Açıq hökumətin təşviqi

Səhiyyə Nazirliyində bununla bağlı toplantı keçirildi
Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin də üzərinə müəyyən öhdəliklər düşür. Fəaliyyət Planının icrası üzrə 2017-ci il üçün iş planını müzakirə etmək məqsədi ilə Səhiyyə Nazirliyində toplantı keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayevanın sədrlik etdiyi toplantıda qurumun şöbə və sektor rəhbərləri acıq hökumətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələlərinə dair Səhiyyə Nazirliyinin şöbələri üzrə görülmüş işlərdən danışıblar, həmçinin qarşıdan gələn dövrdə rüblər üzrə nəzərdə tutulan tədbirləri müzakirə ediblər.
Sonda toplantı iştirakçılarına müvafiq göstəriş və tövsiyələr verilib, plandan irəli gələn bir sıra məsələlərin həlli barədə hesabat xarakterli məlumatların vaxtında toplanması tapşırılıb.
Xəbəri paylaş