Vaksinasiya hələ koronavirus üzərində tam qələbə demək deyil
Azərbaycanda tətbiq edilən sərt karantin tədbirləri öz müsbət nəticələrini verib. Hazırda ölkədə yoluxma sayının azalması müşahidə olunur. Lakin tətbiq olunan qaydalara əhali tərəfindən riayət olunmazsa, xəstəlik yenidən arta bilər. Bununla əlaqədar olaraq xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə yanvarın 18-dən Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı peyvəndləmə işlərinə start verilib. Vaksinasiyanın aparılması isə hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Bundan sonra bir müddət də hər kəs karantin rejiminin tələblərinə əməl etməli, sosial məsafə gözləməli, tibbi maska və digər qoruyucu vasitələrdən istifadəyə davam etməlidir. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva hazırkı epidemioloji vəziyyət haqqında müsahibə verib.
- Peyvəndlənmənin müsbət tərəfləri nədir və nə üçün tövsiyə olunur?
- COVID-19 infeksiyasına qarşı vaksinasiyanın aparılmasının əsas məqsədi əhali arasında kollektiv immunitetin yaranması, bu yolla infeksiyanın yayılmasının qarşısının alınması və idarə edilən səviyyəyə çatdırılmasına nail olmaqdır. Peyvənddən sonra yoluxma halları baş verdikdə belə, vaksin vasitəsilə qazanılmış anticisimlər sayəsində xəstəlik yüngül keçəcək. Vaksinasiyada əsas məqsəd ağırlaşmaların və ölüm hallarının qarşısını almaqdır.
- Əhalinin neçə faizi peyvəndlənmədən keçməlidir ki, kütləvi immunitet pandemiyaya öz təsirini göstərsin?
- Əhali arasında xəstələnmə nəticəsində yaranan təbii immunitet və eyni zamanda, vaksinasiya tədbirləri nəticəsində yaranan süni immunitet əhalinin 70 faizində formalaşarsa, epidemik proses sönəcək.
- Azərbaycanda peyvəndlənmə cədvəli və tətbiq olunan vaksinlə bağlı nə demək olar?
- Ölkədə vaksinasiya tədbirləri mərhələlərlə həyata keçirilir. Birinci mərhələdə əhalinin risk qrupları peyvənd olunacaq. Bu əhali qruplarına, ilk növbədə, tibb işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65-dən yuxarı olan insanlar və digərləri aiddir.
Azərbaycanda istifadə olunan “CoronaVAC “ vaksini təhlükəsiz və effektivdir. Vaksinin effektivliyi klinik tədqiqatlar əsasında yüksək (91,5 faiz) qiymətləndirilib. Əminəm ki, bu peyvənd bu xəstəliklə mübarizədə effektiv olacaq.