Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisi

Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisi

Bakıda səhiyyə sahəsinin peşəkarlarını bir araya gətirən “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi keçirilib. Aparıcı yerli və beynəlxalq istehsalçılar, eləcə də distribüterlər ölkənin səhiyyə klinikalarını təkmilləşdirməyə və müalicənin effektivliyini artırmağa kömək etmək məqsədilə sərgidə öz yeni məhsul və xidmətlərini nümayiş etdiriblər.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayev sərgidə dünyanın 12 ölkəsini, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən 70 şirkətin iştirak etdiyini dedi. O bildirdi ki, Azərbaycan sərgidə “Made in Azerbaijan” brendi altında çıxış edən distribüter və istehsalçılar tərəfindən təmsil olunur. Belarus Respublikası “Medinex” sərgisində 8 aparıcı tibb müəssisəsini ehtiva edən milli pavilyon ilə iştirak edir.
Nazir müavini “Medinex” sərgisinin istiqamətlərinin IT-Med – tibbdə informasiya texnologiyaları, Pharm-Med – dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, Lab-Med – laboratoriya texnologiyaları və avadanlıqlar, Tech-Med – tibbi texnika və avadanlıq, Stom-Med – stomatologiya, optika və oftalmologiya, Tour-Med – tibbi turizm, Edu-Med – diyetologiya və tibbi təhsil olduğunu da diqqətə çatdırdı.
Sərgilərin təşkilatçısı qismində çıxış edən “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov bildirdi ki, səhiyyə sərgisinə ilk dəfə olaraq Pakistan və Monqolustandan şirkətlər qatılıb. O, sərgidə iştirakçıların sayının çox olmasını ölkəmizdə səhiyyə sektorunun inkişafının göstəricisi olduğunu vurğuladı.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilən, həmçinin Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənən “Medinex” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv idarəetmə üzrə həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxil idi.
İnnovativ səhiyyə texnologiyaları keyfiyyətli tibbi xidmətin təminatıdır. Məhz buna görə də müalicə müəssisələrinin təchizat səviyyəsini yüksəltmək məqsədilə ən son məhsulların təqdimatı üçün təşkilatçılar tərəfindən “İnnovasiyalar zonası” təşkil edilmişdi. Səhiyyənin gələcəyinə nəzər salmaq üçün unikal imkan olan bu zonada “Medex”, “Mesa Group”, “BTL Emsella” kimi şirkətlərin yeni məhsulları təqdim olunurdu. Burada həmçinin qonaqlara şəxsi sağlamlığı idarəetmə proqramı, eləcə də üz-çənə cərrahiyyəsində istifadə olunan virtual reallıq eynəkləri üçün xüsusi hazırlanmış “Selcis Mixed Reality Computer Aided Surgery System” proqramı da təqdim edilirdi.
Öz dinamikliyi ilə seçilən “Təqdimatlar zonası”nda sərgi iştirakçıları iki gün ərzində öz eksklüziv məhsulları və ən yaxşı servisləri ilə çıxış ediblər. Xüsusi dəvət edilmiş xarici mütəxəssislərin iştirakı ilə keçirilən “Klinikaların effektiv idarəedilməsi” sessiyası çərçivəsində “DeutschMedic GmbH” şirkətinin təsisçisi və direktoru Anna Veqen və “DAMU İnformasiya Texnologiyaları Mərkəzi” MMT-nin idarə heyətinin sədri Talqat Elemanov kimi xarici ekspertlər tibbi klinikaların sahibləri və rəhbərlərinə səhiyyə müəssisələrinin və səhiyyə şəbəkələrinin effektiv idarəetmə metodları barədə məlumat veriblər.
Həmçinin sərgi iştirakçıları və xüsusi dəvət edilmiş alıcılar arasında eksponentlərin müraciətləri əsasında təşkil olunmuş birbaşa “B2B” formatlı görüşlər keçirilib. İşgüzar görüşlərin unikal formatı istehsalçılara öz məhsullarını birbaşa potensial alıcı və tərəfdaşlara təqdim etmək, eləcə də birgə layihələri, o cümlədən mümkün əməkdaşlığın şərtlərini müzakirə etmək imkanı verib.
Sərginin növbəti günündə xaricdə yaşayan və işləyən azərbaycanlı həkimlər xüsusi “Bizimkilər” sessiyasının məruzəçiləri qismində çıxış ediblər. Bu sessiya çərçivəsində Niger Respublikasında könüllü iş təcrübəsinə malik olan həkim-oftalmoloq Mehriban Əlizadə və “Siegerland Diakonie” klinikasının kardioloqu Firudin Qurbanov öz uğurlarını gənc mütəxəssislər, internlər və tibb universitetlərinin tələbələri ilə bölüşüb, canlı ünsiyyət formatında sualları cavablandırıb, problemlərin həll variantlarını tapmağa köməklik ediblər.
“Medinex” sərgisi ilə eyni platformada Azərbaycanda gözəllik sənayesinin yeganə tədbiri – Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgisi də keçirilib. Sərgi çərçivəsində yerli və xarici iştirakçılar estetik tibb, uşaq kosmetikası, bədənə, dişlərə və saçlara qulluq etmək üçün məhsullar, gigiyena və sağlamlıq, peşəkar gözəllik salonları və dırnaq salonları üçün avadanlıq və məhsullar, kosmetika, ətriyyat və s. kimi sektorları təqdim ediblər.
“Medinex” və “Beauty Azerbaijan” sərgiləri səhiyyə sektorunda fəaliyyət göstərən müəssisə rəhbərlərinə və həkimlərə, səhiyyə və gözəllik sənayesi sahələrində işgüzar çevrə nümayəndələrinə sənayenin ən son yenilikləri ilə tanış olmağa, işgüzar münasibətlər qurmağa və bu münasibətləri möhkəmləndirməyə, ümumiyyətlə, sektorun inkişaf vektorlarını müəyyənləşdirməyə və vaxta əhəmiyyətli dərəcədə qənaət edərək bir sıra görüşlər keçirməyə imkan yaradıb.
Sərgi zamanı “Diamed” şpris istehsalı zavodunun stendi də təqdim olunub. Zavodun təsisçisi Aytən Quliyeva xatırladıb ki, mayın 16-da Pirallahı Sənaye Parkında Prezident İlham Əliyevin iştirakı ilə "Diamed" şpris istehsalı zavodunun açılış mərasimi olub. O bildirib ki, əhalinin sağlamlığının təhlükəsizliyinə xidmət etmək məqsədi ilə yaradılan zavodun illik istehsal gücü 150 milyon şprisdir: “Bu, Azərbaycanın bu sahədə idxaldan tamamilə azad olunması deməkdir. Belə ki, ölkəmizdə şprisə olan illik tələbat 135 milyondur. Hazırda zavodun 50 işçisi var. Üçnövbəli iş rejiminə keçməklə 150 nəfər daimi iş yeri ilə təmin olunacaq. Şprislərin iynələri Yaponiyanın "Nipro", xammalı isə İsveçrənin yüksəkkeyfiyyətli "INEOS" şirkətindən alınıb. Gələcəkdə tibbyönümlü başqa plastik malların da istehsalı nəzərdə tutulur. Əhali yerli şprislərdən istifadə etməklə həm sağlamlığına, həm də iqtisadiyyata fayda verə bilər”, - deyə zavodun təsisçisi qeyd edib.
“Diamed” şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova bildirib ki, zavodda dörd ölçüdə - 2, 5, 10, 20 qramlıq, yüksəkkeyfiyyətli şprislər istehsal olunur: “Məhsullarımız tibbi xammaldan hazırlanır, şprislər ikihissəlidir. Üstünlüyümüz ondan ibarətdir ki, şprislərin uc hissəsi xüsusi lazerlə kəsilir. Nəticədə, əzələyə və ya venaya daxil edildiyi zaman qızarma, göyərmə, qabarma baş vermir”.
Stendin təqdimatında iştirak edən Milli Məclisin deputatları Vahid Əhmədov, Musa Quliyev, Elman Nəsirov ölkəmizdə tibb ləvazimatları istehsal edən zavodun olmasını sevindirici hal kimi qiymətləndiriblər. Onlar zavodun fəaliyyətini genişləndirəcəyinə, gələcəkdə digər tibbi ləvazimatlar istehsal edəcəyinə və hətta Azərbaycanın tibbi məhsullarının xarici ölkələrə də ixrac olunacağına inandıqlarını bildiriblər.
Qeyd edək ki, builki “Medinex” sərgisində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat orqanı “Tibb qəzeti” də ayrıca stendlə təmsil olunurdu.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova