Ümumdünya İmmunlaşdırma Həftəsi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə hər il aprelin ikinci yarısında Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir. Əvvəllər yalnız qərb ölkələrini əhatə edən həmin tədbir Avropa İmmunlaşdırma Həftəsi adlanırdı. Lakin sonradan digər dünya ölkələri də həmin təşəbbüsə qoşuldular.
100 milyondan artıq uşağı difteriya, tetanus və göyöskürəkdən qorumaq məqsədilə aparılan bu aksiya zəruri vaksinlərin əhali üçün əlçatan olmasına yönəldilib, eyni zamanda, cəmiyyətin diqqətini yoluxucu xəstəliklər əleyhinə əsas profilaktik tədbirlərdən olan immunlaşdırmaya cəlb etməyi hədəf götürür.
Səhiyyə naziri immunlaşdırma həftəsi barədə əmr verib
Avropa regionunda 2006-cı ildən etibarən keçirilən İmmunlaşdırma Həftəsi kampaniyasına 2007-ci ildən Azərbaycan da qoşulub.
Hər il olduğu kimi, bu il də səhiyyə naziri Oqtay Şirəliyev ÜST-nin təşəbbüsü ilə ölkəmizdə həmin tədbirin keçirilməsi barədə əmr imzalayıb.
Sənəddə nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə bu il aprelin 23-dən 29-dək ölkəmizin bütün şəhər və rayonlarında immunlaşdırma həftəsinin təşkili tapşırılıb.
Həftə ərzində immunlaşdırmadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi, ÜST-nin dəstəyi ilə peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə rayonlarda monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsi və s. məsələlər də əmrdə öz əksini tapıb.
İmmunlaşdırma həftəsinə həsr edilən mətbuat konfransı
Respublika Gigiyena və Epidemiologiya Mərkəzində (RGEM) Azərbaycanda keçirilən növbəti immunlaşdırma həftəsinə həsr olunmuş mətbuat konfransında RGEM-in baş direktoru İmran Abdullayev və Mərkəzin direktor müavini Afaq Əliyeva səhiyyə naziri Oqtay Şirəliyevin ölkəmizdə immunlaşdırma həftəsinin keçirilməsi haqqında imzaladığı əmr barədə məlumat veriblər. Bildirilib ki, həftə çərçivəsində Azərbaycanın bütün sahə tibb müəssisələrində təmizləyici immunlaşdırma aparılacaq – tam peyvənd olunmamış və ya ümumiyyətlə peyvənd edilməmiş uşaqlara peyvəndlər vurulacaq.
Qeyd edilib ki, ölkəmizdə yoluxucu xəstəliklərin profilaktikası üzrə genişmiqyaslı və səmərəli tədbirlər, eləcə də bu xəstəliklərə qarşı mübarizə nəticəsində dayanıqlı epidemioloji sabitlik təmin edilib. Hazırda Azərbaycanda Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, 11 yoluxucu xəstəliyə (qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və s.) qarşı vaksinasiya aparılır, bütün uşaqları əhatə edən planlı peyvənd həyata keçirilir. Ölkədə planlı peyvənd və immunlaşdırma işlərinin daim təkmilləşdirilməsi nəticəsində yoluxucu xəstəliklərin azalması üzrə sabit dinamikaya nail olunub.
Məlumat verilib ki, Azərbaycanda 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2013-cü ildən qızılca, 2014-cü ildən göyöskürək və 2016-cı ildən epidemik parotit xəstəlikləri müşahidə olunmur. Bundan əlavə, 2016-cı ilin aprel ayından ölkəmizin bütün şəhər və rayonlarında üçvalentli OPV vaksininin istifadəsi dayandırılıb və onun əvəzinə ikivalentli OPV vaksini tətbiq edilməyə başlanıb. 2014-cü ildən Azərbaycana vaksinlər UNICEF-in xətti ilə daxil olur.
Tədbirdə qeyd edilib ki, dünyada suçiçəyinə qarşı vaksinasiya tətbiq olunmasına baxmayaraq, Azərbaycanda bu peyvəndləmə aparılmır, buna görə də bu xəstəliyə yoluxma hallarına indiyədək rast gəlinir. Suçiçəyi halları daha çox qış aylarında, xüsusən noyabr və dekabrda qeyd edilir. Lakin əvvəlki illərlə müqayisədə ötən ilin noyabr-dekabr aylarında ölkədə xəstəliyə tutulma halları azalıb.
Vurğulanıb ki, rayonlarda peyvəndlərdən kütləvi imtina halları daha müşahidə edilmir. Bəzən valideynlər uşaqlara peyvənd vurdurmaqdan imtina etsələr də, bu, çox aşağı faizdir. Xüsusi qeyd olunub ki, valideynlər övladları ilə xaricə gedərkən çox diqqətli olmalıdırlar, uşaqların başqa ölkələrdə yoluxa biləcəyini nəzərə alaraq, onları qabaqcadan vaksinasiya etdirməlidirlər.
Mətbuat konfransında həmçinin bildirilib ki, Azərbaycanda vərəm və hepatit xəstələrinin də sayı azalıb.
ÜST-nin Azərbaycan ofisinin nümayəndəsi Cəvahir Süleymanova tədbirdə qeyd edib ki, immunlaşdırma səhiyyə sahəsində ən uğurlu və iqtisadi cəhətdən səmərəli tədbirlərdən biridir. İmmunlaşdırma həftəsinin məqsədi immunlaşdırmanın vacibliyi barədə əhalinin məlumatlandırılması, habelə uşaq ölümü səviyyəsinin və peyvənddən sonra ağır nəticələrin azaldılmasıdır.
Mətbuat konfransında malyariya ilə xəstələnmə hallarını əks etdirən qrafik də nümayiş olunub. Azərbaycanda 2013-cü ildən bu xəstəlik müşahidə edilmir. Vurğulanıb ki, Azərbaycanın bu uğuru ÜST Avropa Regional Bürosu tərəfindən də qeyd olunub.
ÜST immunlaşdırmanı tövsiyə edir
ÜST idarə olunan yoluxucu xəstəliklərin fəsadlarından qorunmaq üçün ailələrə mütləq uşaqlarını peyvənd etməyi məsləhət görür. Təşkilatın məlumatına görə, immunlaşdırma hər il difteriya, tetanus, göyöskürək, parotit və məxmərəkdən ölüm hallarının sayını 2-3 milyonadək azaltmağa imkan verir.
ÜST-nin səyləri nəticəsində vaxtında peyvənd edilən uşaqların sayı getdikcə artır. Məsələn, 2000-2016-cı illər ərzində qızılcaya qarşı vaksinasiya sayəsində dünyada bu xəstəlikdən ölüm halları 84 faiz azalıb. Bununla belə, məsələn, 2010-cu ildə 20 milyona yaxın uşaq lazımi peyvənd almayıb. Onların təxminən 70 faizi dünyanın 10 ölkəsində (Hindistan, İndoneziya, Əfqanıstan, Pakistan, İraq, Konqo, Nigeriya, Uqanda, Efiopiyaya və Cənubi Afrika) yaşayır. Halbuki immunlaşdırma nəticəsində beş yaşına qədər olan 1,7 milyon uşağın həyatını xilas etmək olardı. Bildirilir ki, dünyada hər beş uşaqdan biri peyvənd edilmir. 2013-cü ildə təxminən 21,8 milyon südəmər körpə həyat üçün lazım olan peyvənd almayıb. Bu, vaksinlərin vaxtında çatdırılmaması, səhiyyəyə kifayət qədər maliyyə dəstəyinin göstərilməməsi və s. səbəblərlə əlaqədar olub. ÜST gələcəkdə belə halla üzləşməmək üçün immunlaşdırma həftəsi çərçivəsində müxtəlif maarifçilik tədbirləri həyata keçirir, səhiyyə müəssisələrinin vaksinlə təmin edilməsi, uşaqların peyvənd olunması qayğısına qalır, müxtəlif ölkələrin nümayəndələrini informasiya və təcrübə mübadiləsinə dəvət edir.