Həyat, sən nə ŞİRİNsən…
İnsan orqanizmində hər saniyə milyardlarca hüceyrə arasında sıx və səssiz əlaqə yaranır. Bu əlaqə sayəsində, hədsiz dərəcədə çox yesək belə, qanda şəkərimiz o qədər də yüksəlmir, yaxud uzun müddət ac qalmağımıza baxmayaraq, bədənimiz qlükoza tapır və onu beyinə göndərir. Nəticədə, həyatımızı normal şəkildə davam etdiririk.
Amma...
Amma bəzən heç bir səbəb olmadan həyatı hər zaman sevinclə keçmiş məsum bir uşağın mədəaltı vəzisi lazımi qədər insulin istehsal etmir. Bu zaman hüceyrələr arasındakı o səssiz əlaqə pozulur. Sakit işləyən orqanizmdə diabet adlı güclü fırtına qopur. İnsulin olmadıqda hüceyrələrin üzərindəki qlükoza qapıları açılmır, nəticədə ac qalan hüceyrələrin səs-küyündə yağ toxumaları şəkərə çevrilir. İstifadə edilməyən şəkər isə qan damarlarının içərisinə yığılır. Həqiqi bioloji faciə baş verir. Bədənin hər yeri şəkərlə dolu olsa da, hüceyrələri ac qalan daha bir gül üzlü uşaq iki qoluna sistem taxılmış vəziyyətdə xəstəxanaya gətirilir. Aynur kimi, Nigar, Tural kimi, Gülər kimi...
Dünyaya qışqırmaq istəyirəm: “Şəkər uşaqları yalnız qoymayın!”
“Adım Aynurdur. 13 yaşım var. Diabet xəstəsiyəm, ancaq mənə “diabetli” deyəndə heç xoşum gəlmir. Mən şirin-şəkər qızam. Əslində, mən başqa uşaqlardan o qədər də fərqlənmirəm. Məktəbə gedirəm, dostlarımla oynayıram, kitab oxuyuram, piano çalıram... Amma bir az da onlardan fərqliyəm. Bu fərqi daha çox yemək saatlarında hiss edirəm. Şəkər qız olduğum üçün istədiyim qədər tort, şokolad yeyə bilmirəm. Buna görə çox təəssüflənirəm.
Əvvəllər elə düşünürdüm ki, təkcə mən sevdiyim şirniyyatlardan imtina etmək məcburiyyətindəyəm. Ancaq zaman keçdikcə bunun belə olmadığını anladım. 15 yaşlı bacımda mənim sevdiyim şirniyyatlardan yemir. Hətta bir dənə şokolad belə ağzına qoymur. Çünki kökəlməmək üçün həmişə pəhriz saxlayır. 45 yaşlı bibimin isə miqreni var. Çoxşiddətli və uzun müddətli baş ağrılarından əziyyət çəkir. O da şokolad yemir. Bu sehirli dad baş ağrısının başlamasına və artmasına səbəb olur. Hələ nənəmdən danışmıram. O daha uzun yaşamaq üçün son günlər pəhrizə başlayıb…
Təəssüf ki, dünyada milyonlarla insanın, mənim kimi minlərlə oğlan, qız uşaqlarının əziyyət çəkdiyi şəkərli diabet xəstəliyi haqqında insanlar çox az məlumatlıdırlar.Bəzilərinin bildikləri isə yanlışdır. Bunu onlarla ünsiyyətdə olduqda daha çox anlayıram. İlk dəfə tanış olduğum uşaqlar mənə xəstəliyimlə bağlı suallar verirlər. Fürsətdən istifadə edib bu barədə o qədər danışıram ki, məndən bezirlər. Bəzən də çox məlumatlı və savadlı olduğumu göstərmək üçün həkimim kimi danışıram. Onda da heç nə anlamırlar və uzaqlaşıb gedirlər. Ancaq məni tanımağa cəhd etsələr, çox sevərlər. Şəkər qız olmaq mənim seçimim deyil, axı.
Bilmək istəyirsinizmi, şəkər qız olduğumu necə öyrəndim?! Bir gün harada olduğumu çətinliklə anlayacaq, anamı belə tanımayacaq halda xəstəxanada oyandım. Az müddət sonra I tip şəkər xəstəsi kimi evə qayıtdım. Qısa müddətdə alışdığım həyat tərzim dəyişdi və artıq “şəkər” sözü mənə sevimli şirniyyatları, konfetləri deyil, xəstəliyimi xatırlatmağa başladı. Hər kəsin mənə körpəlikdən bəri qorxduğum iynə barədə maraqlı oyuncaqdan danışırmış kimi söz açmasından çox təəccüblənirdim. Sonra… Artıq şəkər qız qorxularına qalib gəlib, insulin iynəsinə alışıb. Qanşəkərini ölçməyi və onu normada saxlamağı, özünü müalicə etməyi, müxtəlif vəziyyətlərdə insulinin dozasını nizamlamağı, diabetin səbəb olacağı problemlərdən qorunmağı, bir sözlə, diabetlə birlikdə müstəqil yaşamağı, ona qalib gəlməyi öyrənib.
Bu həyatın mənə sürprizi idi. Yaxşı, yoxsa pis sürpriz olması barədə hələ qərar verə bilməmişəm. Şəkər qız olmazdan əvvəlki illərlə müqayisədə daha düzgün həyat tərzim var. Artıq özümü bədənimin detektivi kimi hiss edirəm. Orqanizmimdəkı dəyişiklikləri çox tez duyuram. Düzgün və lazımi qədər qidalanıram, yuxu rejimimə diqqət edirəm, kədərli hadisələrdən uzaq olmağa çalışıram. Bunları nəzərə alsaq, şəkər yaxşı sürpriz sayıla bilər.
Amma hər gün insulin iynələrini vaxtında vurmaqdan və sonar qan şəkərimin səviyyəsini yoxlamaqdan yoruluram. İynələr məni incidir, ancaq onları unutduğum zaman dabədənim təhlükədən xəbər verən siqnallar göndərir. Anam, atam daim məni izləyir. Bəzi şeyləri etməyə, məsələn, rəfiqəmgildə qalmağa icazə vermirlər. Kiçik qardaşım istədiyi hər şeyi yeyə bilir və ənim yanımda yediyi üçün çox əsəbləşirəm. Qısqanclığımdan mən də onun yediklərindən gizlin yeyirəm. Sonra isə… Offff… Bunları düşünəndə isə şəkərin, əlbəttə ki, pis sürpriz olduğuna inanıram.
Əgər imkanım olsaydı, dünyadakı bütün şəkər uşaqlarla söhbət etmək, onların nə hiss etdiklərini, nə düşündüklərini bilmək istərdim. Çünki bəzən elə bilirəm ki, təkcə xəstəmənəm.
Görəsən, mən həqiqətən şəkər qızam, yoxsa yuxu görürəm? Bu bir yuxu olsaydı, Aya uçmaq istərdim. Mən çox kiçik yaşda olanda nənəm hər zaman Ayın şəkərdən hazırlandığını və içərisində Şəkər Şahzadənin oturduğunu deyirdi. Mən buna indi də inanıram. Bilirsiniz, həmin şahzadə hər il 14 noyabrda mənim kimi şəkər uşaqlara hədiyyələr gətirir?! İlk hədiyyəni isə insulin kəşf edən həkim Frederik Bantinq verib. O olmasaydı, bu gün mən şəkər qız kimi yaşamazdım. Çünki onun tapdığı insulin iynəsi bir az tənbəlləşən mədəaltı vəzimin işini yerinə yetirir və orqanizmim yaxşılaşır. Və mən insulin səviyyəsini qoruyaraq dünyadakı ən böyük krallığa – yəni bədənimə həyat verirəm. Bildiyimə görə, bütün şəkər uşaqlar, təəssüf ki, bu şansa sahib deyillər. Ona görə də dünyaya qışqırmaq istəyirəm: Şəkər uşaqları yalnız qoymayın, qoy onlar xatırlanmaq üçün Şəkər şahzadənin gəlişini gözləməsinlər”.
Xəstəliyim mənə güclü olmağı, həyatı sevməyi öyrətdi
“Şəkərli diabet olduğumu 7 yaşımda öyrənmişəm. İndi 14 yaşım var. Məndən necə olduğumu soruşanda hər zaman “özümü əla hiss edirəm” cavabını verirəm. Məni tanıyan insanlar deyir ki, bu yaşda şəkərli diabet kimi ciddi xəstəlikdən əziyyət çəkməyinə baxmayaraq, çox optimistsən, hər zaman gülər üzlüsən. Bunu necə bacardığımı soruşurlar.
Onlara çox qısa cavab vermək istəyirəm. Hər səhər oyananda, özümə “Gülər, bu gün iki seçimin var. Ya əhvalın çox pis, ya da çox yaxşı olacaq” deyirəm. Mən ikincini seçirəm. Əgər təsadüfən hansısa xoşagəlməz hadisə baş verirsə, yenə iki seçimim olur: depressiyaya düşmək, hadisədən müsbət nəticə çıxarmaq. Mən başıma gələn xoşagəlməz hadisələrdən nəticə çıxarmağı seçirəm. Kimsə mənə nədənsə şikayət edirsə, yenə iki seçimim var: ya şikayəti qəbul etmək, ya da ona həyatın müsbət tərəflərini göstərmək. Mən həyatın müsbət tərəflərini göstərməyi seçirəm. Həyat seçimlərdən ibarətdir. Hər birimizin həmişə ikincini seçməyə şansımız və haqqımız var. Mən hər gün həyatı xoşbəxt yaşamağı seçirəm. Bütün insanların, xüsusən də uşaqların xəstəliklərə, hər cür xoşagəlməz hadisələrə rəğmən, xoşbəxtliyi, gözəlliyi, müsbət əhval-ruhiyyəni, sevgini, sevinci seçməsini istəyirəm.
Fredrix Nitsşenin “Məni öldürməyən yara daha da gücləndirir” ifadəsini həyat devizimə çevirmişəm. Məni öldürməyən xəstəliyim mənə güclü olmağı, həyatı sevməyi, onun qədrini bilməyi öyrədir. Həkimimin mənə verdiyi ilk dərman bir məsləhətdən ibarət idi: “Bundan sonar xəstəliyinlə dost olacaqsan”. Mən bu dostluğu bacardım. Düzdür, bəzən xəstəliyimi unutduğum anlar da olur. Həmin an şəkərli diabet xəbərdarlıq edir, “bu, dostluğa yaraşmaz” deyir. Mən isə xəbərdarlıqdan nəticə çıxarıram. İllər xəstəliklə dost olduğum müddət ərzində onun düşmənə çevrilmədiyini öyrətdi.
Mən şəkərli diabetdən əziyyət çəkən bütün uşaqlara demək istəyirəm ki, dünya təkcə sağlam olan insanların deyil, hər birimizindir. Ona görə də özünüzü çox sevin, yaşamaqdan həzz alın. Həyat şirindir, bizim həyatımız isə şipşirindir”.
Ülvinə Fərzəliyeva