Mütəxəssislərimiz Çindən qayıdıb

Mütəxəssislərimiz Çindən qayıdıb

Azərbaycanın ayrı-ayrı tibb müəssisələrindən olan müxtəlif ixtisas həkimlərindən ibarət 14 nəfərlik heyət 4 ay müddətində Çin Xalq Respublikasının Şanxay şəhərində II Hərbi Tibb Universitetinin nəzdində ixtisasartırma kursu keçərək, ötən il dekabrın sonlarında ölkəmizə geri dönüb. Kursdan qayıdan mütəxəssislərimizin bəziləri ilə görüşüb, səfərin məqsədi və əhəmiyyəti, həmçinin ilk dəfə səyahət etdikləri ölkə ilə, onun səhiyyəsi ilə bağlı təəssüratları barədə söhbət etdik.
Milli Onkologiya Mərkəzinin rezidenti Rüstəm Maqsudov Azərbaycandan Çinə ixtisasartırma kursuna göndərilən ilk azərbaycanlı həkim qrupu haqqında məlumat verdi, onun pediatr, cərrah, radioloq, anestezioloq və ginekoloqlardan ibarət olduğunu dedi. Kursların Azərbaycan Respublikası Nazirlər Kabineti, Səhiyyə Nazirliyi və Çin Xalq Respublikasının Kommersiya Nazirliyi tərəfindən təşkil edildiyini bildirən R.Maqsudov iki iri tibb müəssisəsində – Şanxay və Çan Çjen hospitallarında praktika keçdiklərini vurğuladı: “Biz kursun ilk iki ayı ərzində günün birinci yarısını nəzəri, ikinci yarısında isə praktiki biliklərə yiyələndik. Qalan iki ay müddətində isə ancaq praktik fəaliyyətlə məşğul olduq. Qeyd edim ki, ən müasir avadanlıqla təchiz edilmiş hospitalda hazırlıq səviyyəsi çox yüksək olan mütəxəssislər çalışırdı. Həkimlər və, ümumiyyətlə, bütün tibbi personal bizə həvəslə kömək edir, sənətlərinin sirrlərini açır, hər bir sualımızı ətraflı cavablandırırdılar”.
Milli Onkologiya Mərkəzi Uşaq onkologiyası şöbəsinin həkimi Nailə Məmmədova kurs müddətində Çinin ənənəvi və qeyri-ənənəvi təbabəti ilə tanış olduqlarını, yeni preparatlar barədə məlumat aldıqlarını diqqətə çatdırdı: “Bu kurs bizim bundan sonrakı fəaliyyətimizə müsbət təsir edəcək. Təlimin faydası təkcə mühazirə və seminarlarda qazandığımız yeni biliklərlə, praktiki məşğələlərdə öyrəndiklərimizlə məhdudlaşmır. Bu kurs həm də ona görə diqqətəlayiqdir ki, biz orada tanınmış mütəxəssislərlə tanış olmuşuq, istənilən vaxt hansısa problemlə əlaqədar, yaxud mübahisəli, çətin situasiyada onlara müraciət edib məsləhət ala biləcəyik”.
N.Məmmədova əksər ölkələrdə olduğu kimi, Çində də müxtəlif şəhərlərin tibb müəssisələrində insanlara yanlış diaqnoz qoyulması, müalicənin düzgün aparılmaması kimi hallara təsadüf edildiyini, bu tipli problemlərin orada da yaşandığını dedi.
Onkoloq-həkim onkoloji xəstəliklərin aşkarlanma mərhələsinə görə Çində də vəziyyətin o qədər yaxşı olmadığını söylədi. Azərbaycanda olduğu kimi, orada da gecikmiş müraciətlərin üstünlük təşkil etdiyini dedi. Uşaq onkologiyası sahəsinin Azərbaycanda yeni yaradılmasına baxmayaraq, Çinlə müqayisədə bu sahənin inkişafının heç də geri qalmadığını vurğuladı.
Azərbaycan Tibb Universitetinin II Mamalıq-ginekologiya kafedrasının baş laborantı Günay Məmmədli müəllimlərin onlara münasibətindən, bildiklərini öyrətmək üçün əllərindən gələni əsirgəməməsindən söz açdı. Ölkəmizlə müqayisədə hamiləliyin aparılma taktikasının çox da fərqlənmədiyini bildirdi.
K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun həkimi, kiçik elmi işçi Səbinə Kərimova isə Çin səfəri təəssüratlarını belə bölüşdü: “Bütün valideynlərin uşaqlara sözlə ifadəsi mümkün olmayacaq səviyyədə xüsusi diqqət, sevgi və qayğı ilə yanaşması məni heyrətləndirdi. Bəlkə də, bu, Çində hər ailədə cəmi bir uşaq olduğu üçün belədir. Ancaq bütün hallarda, təqdir edilməli ənənədir. Çində bizimlə müqayisədə vaxtından əvvəl doğuşlara çox az təsadüf edilir. Çünki analar vaxtlı-vaxtında müayinə və müalicə olunurlar, bətnlərindəki körpənin sağlamlığına məsuliyyətlə yanaşırlar”.
S.Kərimova orada olduğu müddətdə heç vaxt rastlaşmadığı, kavaşaki kimi yalnız bu regiona xas xəstəliklər barədə öyrəndiyini söylədi. Çində uşaqların müalicəsində antibiotiklərdən çox az istifadə olunduğunu, eləcə də mərkəzi sinir sistemi zədələnmələri arasında baş beyin qansızmalarına az rast gəlindiyini müşahidə etdiyini dedi. Maraqlı fakt kimi diqqətə çatdırdı ki, bu ölkədə səhvə yol verməmək üçün hər doğulan körpəyə daktiloskopiya aparılır. Həm də təlim keçdikləri xəstəxanada bütün ailəyə uşağın yanında qalmağa icazə verilir.
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək kardiocərrahiyyəsi şöbəsinin həkimi Eldar Əliyev 4 aylıq Çin səfərinin onun həyatında adi insan kimi də, mütəxəssis kimi də önəmli iz qoyduğunu, böyük təcrübə qazandırdığını dedi: “Həm mənə yad mədəniyyət, adət-ənənə, təbiət və sairlə tanış oldum, həm də heç vaxt görmədiyim ölkənin səhiyyəsi ilə. Açığını deyim, ilk günlər poliklinika bölməsində 3-4 həkimin gün ərzində 400-ə qədər xəstəyə xidmət etməsini təsəvvür etmək çətin idi. Əhali çox olduğu üçün tibb müəssisələrinə həddən artıq xəstə axını var. Təcrübə keçdiyimiz hospitallarda gündəlik işin, xəstə qəbulunun təşkili bizdə çox müsbət təəssürat yaratdı. Burada ölkə səhiyyəsinə böyük sərmayə qoyulduğunu görməmək mümkün deyil. Digər müsbət hal isə Çində tibbi sığortanın tətbiqidir”.
E.Əliyev son 10 ildə ölkəmizdə kardiologiya, ürək cərrahiyyəsi sahəsində yüksək inkişafa nail olunduğunu xatırladaraq, Çində həyata keçirilən ürək cərrahiyyə əməliyyatlarının 99 faizinin Azərbaycanda da aparıldığını qürurverici fakt kimi dilə gətirdi. Ancaq orada əməliyyatların daha kiçik kəsiklərlə, xəstəyə nisbətən az zərər vurmaqla icra edildiyini dedi, bunun xəstələrin sağalma müddətini qısaltdığını bildirdi.
Çinli mütəxəssislərin dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən həkimlərlə sıx əlaqədə olduqlarını söyləyən kardiocərrah onların davamlı şəkildə çoxsaylı elmi simpoziumlarda, konfranslarda iştirak etdiklərini vurğuladı.
Eldar Əliyev Çin səfərinin elmi-praktik biliklərə yiyələnməklə yanaşı, həm bu ölkəni yaxından tanımaq, həm də ölkəmizi tanıtmaq baxımından əhəmiyyətli olduğunu qeyd etdi: “Boş vaxtlarımızda Çinin müxtəlif şəhərlərinə, tarixi yerlərinə səfərlər təşkil edilirdi. Orada olduğumuz müddətdə ən yadda qalan hadisələrdən biri də 18 Oktyabr – Azərbaycanın Müstəqillik günü ilə əlaqədar tədbirin təşkili oldu. Toplantıda azərbaycanlı mütəxəssis bir saatlıq prezentasiyasında ölkəmizin coğrafi mövqeyi, tarixi, mədəniyyəti, ənənələri və s. barədə danışdı, öz təqdimatı ilə Azərbaycan haqqında geniş təsəvvür yaratdı. Çinin hərbi həkim kollektivinin iştirakı ilə keçirilən tədbir böyük maraqla qarşılandı”.
Müsahiblərimizin ümumi qənaətinə görə, Çin xalqı insanpərvər, ağıllı, öz ölkəsini sevən və ona hədsiz sadiq olan insanlardır: “Onlar həm də dəqiqliyi və qanunlara hörmətlə yanaşmaları ilə seçilirlər. Bir sözlə, qədim tarixi abidələri, fərqli adət-ənənələri ilə bizdə qeyri-adi təəssüratlar yaradan Çin xatirəmizdən heç vaxt çıxmayacaq”.

Ü.FƏRZƏLİYEVA


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova