Yayda zəhərlənmə problem aktuallaşır

Yayda zəhərlənmə problem aktuallaşır

“Aprel ayından indiyədək bizə 45 nəfər ilan, 3 nəfər əqrəb, 2 nəfər qaraqurd sancması ilə əlaqədar müraciət edib. İlan sancan şəxslərdən 4 nəfəri uşaq olub. Onlardan 12 nəfəri kəskin ağır vəziyyətdə şöbəyə gətirilib. Ölüm hadisəsi baş verməyib”.
Bu barədə məlumat verən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov ilan sancan şəxsin buna reaksiyasının onun yaşından və orqanizminin müqavimətindən asılı olduğunu diqqətə çatdırdı. Mütəxəssisin sözlərinə görə, əqrəb və ya ilan sancmış nahiyəyə isti və ya buz qoymaq, yaranı kəsmək, zəhəri sorub çıxarmaq olmaz. A.Maqsudov həm ilan, həm əqrəb, həm də qaraqurd sancması zamanı hadisə baş verən kimi təcili yardım xidmətinə müraciət etməyin önəmli olduğunu vurğuladı. Məlumat daxil olan kimi hadisə yerinə gələn təcili yardım briqadasının xəstəyə yerində ilkin tibbi yardım göstərdiyini, ehtiyac olarsa, zərərçəkənin tibb müəssisəsinə gətirildiyini, müalicəsinin həyata keçirildiyini vurğuladı: “Yaranın allergik reaksiya verməməsi üçün zərərçəkənə ağrıkəsici, antihistamin və zəhəri neytrallaşdırmaq üçün zərdab vurulur. Zəhərə qarşı istifadə edilən zərdab gürzə, əfi və kobra ilanına qarşı çox təsirlidir. Kobra bizim region üçün xarakterik olmasa da, cənub bölgəsində ildə bir-iki dəfə bu ilanın sancması hadisəsinə rast gəlinir.
Qeyd etdiyimiz kimi, havalar isindikcə, xüsusən yay aylarında ilandan başqa, əqrəb, qaraqurd sancmaları ilə əlaqədar da şikayətlər daxil olur. Qaraqurd hörümçəyin bir növü, kiçik ölçülü həşəratdır. Əslində, son 7-8 ildə ticarət əlaqələrinin genişlənməsi nəticəsində xarici ölkələrdən Azərbaycana gəlib. Onun dişlədiyi xəstə adətən çox böyük qorxu hissi keçirir. Sancma nəticəsində şiddətli ağrı olur, qızartı nahiyəsi genişlənir, ürək ritmi sürətlənir, qan təzyiqi aşağı düşür, əvvəl taxikardiya, sonra bradikardiya əlamətləri müşahidə edilir. Zərərçəkəndə başgicəllənmə, yardım göstərilməsi gecikəndə isə hətta huşunu itirmə halları baş verə bilir. Ona görə də qaraqurd hörümçəyi sancması zamanı ağır fəsadlar yaranmaması üçün zərərçəkənə köməklik göstərilməsi çox vacibdir. İlkin tibbi yardımdan sonra zərərçəkənin vəziyyəti tədricən normallaşır.
Əqrəb sancmaları da çox təhlükəlidir, xüsusilə qara əqrəbin zəhəri daha kəskin xarakter daşıyır. Ümumiyyətlə, bir mövsüm ərzində təxminən 100-120 ilan, 20-30 sarı və qara əqrəb, 15-20 dəfə qaraqurd sancması ilə əlaqədar müraciətlər daxil olur”.
Şöbə müdiri Toksikologiya şöbəsinə bu mövsüm artıq qarpız zəhərlənməsi ilə bağlı 3 nəfərin müraciət etdiyini də diqqətə çatdırdı. A.Maqsudov bildirdi ki, müraciət edənlərin vəziyyəti ağır olmadığı üçün onlara müvafiq tibbi məsləhətlər verilib və evə buraxılıblar. O, yay mövsümü yeni başladığı üçün qarpız alarkən bir sıra məqamlara diqqət yetirməyin vacibliyini vurğuladı. Əhaliyə ölçüsü böyük olan qarpız almamağı, qarpızı kəsdikdən sonra saxlamamağı, elə həmin gün yeməyi məsləhət gördü. Səhəri günə saxlanılan qarpızdan zəhərlənmə riskinin daha çox olduğunu dedi: “Zəhərlənmə qarpız köhnə olduqda, eləcə də tərkibindəki pestisidlər normadan artıq olduqda baş verir. Əlamətlər bütün qida zəhərlənmələrində olduğu kimi mədə-bağırsaqda ağrı, köp, ürəkbulanma, qusma şəklində müşahidə edilir. Bu kimi hallar baş verdikdə ilk növbədə xəstənin mədə-bağırsağı ev şəraitində yuyulmalıdır. Əgər vəziyyət gərginləşərsə, həkimə müraciət etmək zəruridir”.
A.Maqsudov meyvə-giləmeyvələrdən ən çox çiyələkdən zəhərlənmə hallarının baş verdiyini dedi: “Çiyələyi çox saxlamaq tərkibinin dəyişməsinə gətirib çıxarır, hətta soyuducuya qoymaq da onu xarab olmaqdan xilas etmir. Ona görə də çiyələkdən mümkün qədər ehtiyatla istifadə etmək lazımdır. Görünüşcə iri olan meyvələrə üstünlük vermək də düzgün deyil. Mənşəyi bilinməyən göbələklər də çox zaman zəhərlənmələrə səbəb olur”.
Şöbə müdiri yay mövsümündə plastik qablara doldurulmuş sudan zəhərlənmə hallarına da rast gəlindiyini bildirdi: “Plastik qab günəş şüalarının təsirinə məruz qalanda onun içərisindəki suyun tərkibi dəyişir, qəbul ediləndən bir müddət sonra orqanizmdə toksiki maddələrin toplanmasına səbəb olur”.
Azər Maqsudov pambıq sahələrində baş verən zəhərlənmə hadisələri ilə əlaqədar Saatlı və Sabirabaddan 8 nəfərin müraciət etdiyini, onların lazımi müayinə və müalicəsi həyata keçirildikdən sonra evə yazıldıqlarını vurğuladı. Əhaliyə özlərini qorumağı, kimyəvi maddələrə qarşı ehtiyatlı davranmağı məsləhət gördü.

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova