Sağlamlığın dəyərini bilərək yaşayaq

Sağlamlığın dəyərini bilərək yaşayaq

Həm uşaqlarda, həm də böyüklərdə tez-tez rast gəlinən qulaq, burun, boğaz problemləri ilə əlaqədar hər birimizin həmişə mütəxəssisə ünvanlanacaq suallarımız, məsləhət almaq istədiyimiz məqamlar olur. Bunu nəzərə alaraq, bu günlərdə 70 illik yubileyini keçirən, ömrünün 45 ilini həkimlik peşəsinə həsr edən otorinolarinqoloq Məsməxanım Zülfüqarova ilə söhbət etdik.

- Yayda görüşdüyümüzü nəzərə alaraq, söhbətimizə mövsümi problemlərlə əlaqədar müraciətlərdən başlamaq istərdik.
- Yay fəsli dəniz, hovuz mövsümü olduğu üçün xroniki qulaq problemli insanlar su ilə təmaslarının artması nəticəsində daha çox müraciət edirlər. Onlarda qulaq iltihabı – otitlər müşahidə olunur, soyuq içkilər, dondurmalar və s. isə yuxarı tənəffüs yollarının iltihabına gətirib çıxarır. Buna görə də LOR mütəxəssisləri tibbi müayinədən keçmədən dənizə və ya hovuza getməyinizi məsləhət bilmirlər. İnsanların sağlamlağına biganə olmaması, yarana biləcək ciddi fəsadlara qarşı profilaktik tədbirlər görməsi önəmlidir.
Ümumiyyətlə isə, mövsümdən asılı olmayaraq, bu sahə üzrə ən çox müraciətlər yuxarı tənəffüs yolları xəstəlikləri ilə bağlıdır. Uşaqlarda ən çox anginalar, otitlər və xroniki tonzillitlər müşahidə edilir.

- Mütəxəssislər arasında mübahisə doğuran problemlərdən biri xroniki tonzillitdir. Bəziləri bunun əməliyyatla, digərləri isə müalicə ilə aradan qaldırılmasının doğru olduğunu deyir. Bu məsələ ilə bağlı fikrinizi öyrənmək istərdik.
- Xroniki tonzillit damaq badamcığının xroniki iltihabıdır, infeksion-allergik xəstəlikdir, bu zaman yerli dəyişikliklər – alterasiya, ekssudasiya və proliferasiya müşahidə olunur. Damaq badamcıqları orqanizmdə 2 mühüm funksiya daşıyır: qoruyucu funksiyası xəstəlik törədən mikroorqanizmlərin toksininə qarşı anticisimlər yaratmasındadır. İkincisi – qantörədicilikdə iştirak edir. Bu səbəbdən mən konservativ kompleks müalicənin tərəfdarıyam. Təbiətdə artıq heç nə yoxdur. Ona görə də ildə 2 dəfə, bəzən 3-4 aydan bir müalicə etməklə onu saxlamağa çalışırıq. Təcrübəmə əsasən deyə bilərəm ki, bu, xəstələrə çox kömək edir. Əgər həkim xəstəyə əməliyyat təyin edirsə, bunu göstərişlərlə əsaslandırmalıdır. Konservativ müalicə effekt vermirsə, xroniki tonzillitin fəsadları – nefrit, revmatizm, ürəyin fəaliyyətində problemlər və s. ortaya çıxırsa, əməliyyat edilməlidir.

- Uşaqlarda çox təsadüf olunan qulaq ağrısının səbəbləri nədir?
- Otit uşaqlar arasında çox yayılmış xəstəliklərdəndir. Qulaq ağrıları 90-95 faiz halda qripin, yuxarı tənəffüs yolları infeksiyasının qulağa fəsadı kimi ortaya çıxır. Valideynlər körpələrdə qulaq ağrısına ciddi yanaşmalıdırlar. Şiddətli qulaq ağrıları, müalicə edilməyən infeksiya uşağın qulaq pərdəsinin zədələnməsinə səbəb ola bilər. Qulaq infeksiyalarının dəfələrlə təkrarlanması bəzən eşitmə qabiliyyətinin zəifləməsinə və ya itirilməsinə səbəb olur. Onu da qeyd edim ki, hazırda effektli antibakterial vasitələr olduğu üçün, irinli otitlər əvvəlki illərlə müqayisədə azalıb. Qulaqlarda göbələk xəstəlikləri isə artıb. Göbələk dar, nəmişlik, qaranlıq yer sevdiyinə görə, qulaq onun üçün çox gözəl zəmindir. Bu, demək olar, hər iki nəfərdən birində təsadüf olunan problemdir. Biz otorinolarinqoloqlar hər zaman valideynlərə deyirik ki, uşağı çimizdirməyə hazırlaşarkən onun qulağına duru yağla (vazelin, kərə yağı və uşaq kremi olmaz) isladılmış pambıq qoymaq lazımdır.

- Mütəxəssislər arasında antibiotiklərin geniş tətbiqinə münasibət birmənalı deyil...
- Bir sıra hallarda antibiotiksiz müalicə mümkün deyil. Deyirlər ki, antibiotik bəzən pis təsir edir, hətta bəziləri ondan tam imtina etməyə, türkəçarə üsullarla sağaltmağa çalışır. Şəxsən mən düşünürəm ki, antibiotiklərdən düzgün istifadə insanı bir sıra ağır xəstəliklərdən və onların fəsadlarından xilas edir. Onların allergik reaksiya, daxili orqanlara toksik təsir və s. kimi yanaşı mənfi təsirlərinə səbəb əksər hallarda antibiotikin dozasının, qəbul vaxtının və s. səhv tətbiq olunmasıdır. Belə hallarla qarşılaşdıqda, hər hansı dəyişikliklər müşahidə olunduqda, mütəxəssisə məlumat vermək lazımdır. Antibotiklərdən istifadə zamanı bağırsaqların disbakteriozu, immunitetin zəifləməsi və s. kimi fəsadlardan qorunmaq, zərərin sıfıra endirilməsi üçün də tədbirlər görülməlidir. Məsələn, disbakteriozun və göbələk xəstəliklərinin əmələ gəlməməsi üçün antibiotiklərlə paralel olaraq probiotiklər, antifunqal preparatlar, immunitetin normallaşdırılması üçün vitamin kompleksləri təyin edilir. İstənilən dərmanın, hətta “həyat vitamini” adlandırılan vitamin C-nin də istifadə qaydasına riayət etmədikdə, onu düzgün dozada qəbul etmədikdə, çox sərt üzünü göstərə bilər.

- Uşaqlarda qulaq ağrısının fəsadı kimi eşitmə problemlərindən danışdıq. Bəs, anadangəlmə eşitmə pozuntularının səbəbi nədir?
- Belə problemləri olan çox sayda uşağın müayinəsi nəticəsində müəyyən edilib ki, karlıq onların 20-30 faizində anadangəlmə, 70-80 faizində isə qazanılmadır. Postnatal dövrdə yaranmış ağıreşitmə və karlığın səbəbi asfiksiya ilə, beyin qan dövranının pozulmaları ilə müşayiət olunan doğuş travmalarıdır. İnfeksion xəstəliklər arasında qrip, epidemik parotit, qızılca, məxmərək, herpeslər, meninqokok meningitlər, süzənək, skarlatina, tiflər və s. ağıreşitmə pozuntularına səbəb ola bilər. Neyrosensor ağıreşitmə və karlıq 30 faiz halda infeksion mənşəlidir. 20 faizdən az halda isə etimoloji səbəb intoksikasiya olur. Ototoksik dərman preparatları – aminoqlikozid antibiotiklər (monomisin, kanamisin, neomisin və s.), streptomisin, tbc-statiklər, sitostatiklər, analgetiklər, antiaritmik preparatlar və s. eşitmə analizatoruna ziyan gətirən amillərdir. Anadangəlmə lal-karlığın isə ilk səbəblərindən biri qohum nikahları, hamiləlik dövründə ananın keçirdiyi infeksiyalar, ailə şəraiti, stresslərdir.

- Bəs, səs telləri problemləri nə ilə əlaqədar yaranır? Onların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
- Səs telləri problemləri fərqli səbəblərdən ortaya çıxa bilər. Ancaq bütün hallarda şikayətlər oxşardır – səsin batması, səs tonunun dəyişməsi və s. Soyuqdəymə nəticəsində iltihablaşma zamanı səs tellərində dəyişikliklər baş verə bilər ki, bu nisbətən asan müalicə olunur. Amma səsin düzgün olmayan istifadəsi nəticəsində səs tellərinin düyünü, polipi, kistası da eyni əlamətlərlə özünü göstərir. Hətta səs telinin iflici, xərçəng kimi daha ciddi xəstəliklərin də ilk əlaməti səs batmasıdır. Yəni şikayətlər eyni olsa da, diaqnozlar fərqlidir. Təbii ki, xəstəlikdən asılı olaraq, yanaşma və müalicə üsulları da müxtəlif olur. Normal halda insanlarda səs telləri problemlərinə 10 faiz halda rast gəlinir. Lakin sənəti, işi səsi ilə bağlı olanlarda bu göstərici 50 faizdir. Belə ki, müəllimlərdə, xanəndələrdə, tozlu mühitdə – inşaatda, sexlərdə çalışan insanlarda səs telləri ilə bağlı problemlər daha çox olur. Alkoqollu içkilər və siqaret isə səs tellərinin xərçəngi xəstəliyinə gətirib çıxara bilər.
Səsdə bir həftədən artıq davam edən dəyişiklik, səs batmaları, boğazda yad cisim hissiyyatı, bir müddət danışdıqdan sonra boğazda yorğunluq və s. olduqda həkimə müraciət edilməsi məsləhətdir.
Ümumiyyətlə isə, səs tellərində problemlər yaranmasının qarşısını almaq üçün kifayət qədər su içmək, otaqda havanı nəmləndirmək, qışqırmamaq, səs-küylü yerlərdə az danışmaq, stresdən uzaq olmaq, siqaretdən imtina etmək, düzgün yuxu rejiminə riayət etmək və s. vacibdir. İnsanlara məsləhətim odur ki, həyatlarının və sağlamlıqlarının, o cümlədən səs sağlamlığının dəyərini bilərək yaşasınlar.

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova