Epidemioloji vəziyyətə ciddi nəzarət olunur

Epidemioloji vəziyyətə ciddi nəzarət olunur

Azərbaycan Respublikasının sanitariya-epidemioloji xidməti və müalicə-profilaktika idarələrinin birgə fəaliyyəti nəticəsində 2017-ci ilin 6 ayı ərzində ölkəmizdə poliomielit, difteriya, qızılca, göyöskürək, epidemik parotit və məxmərək kimi idarəolunan xəstəliklər qeydə alınmayıb.
Bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) bu ilin birinci yarımilliyində fəaliyyəti barədə verdiyi məlumatında bildirilir. Həmçinin digər infeksiyalarla bağlı olaraq göstərilir ki, həmin dövrdə hava-damcı infeksiyalarından skarlatina, suçiçəyi hadisələri qeydə alınıb. Kəskin respirator virus infeksiyalarının səviyyəsində 11,5% azalma müşahidə olunub. Yoluxucu xəstəliklərdən kəskin süst ifliclər, B tipli hemofil infeksiyanın törətdiyi bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət davam etdirilib.
Səhiyyə Nazirliyinin “İnsanlar arasında qrip xəstəliyinə epidemioloji nəzarətin gücləndirilməsi barədə” əmrinə əsasən, ölkə üzrə ağır gedişli respirator virus infeksiyaları və qripəbənzər xəstəliklərlə bağlı nəzarət tədbirləri davam etdirilib. 2016-2017-ci illərin payız-qış mövsümü ərzində əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik fəaliyyət həyata keçirilib.
Ölkəmizin sanitariya-epidemioloji xidmətinin qarşısında duran mühüm vəzifələrdən biri də vərəmlə mübarizə məsələləridir. Əhali arasında vərəmin yayılmasının qarşısını almaq üçün “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunun əsas müddəaları, Səhiyyə Nazirliyinin vərəm xəstəliyinə dair qüvvədə olan əmrləri və Ümumdünya Səhiyyə Təşkilatının vərəmə nəzarət strategiyasının prinsipləri əsas götürülərək, vərəm əleyhinə tədbirlərə nəzarət davam etdirilib. 2017-cu ilin 6 ayı ərzində ilkin vərəm hadisələri 2016-cı ilin müvafiq dövri ilə müqayisədə 1,3% azalıb.
Məlumatda bildirilir ki, Azərbaycanda profilaktik peyvəndlər Nazirlər Kabinetinin 1 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”na əsasən həyata keçirilir.
Səhiyyə Nazirliyinin 3 fevral 2016-cı il tarixli əmrinə uyğun olaraq, 2016-cı ildən etibarən 6 aylıq uşaqların inaktivləşdirilmiş poliomielit vaksini ilə peyvənd olunmasına başlanılıb və 2017-ci ildə də uğurla davam etdirilir.
Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, 2017-ci il aprelin 24-30-da ölkə ərazisində İmmunlaşdırma həftəsi keçirilib, hər hansı səbəbə görə planlı immunlaşdırmadan kənarda qalan uşaqlar profilaktik peyvəndlərə cəlb olunublar. İmmunlaşdırma həftəsi ərzində vərəm əleyhinə vaksinlə 339, difteriya, göyöskürək və tetanus əleyhinə vaksinlə 1 946, difteriya-tetanus əleyhinə vaksinlə 1 715, inaktivləşdirilmiş poliomielit vaksini ilə 1 074, qızılca, məxmərək və epidemik parotit əleyhinə vaksinlə 3 807, hepatit əleyhinə vaksinlə 326, pnevmokok əleyhinə vaksinlə 3 641 və A vitamini ilə 2 941 uşaq əhatə edilib.
Ümumilikdə, 2017-ci ilin 6 ayı ərzində profilaktik peyvəndlərin yerinə yetirilmə vəziyyəti qənaətbəxş olub. Belə ki, yenidoğulmuşların 98,5%-i hepatit B əleyhinə vaksinlə, 96,6%-i poliomielit əleyhinə OPV vaksini ilə, 96,3%-i vərəm əleyhinə BCG vaksini ilə əhatə edilib. Digər yaş qruplarında da təqvimə uyğun vaksinasiya davam etdirilib.
Yoluxucu xəstəliklərin elektron müşahidə sistemi (YXEMS) vasitəsilə belə xəstəliklərin qeydə alınması, epidemioloji vəziyyətin təhlili, hətta rayon səviyyəsində yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində aparılan işlərin elektron qiymətləndirilməsi imkanları təkmilləşdirilib.
Respublika GEM-in birinci yarımillikdə fəaliyyəti barədə məlumatda habelə bildirilir ki, həmin müddətdə ölkə üzrə içməli su təchizatı üzərində sistemli nəzarət təmin olunub. Belə ki, Azərbaycanın 56 şəhər və rayonunda əhalinin istifadə etdiyi içməli suyun keyfiyyəti və təhlükəsizliyi ilə bağlı monitorinqlər aparılıb, bakterioloji və fiziki-kimyəvi göstəricilərinə görə su nümunələri müayinə olunub. Kür və Ceyranbatan Baş Su Təmizləyici Qurğuları, Oğuz-Qəbələ-Bakı Su Kəməri su təchizatı sistemləri vasitəsilə əhaliyə verilən içməli suyun keyfiyyəti və təhlükəsizliyi ilə bağlı monitorinq zamanı 93 su nümunəsi, Bakı şəhərinin mərkəzi su anbarlarının 776 su nümunəsi laboratoriya müayinəsinə cəlb edilib.
IV İslam Həmrəyliyi Oyunları və “Formula 1” Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən Səhiyyə Nazirliyinə daxil olmuş məktub əsasında, Bakı şəhəri və rayonlarının polis və sanitariya xidməti orqanlarının birgə fəaliyyəti nəticəsində 195 ünvanda tullantı suların və 60 ünvanda məişət tullantılarının toplanması müəyyən edilib, 134 sulu zirzəmidə sağlamlaşdırıcı tədbirlərin görülməsi və 57 ünvanda toplanmış məişət tullantılarının kənarlaşdırılması təşkil olunub. Bakı şəhər Dezinfeksiya Stansiyası tərəfindən 161 yaşayış binasının girişlərində və zirzəmilərində, yağış sularından yaranmış gölməçələrin ətrafında, xüsusilə əhalinin sıx məskunlaşdığı ərazilərdə kütləvi dezinfeksiya və dezinseksiya tədbirləri aparılıb.
Bakı şəhəri ərazisində yerləşən çimərliklərin 2017-ci il yay mövsümünə hazırlığı ilə əlaqədar Respublika GEM tərəfindən rekreasiya zonasının sanitariya vəziyyəti müayinə olunub, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilib. Müayinələr zamanı Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zonalarında dəniz suyunun çirklənməsi hallarının hələ də davam etdiyi, bakterioloji çirklənmə göstəricilərinin normadan yüksək olduğu müəyyənləşdirilib. Bununla əlaqədar Şıx çimərliyinin və Qaradağ rayonu Sahil çimərliyinin çimərlik kimi istifadəsinin müvəqqəti qadağan olunması barədə əvvəllər qəbul edilmiş qərar qüvvədə saxlanılıb.
Bu ilin ilk 6 ayı ərzində Respublika GEM-in Nəsimi, Sabunçu, Binəqədi, Nərimanov, Yasamal, Səbail, Suraxanı, Xətai rayonlarının təhsil müəssisələrinin rəhbər və tibb işçiləri üçün keçirdiyi 18 seminar-müşavirəyə 340 nəfər cəlb olunub. Bu toplantılarda uşaq və yeniyetmələrin sağlamlıq göstəriciləri, fiziki və əqli inkişafları, düzgün və rasional qidalanmanın təşkili, ərzaq məhsullarının texnoloji emalının, saxlanılmasının və epidemioloji təhlükəsizliyinin təmin edilməsinə dair sanitariya-gigiyena və şəxsi gigiyena qaydaları barəsində ətraflı məlumatlar verilib.
Ölkəmizdə uşaq və yeniyetmələr arasında şəxsi gigiyenaya dair bacarıqların artırılması məqsədilə Respublika GEM tərəfindən “Əllərin gigiyenası” mövzusunda təbliğat vəsaiti hazırlanıb, 478 484 məktəbli təbliğatla əhatə olunub.
Birinci yarımillik ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1 637, mikrobioloji göstəricilərinə görə 1 648, radioloji göstəricilərinə görə 748, toksikoloji göstəricilərinə görə 714 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Onların 122-də mikrobioloji göstəricilərə görə, 10-da toksikoloji göstəricilərə görə normadan kənara çıxma müəyyən edilib.
Məlumatda o da bildirilir ki, 2017-ci ilin 6 ayı ərzində 188 qida zəhərlənməsi hadisəsi baş verib, 285 nəfər zərərçəkən olub. Bunlardan 11 botulizm hadisəsində 21 nəfər zərər çəkib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova