət çəkənlər immuniteti zəif, bir sıra digər sağlamlıq problemləri də olan insanlardır. Bu onların həm hemodializə başlamamışdan əvvəl, həm də dializ seansları aldıqları müddətdə digər yollarla yoluxma ehtimalını artırır.
Hazırda Səhiyyə Nazirliyi tərəfindən hepatitli xəstələrin müalicəsinin dövlət vəsaiti hesabına aparılması tədbirlərinə uyğun olaraq, xroniki böyrək çatışmazlığından əziyyət çəkən belə pasiyentlər də ixtisaslı həkimlər tərəfindən müalicəyə cəlb olunurlar. Həmçinin bütün dializ xəstələri, həkimlər və orta tibb işçiləri hepatit B virusuna qarşı vaksinasiya edilir”.
Sonra konfransda “Hepatorenal sindrom”, “Hemodializ və hemodiafiltrasiyanın tətbiqinin əsas xüsusiyyətləri”, “Antineytrofil sitoplazmatik anticisimlər və kiçik damarların sistem vaskulitləri”, “Fokal seqmental qlomerulosklerozun (FSQS) kompleks müalicəsində plazmaferezin tətbiqi”, “Böyrəklərin punksion biopsiyası təcrübəsi” və digər mövzularda mütəxəssislərin məruzələri dinlənildi, mövzular ətrafında müzakirələr aparıldı.
Ü.FƏRZƏLİYEVA
Xəbəri paylaş