Hepatit xəstələrinin dövlət hesabına müalicəsinə başlandı

“Artıq bu ilin yanvar ayından ölkəmizdə hepatit B və C viruslu xəstələrin müalicəsinin dövlət hesabına həyata keçirilməsinə başlanılıb. Qeyd edim ki, bu prosesə start verilməmişdən öncə Səhiyyə Nazirliyinin 5 iyun 2014-cü il tarixli əmrinə əsasən B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya yaradılıb. Bu qurumun üzərinə ölkəmizdə bu infeksiyaların profilaktikası və diaqnostikası, həmçinin belə xəstələrin müalicəsi üzrə görülən işlərin əlaqələndirilməsi, bu sahədə problemlərin həlli məqsədilə lazımi tədbirlərin görülməsi kimi vəzifələr qoyulub. Burada söhbət, əlbəttə ki, diaqnostikanın düzgün aparılmasından, bunun üçün müvafiq normativ metodik sənədlərin hazırlanmasından, müalicənin dəqiq həyata keçirilməsindən gedir”. Bu fikirləri bizə müsahibəsində Komissiyanın üzvü, Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, professor Həqiqət Qədirova söylədi.
Müsahibimiz mövzu ilə əlaqədar digər maraqlı və önəmli məqamlara da aydınlıq gətirdi. Qeyd etdi ki, iyun ayından indiyə qədər Komissiya həmin viruslara yoluxmuş xəstələrin sənədlərini araşdırır, lazım olan müayinələri təşkil edir. Bunlara əsasən müalicəyə ehtiyacı olması müəyyən edilən xəstələrin siyahısı hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim olunur: “Ötən il dekabrın sonuna qədər bizə 250-yə qədər xəstənin sənədi daxil olmuşdu. Onlardan 150 nəfərdən çoxu müalicəyə tövsiyə edilib. Yanvar ayının sonuna qədər isə komissiyaya 800-dən çox şəxsin sənədi verilib”.
Direktor müavini hazırda sənədlərin qəbulunun Kliniki Tibbi Mərkəzdə, İnfeksion şöbənin (7-ci korpus) bazasında təşkil olunduğunu dedi: “Xəstələr müvafiq siyahı üzrə sənədlərini bazar ertəsindən cümə gününə qədər saat 10.00-dan 13.00-dək həmin şöbəyə təqdim edə bilərlər. Komissiya tərəfindən sənədlərə baxılaraq, müvafiq qərar çıxarılır. Artıq yanvar ayının sonundan etibarən xəstələr həftənin 2-ci və 5-ci günləri saat 12.00-dan 14.00-a qədər dərman preparatlarını İnfeksion şöbədən pulsuz alırlar və dərmanların qəbul edilməsi ilə bağlı lazımi qrafiklə tanış olurlar. Müşahidə tələb olunan xəstələr stasionarda saxlanılır, qalanları isə yaşadıqları yerlərdəki müvafiq poliklinikalarda ambulator şəkildə həkim (sahə həkimi, terapevt, infeksionist, qastroenteroloq) nəzarəti altında dərmanları qəbul edirlər”.
H.Qədirova bildirdi ki, rəsmi statistikaya görə, 2012-ci ildə Azərbaycanda hepatit B-yə 194 yoluxma halı qeydə alınmışdısa, 2013-cü ildə bu rəqəm 242 olub: “Ancaq 2012-ci illə müqayisədə 2013-cü ildə qeydə alınan xəstələrin sayının artmasına baxmayaraq, ümumilikdə 2008-ci ildən indiyədək xəstələnmə halları 2 dəfə azalıb. Bu azalma hepatit B-yə qarşı peyvəndin mövcud olması və digər inkişaf etmiş ölkələr kimi, Azərbaycanda da bu virusa qarşı bütün yenidoğulmuşların vaksinasiya edilməsi ilə əlaqədardır”.

Hepatit C-yə yoluxma hallarında isə artım olduğunu diqqətə çatdıran Komissiya üzvü bildirdi ki, ümumilikdə bu virusa ən çox yoluxma 2009-cu ildə qeydə alınıb. 2012-ci ildə 133, 2013-cü ildə isə 181 hepatit C-yə yoluxma halı aşkarlanıb. Onun sözlərinə görə, hepatit C-yə qarşı peyvənd olmadığı üçün yoluxma halları ildən-ilə artır: “Göstərilən rəqəmlər rəsmi statistikadır. Nəzərə almaq lazımdır ki, xəstələrin bir qismi fərdi şəkildə hansısa həkimlərə, özəl tibb müəssisələrinə gedirlər, ona görə də statistikadan kənarda qalırlar. Buna baxmayaraq, tibb müəssisələrində müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, qanın mütləq şəkildə yoxlanılması, tibbi ləvazimatların düzgün sterilizasiyası və s. hesabına C hepatitinə yoluxma hallarının artmasının qarşısı müəyyən qədər alınır”.
Virusa yoluxanların 15-45 faizi öz-özünə sağalır
Həqiqət xanım Komissiyaya müraciət edən xəstələrin təxminən 70 faizinin müalicəyə ehtiyacı olduğunu vurğuladı: “Hepatit B və C virusuna yoluxmuş hər kəsə müalicə təyin edilmir. Bəzən virusa yoluxmuş insanın müalicəyə ehtiyacı olmaya bilər. Məsələn, hepatit B zamanı virus daşıyıcılığı deyilən anlayış var. Bu zaman virus uzun müddət insanın həyat rejiminə, orqanizmin müqavimətinə mənfi təsir göstərmir. Ola bilər ki, bu, uzun illər belə davam etsin və heç bir patoloji proses baş verməsin. Belə halda virus daşıyıcısını müalicə etməyə ehtiyac yoxdur.
Hepatit C zamanı isə əksər şəxslərdə xəstəlik xroniki infeksiya kimi başlanır. Kəskin infeksiyaya nadir hallarda rast gəlinir. Xəstələr adətən virusa yoluxduqlarından xəbərsiz olurlar və çox zaman bu fakt təsadüfi müayinələr zamanı aşkar edilir. Qanda virusun miqdarı az olduqda, bu, uzun illər qaraciyəri zədələmir, orqan öz funksiyasını yerinə yetirə bilir. Bu zaman müalicənin aparılması tövsiyə edilmir. Ona görə də həmin xəstələrin orqanizminin müqavimətinin artırılması üçün müvafiq tədbirlər tövsiyə olunur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin statistikasına görə, virusa yoluxanların 15 faizdən 45 faizə qədəri öz-özünə sağalır. Buna baxmayaraq, virus daşıyıcısı olan hər kəsə 6 aydan bir müayinədən keçmək tövsiyə edilir.
Bir qrup xəstələr də var ki, onlar üçün müalicə əks göstərişdir. Belə ki, sirrozlu xəstələrə, yanaşı gedən onkoloji xəstəlikləri olan şəxslərə bu preparatların təyin edilməsi pasiyentin vəziyyətinin ağırlaşmasına gətirib çıxara bilər”.
Professor H.Qədirova xəstələrin müalicəsinin ÜST-nin tövsiyə etdiyi sxemlər üzrə aparıldığını da bildirdi. Qeyd etdi ki, ən geniş istifadə olunan müalicə sxemləri hepatit B-nin yalnız interferonla, hepatit C-nin isə interferon və riboverin preparatları ilə müalicəsidir: “Bu dərmanlar, xüsusən interferon preparatları baha qiymətə olduğundan, bir çox xəstələr müalicə oluna bilmirdilər. Problemi aradan qaldırmaq üçün, xəstələrin müalicəsində ödənişsiz olaraq istifadə edilmək məqsədi ilə artıq Səhiyyə Nazirliyi lazımi dərman preparatlarını alıb. Hələ ki 500 hepatit C və 100 hepatit B xəstəsi üçün Ukraynada istehsal olunan ukroferon (interferon) və ribaverin preparatları ölkəyə gətirilib. Xəstələrin sayını nəzərə alaraq, dərman ehtiyatı daha da artırılacaq. Bununla bağlı komissiya öz təkliflərini Səhiyyə Nazirliyinə təqdim edib”.
Həmsöhbətimiz onu da vurğuladı ki, hepatit B xəstələrinin müalicə müddəti 24 həftə, hepatit C-nin isə genotipdən asılı olaraq 24 və ya 48 həftədir: “Hepatit C virusunun 6 genotipi var. 1-ci və 4-cü genotiplər müalicəyə çətin tabe olan formalardır. Xəstədə virus yüklənməsi və genotip müəyyən edildikdən sonra müalicə taktikası seçilir”.
Mütəxəssis onu da söylədi ki, xəstələr vaxtaşırı müayinədən keçiriləcək, 24 və ya 48 həftəlik müalicə müddəti bitdikdən sonra müayinələrinin nəticəsi müsbət olmayan xəstələrlə bağlı komissiya yenidən qərar verəcək. Ehtiyac olarsa, onların müalicəsi davam etdiriləcək: “Heç bir hepatit B və C xəstəsi diqqətdən kənarda qalmayacaq, müraciət edən və müalicəyə ehtiyacı olduğu müəyyənləşdirilən hər bir şəxs Səhiyyə Nazirliyi tərəfindən pulsuz dərman preparatları ilə təmin ediləcək”.
Komissiya üzvü hepatit B və C virus xəstələrin müalicəsinin düzgün aparılması üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təkmilləşmə kurslarının da təşkil edildiyini dedi, regionlardan və Bakı şəhərinin bir neçə poliklinikasından 20-dən çox həkimin artıq kurs keçdiyini bildirdi. Bu prosesin indi də getdiyini, gələcəkdə də davam etdiriləcəyini dedi.
Professor Həqiqət Qədirova sonda hepatit B və C xəstəliklərinin müalicəsinin uzunmüddətli olması, dərman preparatlarının orqanizmə toksiki təsiri, eyni zamanda, psixoloji və s. baxımdan çətinliyini nəzərə alaraq, hər bir insanın bu viruslardan qorunmasını tövsiyə etdi.
Ü.FƏRZƏLİYEVA
Xəbəri paylaş